Maraqlı

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

8 Avqust 2026 04:04
Baxış: 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Konyanın Karatay rayonunun Esentepe məhəlləsində əkinçiliklə məşğul olan Timur və Handan Bulut cütlüyü sosial şəbəkələr vasitəsilə əlaqə qurduqları ailələri "kənd oteli" adlandırdıqları təsərrüfatlarında qonaq edir, qarşılığında gündəlik işlərdə dəstək alırlar.

Milli.Az xəbər verir ki, 37 yaşlı Timur Bulut Konyada işlətdiyi unlu məmulatlar dükanını Kovid-19 pandemiyası dövründə bağlayaraq babasının Esentepe məhəbbəsindəki təsərrüfatına köçüb.

İlk illərdə heyvandarlıqla məşğul olan Bulut sonradan əkinçiliyə yönələrək buğda, günəbaxan, kök və kartof kimi məhsullar yetişdirib.

Təsərrüfata gələn dostlarının qalması üçün bir otaq, salon və mətbəxdən ibarət kiçik və sadə bir ev tikən Bulut iki il əvvəl Handan Bulut ilə evləndikdən sonra sosial şəbəkədən tanış olduğu ailələri "kənd oteli" adlandırdıqları bu evdə qonaq etməyə başlayıb.
Təsərrüfatdakı işlər üçün əkin-biçin mövsümlərində 7-8 işçi işlədən cütlük kənd həyatını və əkinçiliyi təcrübədən keçirmək istəyən ailələri təsərrüfatda qəbul edir.

Sosial şəbəkə üzərindən rezervasiya götürən Bulut ailəsi 2-3 gün qonaq etdikləri ailələrdən yerləşmə, yemək-içmək haqqı tələb etmir, əvəzində təsərrüfatda görülməli olan işlər üçün dəstək alırlar.
Bulut cütlüyü təsərrüfatdakı yerləşmə imkanına görə 2-3 günlük dövrlərdə ən çox bir ailə qəbul edir.

Timur Bulut 2020-ci ildə köçdüyü təsərrüfatda əvvəlcə heyvandarlıq etdiyini, buradakı gündəlik işlərini videoya çəkərək sosial şəbəkədə paylaşdığını danışıb.
Özünə müraciət edən izləyicilərinin təsərrüfatı görmək və heyvanlarla vaxt keçirmək istədiyini izah edən Bulut bu tələblər üzrə qonaqların qala biləcəyi bir ev tikdirdiyini söyləyib.

Bulut 2024-cü ildə Handan Bulut ilə evləndiklərini və təsərrüfatda yaşamağa davam etdiklərini bildirərək bunları qeyd edib:

"Təsərrüfatımızda bizim qaldığımız kiçik bir ev var. Bir də qonaqlarımız üçün 'kənd oteli' dediyimiz 1 yataq otağı, 1 qonaq otağı və mətbəxi olan bir evimiz var. Torpağa toxunmaq istəyən insanları 'kənd oteli'ndə qonaq edirik. Bizimlə 2-3 gün kənd həyatını, torpağı, əkinçiliyi təcrübədən keçirirlər. Biz onlardan hər hansı bir ödəniş tələb etmirik. Ödənişini bağımızda, tarlamızda tökdükləri alın təri ilə ödəyirlər. Biz də onlara iş performansına görə yemək menyusu təyin edirik. Əgər iş performansları yaxşıdırsa, o zaman Handanın o mükəmməl yeməklərindən, restoran təcrübəsindən faydalanırlar. Yeməkləri qonaqlarımızla ailə kimi birlikdə yeyirik."

Qonaqların təsərrüfatda mövsümə görə bəzən toxum əkdiklərini, bəzən alaq otlarını təmizlədiklərini deyən Bulut həmin dövrdə nə iş varsa birlikdə gördüklərini dilə gətirib.
Gələn qonaqlarla dostluq qurduqlarını ifadə edən Bulut "O bir neçə gün əslində bizə bir neçə ay kimi gəlir, çünki dolu-dolu vaxt keçiririk. Sağollaşarkən kədərlənirik, çünki birlikdə gözəl anlar toplayırıq. Süfrəmizi bölüşürük, yeməyimizi yeyirik, birlikdə vaxt keçiririk, tarlada işləyirik, eyni zamanda çəkilişlər edirik və bu da bizə Türkiyənin hər yerindən dost qazanmağımıza bir vəsilə olur. Bir çox insan tanıyırıq," ifadələrini işlədib.

32 yaşlı Handan Bulut da Mersində kafe, restoran idarəçiliyi etdiyini, evləndikdən sonra təsərrüfata köçdüyünü danışıb.

Şəhər həyatının qarışıqlığından yorulduğunu bildirən Bulut evlənib təsərrüfata köçmə fikri ilə həyəcanlandığını, 2 ildir həyat yoldaşı ilə tarla və bağ işləri gördüklərini söyləyib.

Gələn qonaqlardan heç bir ödəniş almadıqlarını ifadə edən Handan Bulut, "Təsərrüfatın ətrafını da yaşıllaşdırmaq istəyirik. Evimizin arxasında 8 dönümlük bizə aid bir ərazi var. Gələn qonaqlarımızın bura bir meyvə tingi gətirməsini, bağışlamasını istəyirik. 'Burada da əkilmiş bir ağacım var' deyə bilsinlər. Bu il gəldi tingini gətirdi, gələn il bəlkə bir daha meyvəsini toplamağa gəlsin istəyirik. Ətrafımızı da gözəlləşdirmək istəyirik," deyə bildirib.

Adənadan ailəsi ilə gələn Yusif Qoştur illik məzuniyyətini dəyərləndirmək üçün təsərrüfata gəldiyini ifadə edərək, "Sosial şəbəkədən əlaqə saxladıq. Sakin bir həyatdır. Çox razı qaldıq, bəyəndik. Marağı olanlara tövsiyə edirəm, stres atmaq üçün gözəl olur," deyib.

Ayşə Qoştur da "Uşaqlar betondan ibarət binaların arasında yaşadıqları üçün burada torpaqla qovuşsunlar istədik. Onsuz da buranın məqsədi də insanla torpağı qovuşdurmaqdır. Timur bəyin etdiyi çox gözəl bir şeydir. Digər övladlarımı gətirə bilmədim. Kiçik oğlumla gəldik, bəzi şeyləri öz əli ilə yığması çox xoşumuza gəlir. Bağdan öz əlimizlə balqabaq, xiyar, bibər toplamışıq. Onlarla səhər yeməyi hazırlamışıq," ifadələrini işlədib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.