Maraqlı

Entoni Hopkins: "Bu film mənim həyatımı xilas etdi"

27 Fevral 2023 23:37
Baxış: 925
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 23-də "Oğul" kinodramının premyerası baş tutdu. Möhtəşəm oyunçuluğu ilə hər zaman tamaşaçıları heyran qoyan Entoni Hopkins təqdimat mərasimində jurnalistlərin müxtəlif suallarını cavablandırıb.

Milli.Az lent.az-a istinadən həmin müsahibəni təqdim edir.

- Ən böyük qorxunuz nədir?

- Qorxularımı dəf etmək üçün onlardan qaçmıram, əksinə qorxularımın üstünə gedirəm.

- Sizcə hər arzunun reallaşmaq şansı var?

- Əgər arzularınızı dilə gətirsəniz, səsli şəkildə ifadə etsəniz, mütləq reallaşacaq.

- Sizi eqoist aktyor hesab edirlər. Bu belədir?

- Özünə qiymət verməmək eqoizmin tərs üzüdür. Hesab edirəm ki, narsistlik müəyyən səviyyədə hər kəsə lazımdır. Bu şəxsin özünü yetişdirməsi, irəli addımlaması üçün lazımdır. İnsan öz qiymətini bilməli, buna əmin olmalıdır.

 - 85 yaşınızda keçmişə dair nəyin peşmanlığını yaşayırsınız?

- Həyatım boyu həqiqəti aradım, buna itirdiyim zamana peşmanam. Həqiqət budur ki, həqiqət yoxdur. Suallar vermədən həyatın dadını çıxarmağa çalışın. Həyat oyundur. Heç nə istəmə, gözləmə və hər şeyi sakit qəbul elə.

- Karyeranıza son verməyi, istirahətə getməyi düşünürsünüz?

- İş mənim üçün vacibdir. Mən işləmədən də ömrümü sakit başa vura bilərəm. Maddi ehtiyatlarım buna imkan verir. Amma bunu etsəm, dəli olardım. Pensiyaya çıxan adamlar tez ölürlər. Buna görə pensiyaya getməyi düşünmürəm. Cavan xanımım var, qaçıram, idman zallarında məşq edirəm. Yaddaşımı itirib, replikalarımı deməyi unudanda pensiyaya çıxacam.

- Teatr yoxsa kino?

- Teatrı sevmirəm, kino mənim üçün daha önəmlidir. Məni Şekspir və onun saçma düşüncələri, qəhrəmanları maraqlandırmır. Zamanında mən də Hamleti oynamışam, amma bu da zaman itkisiydi, sənət deyildi.
Hamı məni klassik ingilis hesab edir, bəli ingilisəm, amma Kaliforniyanı, Hollivud həyat tərzini sevirəm. Kimsə haqqımda fərqli düşünə bilər, bəlkə dediklərim onu məyus edəcək. Amma mən varlı həyat yaşamağı sevirəm.
Mən rollarımı ifa edərkən oyun texnikasını düşünmürəm, sadəcə rolumu oynayıram. Həyatda gördüklərim əsasında.

- Aktyorluq çətin peşədir?

Aktyor sənətinin şəxsi həyata mane olması barədə deyilənlər cəfəngiyyatdır Bu sadəcə bütün peşələr kimi bir peşədir. Həm də asan peşədir, rolunu aldın, oynadın bitdi. Bu beyin əməliyyatına gırmək deyil, cərrahlıq deyil. Hansı çətinlikdən söhbət gedir? Bəzi aktyorlar işlərini həddən artıq ciddiyə alırlar. Mən təbiətim etibarilə anarxist və üsyançıyam. 

- Ən sevdiyiniz rol hansıdır?

- Sevimli rolum yoxdur, rol verilir və mən onu sadəcə oynayıram, pulumu qazanıram. Bu praktikdir. O qədər.

Həyatım boyu öz duyğularımdan qorxmuşam, onları basdırmışam. Rollarım emosiyalarımı. Duyğularımı hayqırmaq üçün mənə meydan verib. Aktyorluğu buna görə sevirəm. Özümü ifadə edə bilirəm. Mən rolda əsəbiləşəndə, bağıranda, nifrət edəndə bu oyun deyil, gerçək duyğularımdır.

- Hannibal Lektor roluna minnətdarsınız?

- "Quzuların səssizliyi" filmi mənim həyatımı xilas etdi. Teatrda ilişib qalmışdım, ona qədər çəkildiyim filmlər isə uğur qazanmamışdı. Hannibal obrazı mənə şöhrət gətirdi. Lakin bu adamyeyən obrazı məni bezdirdi. Bir daha bu rola çəkilməzdim. Mən artıq Hannibalı yemək istəyirəm. Hannibal yaxşı psixoloq idi. Mənə dəhşətli gələn odur ki, manyaklar da bizim kimi insanlardırlar, onlar Aydan uçub gəlməyiblər. Hitleri də adi qadın doğmuşdu. Bəs niyə sonradan bu məsum uşaqlar manyaklaşırlar? Əsas problem budur. Hamımızın həyatında pis və yaxşı var. Əsas odur pis qələbə çalmasın. Əsl manyakları populyarlaşdırmaq olmaz. Bu təhlükəlidir Çikatilo, Hannibal Lektor barədə film çəkilməsi bir mənada insan psixologiyasının belə qorxunc tərəfləri barədə məlumat verir, sadə insanları maarifləndirir, digər tərəfdən onlara qarşı pərəstiş oyadır, onları reklam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.