Maraqlı

Xərçəng xəstələri artır, yoxsa bizə elə gəlir?

20 Yanvar 2022 22:15
0 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkədə 45 756 xəstə bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatdadır. Bəs bu artımın səbəbi nədir? Düzdür, bu xəstəliklə bağlı səbəblər konkret olaraq məlum deyil, amma ümumi yanlışlıqlar var.

Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyir ki, ümumi yanaşanda, bütün xəstəliklərdə artım var: "Bu, təbiətin xəstəliyidir. Buna təbiətdə mövcud olan bütün canlı orqanizmlər arasında təsadüf etmək mümkündür. Qazıntılar zamanı hətta milyard illər bundan əvvəl yaşamış dinozavrların sümüklərində şiş xəstəliyi aşkar olunub. Bitkilər, heyvanat aləmi və insanlar arasında bu xəstəlik mövcuddur. Canlı aləm yarandığı gündən bu xəstəlik olub və davam edir. İnsanlar arasında ona görə çox təsadüf olunur ki, insanda təkamül prosesi gedib, yəni şüur var.

Onkoloji xəstəlikdən qorxmaq lazım deyil, bu da digər xəstəliklər kimidir. Heç kəs bu xəstəlikdən sığortalanmayıb. Düzdür, dünyasını dəyişənlər var, daha çox bunlar qabardılır, amma 25-30 il bu xəstəliklə yaşayanlar da var. Onları niyə qeyd etmirlər?

Deyirlər ki, bizdə onkoloji xəstəliklər çoxalıb, bununla razılaşmıram. Əgər tibbi nöqteyi-nəzərdən baxsaq, bütün xəstəliklərdə artım var. 70-ci illərdə avtoqəzaların sayı indiki qədər idi? Yox, çünki maşınların sayı az idi. Burda da birinci demoqrafik göstəricilərə fikir vermək lazımdır. Əgər bir neçə il bundan əvvəl əhalinin sayı 6-7 milyon idisə, indi 10 milyona çatır. İnsan sayı çoxaldıqca burda da artım olur. Artım yox, buna xəstəliyin vaxtında aşkarlanmasının yüksəlməsi də deyərdim. Xərçəng bir və ikinci mərhələdə aşkarlandığı zaman yerləşdiyi lokalizasiyadan asılı olaraq, ondan yüz faiz sağalma mümkündür".

A.Kərimlinin sözlərinə görə, bu gün Azərbaycanda qeydiyyatda olan 45 767 onkoloji onkoloji xəstə var: "Onun 17 500-ünü 5 və daha çox il yaşayanlar təşkil edir. Bu xəstəliklə 30, 25, 22 il yaşayanlar var. Qonşu ölkələrlə müqayisədə Azərbaycanda onkoloji xəstələr azdır. Bir-iki il əvvəl Krımda oldum, orda 2 milyon əhaliyə görə qeydiyyatda 50 min onkoloji xəstə var idi. Bizdə 10 milyona 45 767 nəfərdir. Çeçenistanda 1 miylon əhali var, 17 min xəstə. Müqayisə edin. Harada çoxdur? Jurnalistləri qınamıram. Gəlib baxır görürlər ki, onkoloji klinika insanlarla doludur. Amma bizdə bir xəstənin yanına gəlməyəndə 3-4 nəfər gəlir. Xəstəxana daxilində xəstəni hansısa müayinə aparatına göndərəndə o 3-4 nəfər də yanında gedir. Ona görə çox görünür".

Terapevt Elnur Rəhimov xəstəliyin yayılmasında qida və stress faktorunun böyük rolu olduğunu bildirdi: "Qidanın yerli-yersiz qəbul olunması məsələsi var. Qida da normal deyil və yerli-yersiz sinir sistemini qıcıqlandırırıq. Təsəvvür edin nə meyvə yeyirsinizsə, şaftalı dadı verir. Çünki onlara saxlamaq üçün qida maddələri vurulur. Məsələn, bir orqanizmə düşən qida maksimum 4 saat orda qalmalı, sonra sovrulmalıdır. Yediklərimizin çox hissəsinin sovrulması yaxşı getmir. Bədəndə tez sovrula bilməyən artıq nə varsa, xərçəngə təsir göstərir.

Sinir sistemi nə qədər tez oyanırsa, xərçəngin yaranması o qədər sürətli gedə bilir. Hamımızda onsuz da xərçəng hüceyrəsi var. Sadəcə, həmin hüceyrələrin qıcıqlanması üçün vasitə lazımdır. Genetika, irsi xəstəlikləri bir tərəfə qoyuram, biz yersiz çox qıcıqlanırıq, özümüzü stressə salırıq, əsəbiləşirik və bu, uzun zaman davam edir. Bir insanın əsəbi gecə saat 2-3-ə qədər davam edirsə, hormonlarına da təsir göstərəcək. Normalda gecə 1-in yarısından sonra orqanizm yatmalıdır. Amma orqanizm onu yaşaya bilmir.

Bir də peşənin rolu var. Məsələn, ipəkçiliklə məşğul olan şəxslərdə ağciyərdə illər sonra xərçəng yarana bilir. Yanacaqdoldurma məntəqələrində işləyənlərdə burun boşluğundan qaynaqlanan və ağciyər xərçəngi çox olur. Belə məqamlar çoxdur.

Uşaqlara gəlincə, hamiləlik dövründə xanımlarda desturiktiv dəyişikliklər gedə bilir. Hamiləlik vaxtı radiasiyaya məruz qalan ananın uşağı doğulandan 3-4 il sonra qan xəstəliyinə tutula bilir".

Stress və qida. Hansının daha çox xərçəngə səbəb olduğunu deyə bilərik? E.Rəhimov burada qidanı ikinci planda olduğunu düşünür: "Ən çox stressi deyərdim. Bundan uzaq qalmaq da mümkündür. Yaşam tərzimiz çox fərqlənir, hamımız çox şık yaşamaq, daha bahalı toy etmək, daha bahalı maşın sürmək istəyirik. Bir avropalının geyimi bizimkindən daha ucuzdur. Özümüzü həddindən artıq yükləyirik. Məsələn, macarlar çox yaşayırlar. Amma ən çox boşanma onlardadır, ailə institutu yoxdur, normal boşanırlar. Bizdə evlənəndə bir cür stresslə üzləşirlər, bir yerdə yaşayanda başqa stress, boşananda da bir ayrı. Sarsıntılar çox böyük təsir edir. O qədər ailə var ki, sarsıntılar xəstəliklərə də gətirib çıxarıb.

Amma stressdən uzaqlaşmaq mümkündür. Yaponlarda 100 yaşı keçənlərin sayı 56 min oldu. Azərbaycanda bu maksimum 1000 nəfər ola bilər. Onlar dəniz məhsullarından çox istifadə edirlər, çox hərəkət edirlər, yediklərini yandırırlar, bədəndə qalmır. Hər gün eyni şeylər haqqında düşünmürlər, aktivdirlər, gəzirlər, araşdırırlar. Onlar bizim qədər alkoqol qəbul etmirlər. İradəli şəkildə bədəni qoruyurlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.