Kumandin türkləri mahir ovçular sayılırdılar və onlar hətta ayı ilə əlbəyaxa döyüşə girməkdən belə çəkinmirdilər.
Ayının dərisindən müxtəlif məqsədlər, o cümlədən döşək, yorğan əvəzi kimi istifadə edir, hətta ondan dəri kürk belə hazırlayırdılar. Ayını ən çox qışın soyuğunda, onun qış yuxusuna getdiyi vaxt, dekabr ayında ovlayırdılar. Ova getməzdən əvvəl kumandinlilər tayqada kiçik bir koma hazırlayır, orada "tayqa sahibi" üçün arpadan hazırlanan yemək qoyurdular. Axşam onlar komaya daxil olaraq yemək yeyir, sonra müxtəlif nağıllar danışırdılar. Kumandin ovçuları belə hesab edirdilər ki, əgər nağıllar tayqa sahibinin xoşuna gəlsə, onda ovları uğurlu keçəcək. Kumandinlilər yazda, aprel ayında qəşən dərisi olan gəmirci heyvan-burunduk, yayda isə marmot (gəmiricilər dəstəsindən olan və yeraltı yuvalarda yaşayan kiçik heyvan) ovlayırdılar. Bundan əlavə, onlar çaylardan və göllərdən balıq tuturdular. Kumandinlilərin məişətində meşədən sidr qozasının yığılması da xüsusi əhəmiyyət daşıyırdı. Kumandinlilər tərəfindən "pasak" adlandırılan alətlə sidr qozası təmizlənirdi.
Buna paralel olaraq, kumandinlilər həmçinin arıçılıqla da məşğul olurdular. Onlar vəhşi bal arılarının yuvalarını tayqada axtarıb tapır, xüsusi yolla onları əvvəlcədən hazırlanan arı qutularına yığırdılar.
Kumandinlilər həm də ağcadan müxtəlif məmulatlar hazırlamaqla məşhur idilər. Xüsusilə, ağacqayından müxtəlif təyinatlı qab-qacaq, yemək qabı, qaşıq, həmçinin yaba, bel hazırlayırdılar. Ağacdan yemək qabı hazırlayarkən ağcaqayının kökündən istifadə edirdilər. Ağcaqayının kökündən hazırlanan yemək qabı və ya ağac-stəkan ən qaynar suya belə davam gətirir, çat vermirdi. Ağcaqayın Kumandin türkləri tərəfindən yerləri və göyləri birləşdirən müqəddəs ağaclardan hesab edilirdi. Bundan əlavə, yayda toz ağacından müxtəlif qab-qacaq, o cümlədən təsərrüfatda istifadə edilən alətlər hazırlayırdılar.
19-cu əsrin birinci yarısına kimi Kumandin türklərinin əsas yaşayış evi yeraltı qazmalar hesab edilirdi. Yayda isə yeraltı qazmaları 4 və altıkünclü alaçıqlar (yurtlar) əvəz edirdi. Alaçıqların üzəri soyuq keçirməyən dərilərlə örtülürdü. Kumandin türklərinin yaşayış evlərini tədqiq edən V. İ. Verbitski yazırdı ki, bu alaçıqlarda tavan və əsl peç yox idi. Verbitskinin yazdığına görə, alaçıqlarda qonaqlar üçün ön hissədə yer ayrılmışdı. Alaçığın sağ tərəfi ailə üçün nəzərdə tutulmuşdu və oraya ailə üzvlərindən başqa, heç kim daxil ola bilməzdi. Əgər ailədə oğlan uşağı, ailə başçısının bacısı və ya anası var idisə, onda onlar alaçığın sol hissəsindəki otaqda yaşayırdılar.
Folklor və mif
Kumandin türklərinin özlərinəməxsus mifoloji dünyagörüşü və folkloru var. Kumandinlilərin xalq yaradıcılığı yaxşı öyrənilməyib. Bununla belə, nağıl və epik (kay) əsərlər, sehrli nağıllar (çorçok) danışan kayçilər və şor adlanan musiqi alətində çalan şorçular Kumandin türkləri arasında məşhurdurlar. Kumandinlilər də digər Altay və Sibir türkləri kimi dünyanı göylərdə yaşayan müqəddəs ruhların idarə etdiklərini düşünürlər. Onların mifik dünyagörüşündə Bay-Ulgen müqəddəs ruh hesab edilir. Kumandin türklərinin mifik dünyagörüşlərinə görə, məhz Bay-Ulgen insanlara şamanlıq xüsusiyyəti bəxş edir. Kumandin mifində deyilir ki, şaman guya müqəddəs Ulgenin qızı ilə evlənib və onlardan kəkələyən Keley, çox böyük boya malik Koço və axsaq Qurultay adlı övladlar əmələ gəlib. Kumandin mifinə görə, Qurultaydan törəyənlər məşhur dəmirçilər və şamanlar olurlar. Kumandin türklərində müqəddəs ruhlara at qurbanı kəsmək adəti də geniş yayılıb.
Kumandin türkləri məhsul yığımından sonra "Koça-kana" adlı bayram da keçirirdilər. Kumandin türkləri belə hesab edirdilər ki, bu bayramdan sonra yazda onların ailələrində və heyvanlarında bərəkət olacaq , heyvanlarının və uşaqlarının sayı artacaq, hər yerdə bolluq olacaq.
Kumandin türkləri günümüzdə
Kumandin türklərinin bu-günkü durumu, məişət həyatı, təbii ki, keçmişdəkindən ciddi şəkildə fərqlənir. Onlar hazırda daha çox müasir, inkişaf etmiş xalq təsiri bağışlayırlar. Lakin Kumandin türklərinin sayında ildən-ilə azalma müşahidə olunur. Buna da səbəb onların dillərini itirərək sürətlə assimilyasiyaya məruz qalmalarıdır.
Günümüzdə Kumandin türkləri Altay ölkəsində, Altay Respublikasında və Kemerovo (Kəməroba) vilayətində yaşayırlar. Ümumi sayları 3200 nəfərdir. 2002-ci ildə keçirilən siyahıyaalma zamanı adıçəkilən ərazilərdə 3114 nəfər Kumandin türkünün yaşadığı məlum olub. Onlardan 1663 nəfəri Altay ölkəsində, 931 nəfəri Altay Respublikasında, 294 nəfəri isə Kemerovo vilayətində yaşayır. 226 nəfər Kumandin türkü isə Rusiyanın müxtəlif regionlarında yaşayır. Qeyd etdiyimiz kimi, Kumandin türkləri özlərini kıumandı, kıubandı, kıuyandı və ya kıuvandıq adlandırırlar. İlk dəfə adları ayrı xalq kimi 1926-cı ildə keçirilən siyahıyaalma zamanı qeyd edilib. Həmin dövrdə Rusiya ərazisində 6327 nəfər Kumandin türkü yaşayırdı. Onların 4948 nəfəri Biysk dairəsində, 1384 nəfəri Oyrat Muxtar Vilayətində (indiki Altay Respublikası) yaşayırdı. Amma sonrakı dövrlərdə keçirilən siyahıyaalma zamanı Kumandin türkləri altaylıların tərkibinə daxil edildi. Yalnız 2000-ci il mart ayının 24-də Rusiya Federasiyası hökumətinin qəbul etdiyi 255 saylı qərarı ilə Kumandin türklərinin adı azsaylı xalqlar sırasına daxil edildi. Buna əsasən, 2002-ci ildə Rusiyada keçirilən seçkilər zamanı onlar Kumandin türkləri adı altında qeydə alındılar.
Kumandinlilər arasında ruslarla nikaha girmək kifayət qədər yüksəkdir və bu artıq adət-ənənə halını alıb. Gənclərin 70 faizi rus qadınlarla evlənir və bu da onların milli-etnik köklərindən daha da uzaq düşməsinə və dillərini tamamilə itirməsinə aparır.
Kumandin türkləri buna baxmayaraq, öz keçmiş adət-ənənələrini də qoruyub saxlamağa cəhd edirlər. Məsələn, Altay ölkəsinin Krasnoqorsk rayonunda yaşayan Kumandin türkləri hər ilin dekabr ayının 13-də keçirilən "Altay qışı" bayramında iştirak edirlər. Onlar bayramda milli geyimlərini, milli yeməklərini nümayiş etdirirlər. Bundan əlavə, Kumandin türkləri hər ilin avqust ayında təşkil edilən beynəlxalq azsaylı xalqlar bayramında da yaxından iştirak edirlər.
Kumandin türklərinin dilində ilk əlifba 1933-cü ildə yaradılıb. "Kumandin-bukvar" adlandırılan bu əlifba latın hərfləri əsasında hazırlanmışdı və onun müəllifləri N. Kalanakov və K. Filatov idilər Amma sonra bu işin üstünə düşən olmadı və "Kumandin dili" dərslik kimi yerli əhali arasında keçilmədi
2005-ci ildə Kumandin uşaqları üçün "Azbuka Kumandin" əlifbası nəşr edildi. Bu kitaba Kumandin atalar sözləri, tapmacalar, zərb-məsəllər də daxil edilib. Bundan əlavə, Kumandin dili Biysk şəhərindəki 15 və 31 saylı məktəblərdə keçilir. Amma buna baxmayaraq, kumandinlilər arasında bu dili bilənlərin sayı azalmaqda davam edir. Qeyd edək ki, SSRİ dağılandan sonra 1993-cü ildə "Kumandin xalqının dirçəldilməsi cəmiyyəti" yaradılıb. Bu cəmiyyət Kumandin xalqının milli varlığını qoruyub saxlamağa az da olsa yardım etməyə cəhd edir. Lakin assimilyasiya və ruslaşma prosesinin sürətlə davam etməsi Kumandin türklərinin milli varlıqlarını qoruyub saxlaması yolunda ciddi əngələ çevrilib. Belə getsə, onlar yaxın onilliklərdə tarixin səhnəsindən tamamilə yox olub gedəcəklər.
"Zaman Azərbaycan"