Hadisə

Milli Qəhrəmanın anası: "İnsanların tikələrini yerdən yığmaqdan gəlirəm" - FOTO

26 Aprel 2016 14:27
7 Şərh     Baxış: 5 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsinə qalxan qəhrəman oğullarımızdan bir də Milli Qəhrəman Yuri Kovalyovdu.

Milli.Az moderator.az-a istinadən bildirir ki, Yuri Kovalyov 29 noyabr 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1972-ci ildə ailəsilə birgə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 il orada yaşadıqdan sonra Bakıya qayıtmışdı. 1981-ci ildə Bakı şəhərinin Nizami rayonundakı (indiki Yuri Kovalyov adına) 229 saylı tam orta məktəbə daxil olmuşdu. 1983-1985-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdi. Dənizçi olmaq arzusu ilə 1987-ci ildə Qara dəniz Donanmasında miçmanlar və praporşiklər məktəbinə daxil olub.

1990-cı ildə DİN xüsusi milis bölməsinə, XTMD "OMON" sıralarına daxil olur və tez-tez Qarabağa ezamiyyətə gedir. Ermənilər onun başına böyük məbləğdə pul qoymuşdular. 1991-ci il 3 oktyabrda digər omonçu dostları - Sergey Barınin, Andrey Kudenin, Aleksandr Abramovla birlikdə Ağdam ərazisində Xocavənddən növbəti tapşırıqdan qayıdanda içində olduqları "UAZ"ı ermənilər fasiləsiz olaraq atəşə tuturlar. Yuri həlak olur, Sergey isə ağır yaralanır. Ermənilər "UAZ"a yaxınlaşanda partlayış baş verir. Ölüm ayağında belə bir neçə düşməni məhv edirlər.

Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə 5 iyun 1992-ci ildə Yuri Kovalyov Azərbaycan Respublikasının Milli Qəhrəmanı elan edilir.

Bu gün elə biz də Yurini xatırlayıb onun haqda bir yazı hazırlamaq qərarına gəldik. İlk olaraq yolumuzu Yurinin oxuduğu və hal-hazırda onun adını daşıyan Nizami rayon 229 saylı məktəbə yollandıq. Bizi məktəbin direktoru Fəridə xanım Bağırova qarşıladı. Otaqlardakı Yuriylə bağlı rəsmlərlə bizi tanış etdi. Onu da qeyd etdi ki, Yuri Kovalyov adı onlara çox əziz addır və onlar Yurini həmişə məktəb tədbirlərində yad edirlər. Sonra Yurinin ailəsi ilə görüşmək istədik və telefon əlaqəsi saxlayıb anası Larisa xanımla görüşmək üçün iş yerinə yollandıq. Onunla iş yerində görüşdük və bizi öz iş otağına dəvət etdi. Onu da deyim ki, Larisa xanım Nizami rayon rus icmasının sədri vəzifəsində çalışır. Söhbətimizə də elə lap öncələrdən başladıq. O, günləri Larisa xanım belə xatırlayır...

Yurinin atası azərbaycanlıdır...

Əslimiz elə buralıdır. Bizim nəsilimiz haradasa 400 il bundan əvvəl Azərbaycana gəliblər. İlk olaraq Sabirabad rayonunda yaşayıblar. Elə mən də orada doğulmuşam. Atam rəhmətə gedəndən sonra anamgil Göyçay rayonuna gəliblər. İki qardaş olublar Yurigil. İkinci oğlumun adı Vitalidir. "Neftçi" futbol komandasında qapıçı olub. İki ildir ki, məşqçi işləyir. Yuri də Göyçayda anadan olub. Yuranın atası azərbaycanlıdır. Göyçayda yaşayır. Yuri gizir idi. Əsgərlikdən gəldikdən sonra oxumuşdu.

Krasnodarda yaşaya bilmədik...

1972-ci ildə Rusiyanın Krasnodar şəhərinə köçdük. Beş il orada yaşadıq, amma buna yaşamaq demək olardısa. Krasnodarda yaşamaq bizi çox sıxdı və biz geri qayıtdıq. Ümumiyyətlə, mən Azərbaycandan başqa heç yerdə yaşaya bilmirəm.

Yurinin hamı üçün ürəyi yanırdı...

Neçə dəfə ona deyirdim ki, Yuri, belə olmaz. O, da deyirdi ki, sən öyrətmisən də məni belə olmağı, indi niyə qəbul edə bilmirsən? "N.Nərimanov" metrosunun yanında qızı müdafiə etdiyi üçün onu bir neçə nəfər döymüşdü. Hətta polis şöbəsinə belə aparmışdılar. Sonradan biz bunlardan xəbər tutduq.

Ad günündə tanış oldu...

Yuri əsgərlikdən təzə gəlmişdi. Həyat yoldaşı Tamara iş yoldaşımın qızıdır. Bizdə ad günü olanda tanış olmuşdular və sonra da evləndilər. İki qızları dünyaya gəldi. Yuliya və Regina. İndi Yuri artıq babadır, onun Cəmil adında bir nəvəsi də var...

İstədim, çağırış vərəqəsini ondan gizlədəm...

Qarabağ müharibəsi başlayanda Yuriyə də çağırış vərəqəsi gəlmişdi. İstədim gizlədim. Amma sonra fikirləşdim ki, bilsə, evi dağıdacaq. Çünki onun xasiyyətini bilirdim. Yuri evə gələndən sonra çağırış vərəqəsini ona təqdim etdim. Onu çox böyük sevinc hissiylə qəbul elədi. Elə ilk olaraq Ağdam istiqamətində döyüşlərə başladı. Amma çox qorxurdum. Tez-tez evə zəng edib hər şeyin yaxşı olduğunu deyəndə bir az ürəyim sakitləşirdi. Yuri Çingiz Mustafayevlə yaxın dost olub. Müharibədə bir yerdə olublar.

Vertolyotdan düşüb qışqırdı...

Sonra onu görmək üçün Gəncə şəhərinə getdim. Dedilər ki, indi gələcək. Yuri vertolyotdan düşən kimi məni görüb qışqırdı ki: - Ana, niyə gəlmisən? Sonra gəldi, görüşdük. Məni bağrına basdı (ağlayır). Dedi ki: - Bağışla ki, bu sözü sənə dedim. Dedim ki, Yuri, bəsdir, bu qədər döyüşdün. Gedək evə, artıq uşaqlara baxa bilmirəm. Hər şey mənim üstümə düşür. Dedi ki, tezliklə qayıdacam, ana, narahat olma.

İkinci dəfə ailəsini yanına apardım...

Yurini evə gətirmək heç cür mümkün deyildi. Ona görə də 1991-ci ilin yayı onun yanına həyat yoldaşı və iki körpə qızıyla getdik. Çaykəndə getdik və bizi Yuriylə görüşdürdülər. Yuri yol boyu döyüş yerlərini mənə göstərdikcə ürəyim titrəyirdi. Bu dəfə onu evə gətirə bildik. Komandiri icazə verdi ki, Yuri bizimlə evə gəlsin. Bir neçə gün qaldı evdə və sonra yenə geri qayıtdı.

Dedi ki, mən insanların tikələrini yerdən yığmaqdan gəlirəm...

Bir neçə vaxtdan sonra gördük ki, qapı döyülür. Qapını açdıq ki, Yuri gəlib. Üstündən bir neçə silah da asmışdı. Doğrusu, biz qorxduq. Mən yenə buna dedim ki, bəsdir də, oğul, qayıt evə. Bunu demişdim ki, Yuri öz otaqlarına daxil olub otaqda nə var hamısını dağıdıb tökdü. İstədim yaxınlaşam, qışqırdı ki, yaxınlaşmayın mənə. Oturub ağladı (ağlayır). Sonra dedi ki, mən insanların tikələrini yerdən yığmaqdan gəlirəm. Sonra maşına minib Zabrat qəsəbəsinə getdi, dedi ki, silah aparmaq üçün gəlmişəm. Zabratdan maşınına silah doldurub yola düşdü.

Onlardan biri cavab verdi ki, Yuri yoxdur...

1 oktyabrda elə bil mənə nəsə olmuşdu. Yuri dilimdən düşmürdü və hara çatırdım, öz-özümə danışırdım. Ayın 2-də, axşam evə gəlib divanda oturub donub qalmışdım. Boğazımdan heç nə keçmirdi. Tamara neçə dəfə dedi ki, heç olmasa, çay iç, onu da istəmədim. Ayın üçü tezdən gördüm ki, qapı döyülür və bu Yuri deyil. Çünki onun özünün qapı döyməyi var idi, o gələndə bilirdik ki, Yuridir. Qapını açdıq və gördüm ki, bir neçə döyüşçü yoldaşlarıdır. Mən onlardan soruşdum ki, Yuri haradadır? Onlar susdular. İkinci dəfə soruşdum ki, Yuri haradadır? Onlardan biri cavab verdi ki, Yuri yoxdur (ağlayır).

Yurini dəfn edəndə millət var idi. İynə atsaydın, yerə düşməzdi. Yurini birinci Nizami rayonunda qəbristanlıqda dəfn elədik. Altı ay sonra bizə Cavad adında bir adam gəlib bu təklifi irəli sürdü ki, Yuri Şəhidlər xiyabanında dəfn olunmalıdır. Bütün hamısını Cavad elədi, sağ olsun.

Yuridən sonra mən də intihar etmək istədim. Fikirləşirdim ki, özümü körpüdən atam. Kiçik oğlum Vitalik dedi ki, ana, sən də öləndən sonra biz neyləyəcəyik? Sonra fikirləşdim ki, düz deyir, uşaqları yerbəyer etmək lazımdır. Ümummilli lider Heydər Əliyevlə görüşdüm. Yurinin ailəsinə ev lazım olduğunu dedim. O da göstəriş verdi və üç günə Yurinin ailəsinə ev verdilər. Hər şeyə görə təşəkkür edirəm. Söz yox ki, Yuri şəhid oldu. Amma bu gün onun haqda hamı danışır və bizim ailəyə xüsusi hörmət edirlər. Siz də sağ olun, bizimlə görüşdünüz.

Sonda biz də şəhidimizin anasına başsağlığı verib oradan ayrıldıq...

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.