Milli.Az kult.az-a istinadən Dürrə Həsənin yazısını təqdim edir.
Sarı gəlin - Azərbaycanın qədim tarixə malik, kökü keçmişə dayanan xalq mahnısı.
Elə mahnı var ki, kəpənək kimi bir günlük ömrü olur, ancaq elə mahnı da var ki, illərlə deyil, əsrlərlə yaddaşlardan silinmir. Belə mahnılardan biri də Azərbaycan musiqisinin şah əsəri, uşaqdan-böyüyə hər kəsin dillər əzbərinə çevrilən "Sarı gəlin" mahnısıdır. "Sarı gəlin" bir çox dünya dövlətlərinin "bizimdir" deyə iddia etdiyi mahnılardandır. Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstanın ortaq mədəniyyət nümunəsi hesab olunan mahnının tarixi barədə dəqiq fikir bildirmək çətindir. Hər ölkənin özünəməxsus iddiaları var. Hansı ki, onlar da özlərini bu tip iddialarda haqlı hesab edirlər.
Araşdırması illərdir davam edən bu milli musiqinin yaranması barədə bir sıra versiyalar var. Tarixi mənbələrdə göstərilir ki "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ - VII əsrin əvvəllərinə gedib çıxır, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər və mahnı zamanla formalaşaraq günümüzə gəlib çatıb. İntonasiyasına görə də, "Sarı gəlin" mahnısı çox arxaikdir - üç-dörd notun üzərində qurulub. Deyilənə görə, o vaxt qıza elçiliyə gedəndə qızın anasının yox, nənənin yanına gələrdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri "səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin" deyə belə bir musiqi yaradıb.
Başqa bir versiyada deyilir ki, ruslar XIX əsrin 20-30-cu illərində Osmanlı torpaqlarına girərək Ərzuruma qədər əraziləri zəbt ediblər. Rəvayətlərə görə, bu illərdə türk qoşununun başçılarından biri slavyan gözəlinə aşiq olub və "Sarı gəlin" adlı şeir yazıb. Sonra ona musiqi həyatı verilib.
Bəzi musiqiçilərin fikrincə, "Sarı gəlin"in söz və musiqisi XVI əsrin məşhur dövlət xadimi, sərkərdə və şairi Şah İsmayıl Xətaiyə məxsusdur. Belə rəvayət olunur ki, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən orada sarı rəngli libasda bir qız onun diqqətini çəkib. O andaca Xətai belə bir əsər yazıb.
Bir çox araşdırmaçının dəstəklədiyi versiya isə bir qədər fərqlidir. Alimlər qeyd edirlər ki, "sarı" sözü təhrif olunub. Belə ki, əslində, mahnının adındakı "sarı", "Sara" adının təhrif variantıdır. "Sarı gəlin" mahnısından sonra mətn-mənaca ona bağlı, onun davamı olan başqa bir mahnı - "Apardı sellər Saranı" meydana gəlib.
"Apardı sellər Saranı" mahnısından bir müddət sonra isə "Sarı gəlin" yallısı yaranır. Hətta güman var ki, bu şeiri yazan şair, yaxud xalq üslubunda şeir deyə bilən şəxs kasıb çoban olub. İmkanlı ailənin çox gözəl bir qızını sevib. Özü də bilə-bilə ki, bu sevdadan bir şey çıxmayacaq, məhəbbətindən də əl götürə bilmirmiş. Özü-özünə təskinlik vermək üçün qoyun otara-otara bu bayatını düzüb-qoşaraq tütəklə zümzümə edərmiş. Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"in milli variantı belədir:
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin.
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin.
Bu sevda nə sevdadır?
Səni mənə verməzlər,
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin.
Bu sevda nə sevdadır?!
Səni mənə verməzlər,
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin.
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu,
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu.
Gün ola, mən bir görəydim
Nazlı yarımın üzünü,
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin.
Gün ola, mən bir görəydim
Nazlı yarımın üzünü,
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin.
Türkiyədə isə "Sarı gəlin" türküsü kimi tanınan bu mahnı haqqında yazılanlar heç də az deyil. Məşhur türk musiqiçisi Yavuz Bingöl bu mövzu haqqında yazır: "Əsərin musiqi üslubuna diqqət etsək, bunun bir türk nümunəsi olduğunu bilmək heç də çətin deyil. Anadolu türklərinə məxsus olan bu türkünün, sözləri və musiqi ritminə görə mübahisəsiz Ərzurum türküsü olduğu bilinir. Folklor araşdırmalarına görə, Cənubi Anadoluda da bu ada bənzər bəzi əsərlərə rast gəlinib. Amma bu elmi baxımdan tam təsdiqini tapmayıb.
Aparılan araşdırmalar sırasında nə "Sarı gəlin" mahnısının, nə də ona bənzər variantların ermənilərlə uzaqdan-yaxından heç bir əlaqəsinin olmadığı ortaya qoyulub. Buna görə də türkünün ermənilərə aid edilməsi kimi iddialar heç bir dəlil və sübutu olmayan, sadəcə, duyğusal bir bəyanatdan başqa bir şey deyildir. Üzərində əhəmiyyətlə dayanılması vacib olan məqamlardan biri də türkünün sözləri və orda işlənən ifadə və məkan adlarıdır. Ermənilərlə çox uzun zaman bu bölgədə birlikdə yaşamağımız tarixi həqiqət olsa da, mahnıdakı sözlərin ermənilərlə heç bir əlaqəsi yoxdur. "Vay nenen ölsün sarı gelin" nəqarəti bu gerçəyin sübutlarındandır. Çünki erməni ləhcəsində bu ifadələr işlədilmir. "Sarı gəlin" üçün nəzərdə tutulan ən doğru variant isə "Erzurum çarşı pazar" deyə başlayan mahnıdır".
SARI GELİN (tərcümə)
Ərzurum çarşı bazar neylim aman aman
Neylim aman aman neylim aman aman sarı gəlin.
İçində bir qız gəzər ay nenen ölsün sarı gəlin aman
Sarı gəlin aman sarı gəlin aman təqdim edə yarım.
Ərzurumda bir quş var neylim aman aman
Neylim aman aman neylim aman aman sarı gəlin.
Qanadında gümüş var ay nenen ölsün sarı gəlin aman
Sarı gəlin aman sarı gəlin aman təqdim edə yarım.
Əlində divit qələm neylim aman aman
Neylim aman aman neylim aman aman sarı gəlin.
Qətlimə fərman yazar ay nenen ölsün sarı gəlin aman
Sarı gəlin aman sarı gəlin aman təqdim edə yarım.
Palan tökən gözəl dağ neylim aman aman
Neylim aman aman neylim aman aman sarı gəlin.
Altı bənövşəyi sünbüllü bağ ay nenen ölsün sarı gəlin aman
Sarı gəlin aman sarı gəlin aman təqdim edə yarım.
Verməm səni əllərə neylim aman aman
Neylim aman aman neylim aman aman sarı gəlin.
Nə qədərki bu halımsa ay nenen ölsün sarı gəlin aman
Sarı gəlin aman sarı gəlin aman təqdim edə yarım
Ermənilər bu mövzuda da özlərinə tarix yazmağa çalışırlar. Ölkədə bu musiqi iki "Sarı Aghjik" və "Sarı gəlin" variantlarında təqdim olunub. Ermənilərin iddiasına görə erməni xalq mahnısıdır. Belə ehtimal olunur ki, türk generalı və erməni qızın sonu olmayan məhəbbətindən bəhs edilir. Ermənilərin araşdırmaları daha çox erməni əsilli jurnalistlərin bu mahnı haqqında iddialarına əsaslanır, halbuki bu jurnalistlərin heç birinin bu mövzu haqqında rəsmi araşdırmalarına rast gəlinmir. Həmin jurnalistlər sırasında Səlami Yolçuel, Əhməd Atitürk, İbrahim Karahan, Murat Ərtaşın adlarını çəkmək olar. "Sarı Aghjik" variantının sözləri isə belədir.
"Sarı Aghjik" (tərcümə)
Mən gül sevdim, kola çevrildi,
Mənim qəlbim yaman (x3)
O, gedib başqası seçdi,
Ah! Anan ölsün!
Sən dağlar qızı, oy oy,
Sən daşlar qızı, oy oy,
Sən daş ürəkli qız.
O, gedib başqası seçdi,
Mənim qəlbim yaman,
Mənim ürək yaman! Leyli əziz sevgili (fars-erməni)
Körpə qəlbimə mərhəmət edin
Mənim halım yaman! (x3)
Yarama duz basmayın
Ah! Anan ölsün!
Sən dağlar qızı, oy oy,
Sən daşlar qızı, oy oy,
Sən daş ürəkli qız.
Yarama duz basmayın.
Mənim ürək yaman! Leyli əziz sevgili (fars-erməni)
Sinəsindən oxlanmış maralam,
Mənim halım yaman! (x3)
Fikrimin, düşüncəmin hakimisən.
Ah! Anan ölsün!
Sən dağlar qızı, oy oy,
Sən daşlar qızı, oy oy,
Sən daş ürəkli qız.
Fikrimin, düşüncəmin hakimisən.
Mənim ürək yaman! Leyli əziz sevgili. (fars-erməni)
Əslində, bu mahnı həm sözlərinə, həm də bədii estetikasına görə xalqların diqqət mərkəzində olub deyə, hər kəs bu mahnının sözlərində və musiqi janrında öz millətinə xas olan cəhətlər axtarmağa çalışır. Müxtəlif illərdə mətbuat orqanlarda bu mahnının tarixinə dair bir sıra maraqlı iddialara rast gəlinib.
"Hürriyet" qəzeti 2010-cu ildə Azərbaycanın bu mövzu haqqında münasibətini belə bildirir. Mətbuatda yazılır ki, "Azərbaycan səfirliyinin iddiasına görə, erməni dilində "sarı" və "gəlin" kəlmələri yoxdur. Biz isə iki-üç yüz ildir ki, bu sözlərdən istifadə edirik. Amma millət vəkili Yılmaz Qaraqoyunlu bu mahnını ermənilərinki kimi təqdim etdi".
Mahnının daha çox Ərzuruma aid olduğu iddia edildiyi üçün həmin yerin sakinlərinin də fikirləri mətbuatda dərc olunub. Türkü ilə bağlı mübahisələrə qatılan ərzurumlu belə bir iddia etdi: "Sarı gəlin" erməni qızıdır. Mahnı bir gəncin bu qıza olan sevgisinin nəğməsidir. Eyni zamanda mahnının tarixi Qurtuluş müharibəsi illərinə dayanır ".
Türk millət vəkilinin ermənilərə haqsızlıq edildiyi barədə söhbətləri bir müddət medianın gündəmindən düşmədi. Millət vəkili deyir: "Sarı gyalin anbele pare pare..." Erməni dilində "sarı" sözü "dağlı" mənasındadır. Və bu mahnıda "dağlı gəlin" anlamındadır. Ermənilərin Ərzurumdan gedərkən bu türkünü də özləri ilə aparması təbii haldır".
"Milliyet" qəzetində 2001-cu il buraxılışlarının birində bu barədə belə yazılır: Yavuz Bingölün və Yeşim Salkımın bu mahnının filmə köçürülməsi erməni düşmənliyinə bayraq qaldıracaq".
"Qıpçaqların gözəl, sarışın, mavi gözlü və yaraşıqlı olduqları barədə bir çox qaynaqlarda məlumat verilib. Hətta dahi şair Nizami Gəncəvinin "İsgəndərnamə" poemasında qıpçaq gözəli anlayışı keçərlidir. Hətta şairin həyat yoldaşı Afaq da Dərbəndli qıpçaq gözəli idi. Afaqın gözəlliyi şairi çox təsirləndirib və o da əsərlərində obraz kimi onu canlandırıb". Bu kimi fikirlər Məhəmməd Əmin Rəsulzadənin 1951-ci ildə Ankarada dərc olunan "Azərbaycan şairi Nizami" adlı əsərində məlumat verilib. Türkiyə mətbuatında Sarı gəlinin qıpçaq qızı olması ilə bağlı iddialar da var.
2010-cu ildə dərc olunan gürcü tarixindən bəhs edən "Berdzenişvili-Canaşia" adlı kitabda isə Sarı gəlinin qıpçaqların hücumu zamanı əsir düşən gürcü qızı Tamara olduğu iddia edilir.
Bu əfsanədə baş verən hadisələrin baş verdiyi ərazi gürcü tarixi qaynaqlarına görə Bana kimi tanınan Pənək şəhəridir. Bu şəhər bir zamanlar "hökmdar şəhəri" kimi tanınıb. Hətta Dədə Qorqud Oğuznamələrində "Ban Hisarı" deyilən ərazi də bu yerdir. Bu fikirlər isə 2000-ci ildə dərc olunan M.Fəxrəddin Kırzoğlunun araşdırmalarında yer alır.
"Əfsanələr səbəbi və qaynağı bilinməyən, bir çox hadisənin izahında meydana gələn hadisələrdir. Bir folklorşünasın dediyi kimi - əfsanələr xəyallarda doğular, könüllərdə bəslənər, dodaqlarda və qələmlərdə yaşayar. Amma zamanla yeni ünsürlər alar və böyüyər. Əfsanənin məkanı yoxdur. Bu cür parçalanmalar və haçalanmış fikirlərin olması da təbiidir". (Önder-1955: 6).
Əməkdar jurnalist Hikmət Babaoğlunun "Sarı Gəlin" mahnısı haqqında araşdırması "Türkiyə Haber Ajansı" portalında dərc olunub.
Azərbaycanda 1998-ci ildə "Sarı gəlin" adlı film çəkildi. Ssenari müəllifi və rejissoru Yavər Rzayev olan filmdə Hacı İsmayılov, Cahangir Novruzov, Münəvvər Əliyeva, Ramiz Novruzov, Fərman Abdullayev, Muxtar Maniyev, Muxtar Avşarov kimi aktyor və aktrisalar iştirak ediblər. Həmin film 1999-cu ildə Anapada (Rusiya) Beynəlxalq "Kinoşok" kinofestivalında "Ən yaxşı kinossenariyə görə" Baş Prizi mükafatına layiq görülüb. 2000-ci ildə isə Karlovı-Varıda (Çexiya) Beynəlxalq kinofestivalda iştirak edib və mükafat qazanıb.
Qədim türk əlyazmaları, o cümlədən, qədim türk adətləri və böyük yazıçı-dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" əsərində öz əksini tapmış hadisələrdən götürülmüş faktlar əsasında aparılan araşdırmlar bu mahnının Azərbaycan ərazisində yaşayan qədim qıpçaq türk tayfalarına məxsus olduğunu üzə çıxarır.
Tarixi daha da qədim dövrlərə dayandıqca bu sadaladığımız versiyaların sayı hələ çox artacaq. Ancaq əsas fakt odur ki, bu mahnı janrı, dili və ifa tərzinə görə bizim musiqi mədəniyyətimizin ən nümunəvi göstəricisidir.
Milli.Az