ABŞ-nin Stanford Universitetində aparılan yeni bir araşdırma yaşlanmanın tədricən deyil, iki böyük dalğa halında baş verdiyini sübut edib. Elm adamları molekulyar səviyyədə ən kəskin dəyişikliklərin məhz 44 və 60 yaşlarında yaşandığını aşkar ediblər.
Milli.Az xəbər verir ki, tədqiqat çərçivəsində 25-81 yaş arası 108 könüllüdən alınan bioloji nümunələr (qan, nəcis, dəri və burun yaxmaları) illərlə izlənilib. Məlum olub ki, bədənimizdəki molekulların və mikrobların 81%-i sabit şəkildə dəyişmir, əksinə müəyyən yaşlarda kəskin transformasiyaya uğrayır.
Bir çox insan yaşlanma əlamətlərini 50 yaşdan sonra gözləsə də, ilk ciddi molekulyar dəyişiklik 40-cı illərin ortalarında baş verir.
Maddələr mübadiləsi (xüsusilə spirt və piylərin emalı), ürək-damar sağlamlığı və əzələ-sümük sistemi ilə bağlı molekullarda kəskin azalma müşahidə olunur.
Əvvəllər bu dəyişikliyin qadınlarda menopauza ilə bağlı olduğu düşünülürdü, lakin araşdırma eyni prosesin kişilərdə də eyni yaşda baş verdiyini göstərib.
İkinci və daha kəskin keçid 60 yaşında qeydə alınır.
İmmun sisteminin zəifləməsi, karbohidrat mübadiləsinin pozulması və böyrək funksiyalarında dəyişikliklər bu dövrdə zirvəyə çatır.
Alzheymer və ürək-damar xəstəlikləri kimi yaşla bağlı problemlərin məhz 60 yaşdan sonra kəskin artmasının səbəbi bu molekulyar dalğadır.
Araşdırma rəhbəri professor Michael Snyder bildirir ki, bu kritik yaş dövrlərindən əvvəl həyat tərzini dəyişmək çox vacibdir:
- 40-cı illərdə spirtli içkiləri azaltmaq və idmana daha çox vaxt ayırmaq;
- 60-cı illərdə şəkər qəbuluna diqqət etmək və immun sistemini gücləndirmək;
- Kifayət qədər su içmək (xüsusilə böyrək funksiyaları üçün).
Lalə Qüdrətova
Milli.Az





