Dünya

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 İyul 2025 23:48
Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada "Eurofighter Typhoon" təyyarələrinin istehsalı müvəqqəti dayandırılıb.

Milli.Az xəbər verir ki, Böyük Britaniyada istehsal olunan "Eurofighter Typhoon" döyüş təyyarələrinin montajı yeni sifarişlərin olmaması səbəbindən müvəqqəti dayandırılıb. Bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Məlumata görə sonuncu Typhoon təyyarəsinin istehsalı üçün hissələr hələ çatdırılmayıb və bu, ölkədəki Warton montaj zavodunda işlərin dayanmasına səbəb olub. Qeyd edilir ki, Böyük Britaniya hökuməti 2009-cu ildən bəri bu təyyarələr üçün yeni sifariş verməyib. Hazırda əsas ümidlər Qətər və Səudiyyə Ərəbistanı ilə davam edən danışıqlara bağlanıb.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu fasilə ölkənin müdafiə sənayesi üçün risk yarada bilər. Uzunmüddətli istehsal dayanması, xüsusilə də aerokosmik sahədə ixtisaslı işçilərin və texniki biliklərin itirilməsi təhlükəsini artırır. Mütəxəssislər bildirirlər ki, bu, Böyük Britaniyanın gələcəkdə həyata keçirməyi planlaşdırdığı Global Combat Air Programme (GCAP) layihəsinə də mənfi təsir göstərə bilər.

Hazırda təyyarələrin bəzi hissələrinin istehsalı Samlesbury zavodunda davam etdirilsə də, yekun montaj artıq dayandırılıb. Britaniya hökuməti isə əsas diqqətini yeni nəsil F-35A qırıcılarına yönəldib.

BAE Systems şirkətindən bildirilib ki, mövcud Typhoon parkı üçün modernləşdirmə işləri davam etdiriləcək və bu sahədə çalışan kadrların saxlanması üçün tədbirlər görülür.

Rəsmi dairələr Typhoon istehsalının gələcəkdə yenidən bərpa olunacağını istisna etmir, lakin bu, yeni sifarişlərin mövcudluğundan asılı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.