Maraqlı

Qadınların qəbir ziyarətinə getmələri qadağandırmı?

29 Yanvar 2023 23:50
Baxış: 1 705
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tarixdən məlumdur ki, müsəlman qadınlar ilk xəlifələrin zamanında qəbir ziyarətinə sərbəst şəkildə gedir, heç bir təpki ilə qarşılaşmırdılar. Məsələn, Əbdürrəhman ibn Əbu Bəkr Hübşi məntəqəsində vəfat etdikdən sonra cənazəsini Məkkəyə gətirib dəfn etdilər. Ümmül-möminin Aişə qardaşının məzarını ziyarət etdi, onun üçün mərsiyə dedi, sonra söylədi: "Vallahi, əgər sağlığında yanında olsaydım, vəfat etdiyin yerdə dəfn olunardın. Əgər sağlığında səni görsəydim (yəni həyatının son anında səninlə vidalaşa bilsəydim), səni (qəbrində) ziyarət etməzdim" (Sünən əl-Tirmizi, Kitab əl-cənaiz, 61-ci bab, hədis 1055).

"Sünəni-Əbu Davud"a yazılmış ən məşhur şərhlərdən sayılan "əl-Mənhəl əl-əzb əl-movrud" kitabında da məsələyə aydınlıq gətitilməyə cəhd edilmişdir. Həmin əsərdə məşhur alim İbn Əbdül-birrin "əl-Təmhid" kitabına istinadən nəql edilir ki, Abdullah ibn Əbi Məlikə adlı şəxs bir gün ümmül-möminin Aişəni qəbristanlıqda görüb, burada nə etdiyini soruşur. Ümmül-möminin cavab verir ki, qardaşım Əbdürrəhmanın qəbri üzərindən gəlirəm. Abdullah bir daha soruşur: "Məgər Peyğəmbər sənə qəbir ziyarətini qadağan etmədimi?" Ümmül-möminin Aişə cavab verir: "Bəli, qadağan etmişdi. Amma sonra ziyarət etməyimi tapşırdı" (Sübki. Əl-Mənhəl əl-əzb əl-movrud, 9-cu cild, s.102-103; Beyhəqi. Əl-Sünən əl-kübra, 4-cü cild, s.131, hədis 7207).

Peyğəmbərin əziz qızı, iki dünya qadınlarının xanımı Həzrət Fatimə də hər cümə günü Ühüd şəhidlərinin məzarı üstünə gedər, Həmzənin qəbrini ziyarət edər, orada iki rükət namaz qılıb ağlayardı (Hakim Nişaburi. Əl-Müstədrək əla-l-Səhiheyn, 1-ci cild, səh. 377; Beyhəqi. Əl-Sünən əl-kübra, 4-cü cild, s.131, hədis 7208).

Alimlərin rəyi

Məşhur təfsir alimi, eyni zamanda Quran ayələrinin fiqhi hökmünü bəyan etmək sahəsində dərin biliyi ilə tanınan Qurtubi qəbir ziyarətindən söz açarkən bunu "bərkimiş qəlblər üçün ən böyük dərmanlardan" hesab edir; çünki qəbir ziyarəti ölümü və axirəti yada salmaqla, mənasız arzu-istəklərin azalmasına, dünya nemətlərinə rəğbətin azalmasına və dünyaya münasibətdə zahidanə davranmağa səbəb olur. Peyğəmbərin lənət dediyi qadınlar ("züvvarat") barədə Qurtubi bu fikirdədir ki, həmin ifadə mübaliğə formasındadır. Burada qəbir ziyarətinə gedən hər qadın yox, bunu özünə peşə edən, qəbir ziyarətinə həddən artıq tez-tez gedən qadınlar nəzərdə tutulurlar. Bu hərəkər qadının həyat yoldaşının haqqının tapdanmasına gətirib-çıxarır; çünki qadın qəbir ziyarətinə çox vaxt ayırdığı üçün ailədə daşıdığı öhdəlikləri lazımınca yerinə yetirə bilmir (İbn Həcər Əsqəlani. Fəth əl-bari şərh Səhih əl-Buxari, 3-cü cild, s.149).

Sünəni-Tirmiziyə şərh yazmış Hafiz ibn Ərəbi Maliki qadınların qəbir ziyarətinin məkruh olması qənaətinə gəlir və yazır ki, bunun səbəbi qadınların örtüyə kamil şəkildə riayət etməməsidir; onları qorumaq (naməhrəmlərin nəzərindən uzaqda tutmaq) üçün qəbir ziyarəti onlara məkruh bilinmişdir (İbn əl-Ərəbi əl-Maliki. Arizət əl-Əhvəzi bi-şərh Səhih əl-Tirmizi, 4-cü cild, s.276).

"Sünəni-Əbu Davud"a yazılmış "əl-Mənhəl əl-əzb əl-movrud" şərhində müəllif qadınların qəbir ziyarəti məsələsinə İslam məzhəblərinin münasibətini açıqlayaraq yazır ki, şafii, maliki və hənəfi məzhəbinin bəzi alimləri qadınların qəbirləri ziyarət etməsini haram bilirlər. Şafiilərin əksəriyyəti və hənəfilərin bir qismi məkruhluğa fətva vermişlər; hənbəli məzhəbində də məşhur görüş budur. Hənəfilərin əksəriyyəti, malikilərin və hənbəlilərin bir qismi isə qadınların qəbir ziyarətinə getməsini icazəli sayırlar. Bu rəyə görə, qəbir ziyarəti ilk dövrlərdə həm kişilərə, həm də qadınlara qadağan edilmişdi, daha sonralar buna icazə verildi. Bu icazənin kişilərlə məhdudlaşması haqqında heç bir tutarlı sübut yoxdur.

Daha sonra müəllif qadınların qəbir ziyarəti ilə bağlı fərqli fikirləri ümumiləşdirərək yazır ki, hədislərdəki icazə örtülü (hicablı) halda, Allahdan qorxaraq, axirəti yada salaraq, qəbir əhlinin "mesajından" ibrət alaraq, ağlayıb-sıtqamağı, üz-gözünə vurmağı, yaxasını cırmağı və günah (üsyankar) sözlər danışmağı tərk edərək ziyarətə gedən qadınlara aiddir. Qadağan isə, əksinə, bunları edən qadınlara şamildir... (Sübki. Əl-Mənhəl əl-əzb əl-movrud, 9-cu cild, s.103).

Qeyd etmək lazımdır ki, bəzən qadınların qəbir ziyarətini haram bilənlər ya bilməyərəkdən, ya da qəsdən bu mövzunu qadınların dəfn mərasiminə qatılması mövzusu ilə eyniləşdirirlər. Bir çox hədislər qadınların kişilərlə bir sırada dəfn mərasiminə qatılmasını qadağan edir (Sünəni-İbn Macə, Kitab əl-cənaiz, 50-ci bab, hədis 1577, 1578; İbn Hənbəl. Müsnəd, 2-ci cild, s.168-169). Qeyd edək ki, bu hədislərin bir qisminin sənədi mötəbər deyil. Hər bir halda unutmamalıyıq ki, bu hədislərdə qadınların qəbir ziyarətinə qatılmasından deyil, dəfn mərasimində iştirakından söhbət gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.