"Tövbə" sözünün ərəb dilindən tərcüməsi "qayıdış" deməkdir. Tövbə edən şəxs sanki günahlardan itaətə doğru qayıtmış olur. Dini anlamda insanın öz günahını etiraf edib peşman olmasına və bir daha bunu təkrar etməyəcəyi barədə Allaha vəd verməsinə tövbə deyilir.
Qurani-Kərimin surələrindən biri (doqquzuncu surə) "Tövbə" adlanır. Müqəddəs Kitabımızda "tövbə" sözü və onunla eyni kökdən olan kəlmələrə 87 dəfə rast gəlinir. Allah bütün möminlərə öz günahlarından tövbə etməyi əmr edir:
"Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasinız" (Nur, 31).
Başqa bir ayədə günahkar insanların axirətdəki acınacaqlı aqibəti haqqında danışıldıqdan sonra buyurulur:
"Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir" (Fürqan, 70).
Allah-Taala Qurani-Kərimdə təqvalı (yəni Allahdan çəkinən və günahlardan qaçan) bəndələri təsvir edərkən buyurur:
"O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar" (Ali-İmran, 135).
ALLAH TÖVBƏKARIN GÜNAHLARINI GİZLƏDƏR
Səmimi tövbə edən şəxsin günahlarının üzərinə pərdə çəkilər, hətta qiyamətdə də Allah bu günahların üstünü açmaz. Allahın gözəl adlarından (əsmaül-hüsna) biri də "Səttarül-üyub"dur ki, mənası "eyibləri örtən" deməkdir. Tövbəkarın günahı nə bu dünyada, nə də o biri dünyada aşkara çıxmaz və ona rüsvayçılıq gətirməz. Bu, bəndə ilə Allah arasında sirr olaraq qalar.
Həzrət Musa Peyğəmbərin (ə) zamanında Bəni-İsrail qövmünı uzun müddət yazğış yağmadı, qəhətlik oldu, camaat aclıqdan əziyyət çəkməyə başladı. Nə qədər dua etdilərsə, faydası olmadı. Allah Həzrət Musaya (ə) vəhy etdi: "Sənin ümmətinin arasında bir nəfər var ki, qırx ildir günah edir, mənim əmrlərimi pozur. Onu özünüzdən uzaqlaşdırın, mən də sizə yağış göndərim".
Musa Peyğəmbər (ə) camaatı bir yerə toplayıb, Allahın kəlamını onlara elan etdi və buyurdu: "Allahın dediyi günahkar adam kimdirsə, irəli çıxsın, bizləri tərk edib getsin".
Heç kim yerindən tərpənmədi. Günahkar da adamların arasında idi, amma utanıb susdu. Amma ürəyində peşman olub Allaha dua etdi: "İlahi! Mən nadanlıq üzündən sənə asi olmuşam. İndi səmimi qəlbdən tövbə edirəm. Günahlarımdan keç, bu ümməti bəladan xilas et". O adamın duası qurtarmamışdı ki, güclü yağış yağdı.
Həzrət Musa Peyğəmbər (ə) təəccüb içində olanların səbəbini Allahdan soruşdu, cavab gəldi: "Mənim günahkar bəndəm sidq ürəkdən tövbə etdi, dərgahıma üz tutdu. Mən bu vaxta kimi onun üzündən sizi yağışdan məhrum etmişdim. Amma bil ki, bu gün məhz onun hörmətinə sizə yağış göndərdim. Mənim dərgahımda səmimi tövbənin dəyəri bu qədər böyükdür".
Musa (ə) xahiş etdi: "Allahım, əgər Sən yağışı onun xatirinə yağdırmısansa, demək, o adam Sənin razılığına nail olub, övliyadır, Sənin dostundur. O adamı mənə tanıtdır ki, əllərindən öpüm".
Allah buyurdu: "Ya Musa! Mən istəmərəm ki, o adam öz keçmişinə görə sizdən utanıb xəcalət çəksin. O, günah edəndə, mənə asi olanda mən öz mərhəmətimlə onun kimliyini gizli saxlamışdım. İndi deyirsən ki, tövbə edəndən sonra bu sirri faş edim?"
TÖVBƏ ALLAHIN MƏRHƏMƏTİDİR
Tövbə etmək imkanı Allahın öz bəndəsinə bir lütfüdür. Allah öz bəndələrinə o qədər mehribandır ki, istənilən günahın tövbəsini qəbul edər. Bəndə hər nə qədər böyük günah etsə belə, səmimi tövbə ilə o günahı yuya bilər.
Rəvayət edirlər ki, bir gün Bəhlul adlı bir cavan oğlan ağlaya-ağlaya Peyğəmbərin yanına gəlib dedi ki, çox dəhşətli, hətta dağlardan da böyük bir günah edib. Peyğəmbər heyrətlə buyurdu: "Əgər günahın yerdən, dənizlərdən, qum dənələrindən, ağaclardan, yerdəki bütün məxluqatdan da böyük olsa, Allah bağışlayar". Oğlan dedi: "Mənim günahım bunlardan da böyükdür". Peyğəmbər buyurdu: "Əgər günahın asimandan, ulduzlardan da böyük olsa, yenə Allah bağışlayar". Bəhlul ümidsizliklə söylədi: "Mənim günahım bunların hamısından daha böyük və daha ağırdır".
Peyğəmbərin tələbi ilə Bəhlul öz günahı barədə danışmağa başladı. Məlum oldu ki, o, yeddi ildir dəfn edilən ölülərin qəbrini açıb kəfənlərini oğurlamaqla məşğuldur. Bu günlərdə o, bir cavan qızın qəbrini açıb və şeytanın təhriki altında qızın cənazəsi ilə günah edib.
Peyğəmbər Bəhlulun danışdığı hadisədən dəhşətə gəlib duadan imtina etdi. Bəhlul Mədinə ətrafındakı dağlara çəkildi, boynuna və əllərinə zəncir vurdu, qırx gün tövbə edib Allaha yalvardı: "Allahım, əgər günahımı bağışladınsa, öz peyğəmbərinə bu barədə vəhy göndər. Əgər bağışlamadınsa, bu dünyada məni yandır ki, qiyamət günündə hamının qarşısında rüsvay olmayım".
Bu zaman Allah-Taala Peyğəmbərə bu ayəni nazil etdi: "Onlar bir əxlaqsızlıq etdikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb, günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar" (Ali-İmran, 135).
Peyğəmbər Bəhlulu görmək üçün dağlara gəldi, öz əlləri ilə onun qolundakı zənciri açdı, üstündən toz-torpağı təmizləyib söylədi: "Müjdə olsun sənə, ey Bəhlul! Allah səni cəhənnəm atəşindən xilas etdi". Sonra yanındakı səhabələrə belə buyurdu: "Günahlarınızı Bəhlul kimi bağışlatdırın".
Milli.Az