Maraqlı

Dondurma yemək adamı kökəldir?

6 İyun 2015 20:34
3 Şərh     Baxış: 2 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yayın ən dadlı və sevilən qidalarından olan dondurma həm də bizi sərinlədən təamlardan biridir. İnsan sağlamlığı üçün də faydalı olan dondurmanın tərkibində protein, karbohidrat, yağ kimi maddələrlə yanaşı A, D, E, C və B qrupu vitaminlər, həmçinin maqnezium, fosfor, sodium, potasium, dəmir ve sink kimi minerallar var. Dondurmanın yalnız isti havalarda deyil, müntəzəm istifadəsi uşaqların vitamin çatışmazlığını da aradan qaldıra bilər. Ancaq əlbəttə ki, söhbət gigiyenik cəhətdən təmiz dondurmalardan gedir.
 
Milli.Az lent.az-a istinadənyerli dondurmaların gigiyenik vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayevin fikirlərini təqdim edir.
İmran Abdullayevin sözlərinə görə, yerli dondurma müəssisələrində aparılan sonuncu yoxlanışlar zamanı heç bir narahatedici faktlar aşkarlanmayıb: "Yoxlanmalar əsasən, ya sahibkarların sertifikat alması, ya fəaliyyətlərini yoxlatdırmaq üçün, ya da gələn şikayətlər əsasında aparılır. Son bir il ərzində yerli dondurma istehal sahələrində heç bir narahatedici hala rastlanmayıb".
 
Dondurma alarkən diqqətli olmağın vacibliyini vurğulayan İ.Abudullayev əriyib formasını dəyişmiş dondurmanı qətiyyən almamağı tövsiyə edir: "Dondurma alarkən ilk olaraq etiketinə və tərkibindəki inqridientlərə baxmaq mütləqdir. Dondurmanın saxlanma temperatur rejimi də vacibdir. Dondurmaların saxlanma temperaturu mənfi 16 dərəcədən yuxarı olmamalıdır. Donu açılmış dondurmanın təkrar dondurulması onda buz kristallarının əmələ gəlməsinə səbəb olur ki, bu da keyfiyyətinin aşağı düşməsi deməkdir. Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpük əlamətləri olmamalıdır. Belə dondurmaları istifadə etmək məsləhət görülmür. Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir. İstehsal tarixi qeyd olunmayan və saxlanma müddəti ötmüş dondurmaları almaqdan çəkinin".
 
İmran Abdullayev deyir ki, dondurmanın saxlanma müddəti onun kimyəvi tərkibindən, eləcə də çeşidindən asılıdır. Hazırlanmış dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 180 C-dən yüksək olmayan temperaturda saxlanmalıdır. Bu temperaturda meyvə-giləmeyvə və aromatik dondurmaları 1,5 ay, südlü dondurmanı 1 ay, qaymaqlı dondurmaları 1,5 ay, plombir dondurmasını 2 ay saxlamaq olar. Ticarət şəbəkəsində isə dondurmaları ümumilikdə mənfi 120 C-dən yüksək olmayan temperaturda 5 gün saxlamaq olar. Dondurmanın ticarət şəbəkəsində qeyd edilən müddətdən artıq saxlanması yolverilməzdir.
 
Kökəlmək problemi olan xanımlar isə kalorisinin çox olduğunu düşündükləri üçün özlərini dondurmadan məhrum edirlər. Dietoloq Məlahət Kərimova pəhriz saxlayanlar üçün dondurmanın heç bir problem yaratmadığını deyir: "Bəli, dondurma kökəldə bilər. Məlumdur ki, hər bir dondurmanın özünəxas kalorisi var. Məsələn, karamelli dondurma 265, çiyələkli 180, bananlı 225, şokoladlı 220, limonlu 160, qarışıq 200-250, sadə dondurmalarda kalori miqdarı 150-200 arasında dəyişir. Təbii ki, sadə dondurma üzərinə şokolad sousu, ya yerfındığı qatıb yesək, tərkibindəki yağ turşularının miqdarı artacaq, eyni zamanda daha çox kalori qazandırmış olacaq".
 
M. Kərimovanın sözlərinə görə, pəhriz saxlayarkən dondurma yeməkdə heç bir problem yoxdur, sadəcə yeyilən digər qidaların miqdarına diqqət etmək lazımdır: "Gün ərzində iki porsdan çox dondurma yemək olmaz. Pəhriz saxlayan xanımlara da əsasən "light" dondurma yemək tövsiyə edilir. Gündə bir, ya iki dəfə yeyilməsi məsləhətdir. Dondurma yeyərək pəhriz saxlayan xanımlar qida menyusundan düyünü, çörəyi çıxarmalıdır. Bir gün ərzində 1 qab dondurma yeyirsizsə, şirniyyatdan uzaq durun. Bir qab dondurma 1 dilim çörək+1 stəkan süd +1 ədəd meyvə kalorisinə bərabərdir".
 
M.Kərimova onu da qeyd edib ki, tərkibində 28 qram karbohidrat, 13 qram zülal və 14 qram yağ olan dondurma süd məhsulu olduğundan eyni zamanda bol kalsiumla zəngindir və bu baxımdan faydalı sayılır. Zərərləri ondan ibarətdir ki, dondurma yedikdən sonra susuzluq hiss etdiyimizdən ya çay, ya da su içirik. Dondurmadan sonra isti, ya soyuq fərq etməz, nəsə içmək mədəyə problem yaradır.
 
Dondurma yeyərkən kökəlməmək üçün bunlara diqqət etməlisiz:
 
- Həftədə 2 porsdan çox dondurma yeməyin
 
- Dondurmanı tox qarına yeməyin
 
- Təmiz süddən hazırlanmış dondurmanı ayran, qatıq, süd kimi ara qəlyanaltılarının əvəzinə yeyə bilərsiz
 
- Dondurma yeyəndən sonra üzərində soyuq su içməyin
 
- Boğazın həssalığını qorumaq üçün dondurma yedikdən sonra 1 fincan ilıq su içə bilərsiz
 
M.Kərimova onu da bildirib ki, uşaqların dondurmanı 6 yaşdan sonra yemesi daha yaxşı olar. Bundan başqa uşaqlara dondurmanın əsasən kokteyl şəklində verilməsi daha çox tövsiyə edilir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.