Hadisə

Bakıda avtobus qəzası: ölən və 10-dan çox yaralı var - YENİLƏNİB - VİDEO - FOTO

24 Fevral 2016 15:57
41 Şərh     Baxış: 23 815
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

14:43

Bu gün səhər saatlarında baş verən qəza avtobus sürücülərinin yol hərəkəti qaydalarına riayət etmədiyi, qeyri-pəşəkar olduğunu bir daha təsdiqlədi.

62 saylı marşrutun sahibi,"Sahil" MMC-nin rəhbəri Alim Rəcəbov qəzanın baş verməsində 36 saylı marşrutun sürücüsünü günahlandırmışdı.

36 saylı marşuruta nəzarət edən Ceyhun Qasımov isə qarşı tərəfi günahkar bilir.

C.Qasımov virtualaz.org saytına bildirib ki, qəza sürücünün qeyri-peşəkarlığından baş verib: 62 saylı marşrut işıqforun qırmızı işığında keçib və qarşı tərəfdən gələn marşrutun yoluna çıxıb. Nəticədə, qəza baş verib. 36 saylı marşrutun sürücüsü xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Lakin 62 saylı marşrutun sürücüsü hadisə yerini tərk edib".

C.Qasımov deyib ki, 62 saylı marşrutda olan sərnişinlərdən biri dünyasını dəyişib: "Dünyasını dəyişən sərnişinin oğlu da avtobusda olub. O, avtobusun işıqforun qırmızı işığında hərəkət etdiyini təsdiqlədi. Amma qarşı tərəf bizim marşrutu günahlandırır".

----------

14:06

Bu gün paytaxtın Nizami rayonu ərazisində, metronun "Qara Qarayev" stansiyası yaxınlığında qəza törədən 62 saylı sərnişin avtobusunun sürücüsü Anar İsmayılov saxlanılıb.

DİN-in mətbuat xidmətindən avtosfer-ə verilən məlumata görə, Nizami Rayon Polis idarəsində sürücünün izahatı alınıb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cinayət işi başladılıb. İstintaq hərəkətlərı davam etdirilir.

Qeyd edək ki, bu gün baş verən qəza nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisəyə səbəb olan avtobusun sürücüsünün isə qəzadan sonra hadisə yerindən qaçdığı bildirilirdi.

X X X 

Bakıda səhər saatlarında baş verən avtobus qəzasında xəsarət alan 4 nəfərdən biri özəl xəstəxanaya köçürülüb. Digər yaralıların vəziyyəti yüngül olduğu üçün onlar ev şəraitində müalicə üçün buraxılıblar. "Report"un xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiyasına yerləşdirilən 1960-cı il təvəllüdlü Münəvvər Xəlilova tibbi sığortası olduğu üçün özəl xəstənaya aparılıb.

Digər 3 xəstənin müalicəsi hazırda 3 saylı Şəhər Klinik Xəstəxanasında davam etdirilir. Onlar 1981-ci il təvəllüdlü Ağayarov Sadıq Ağayar oğlu, 1986-cı il təvəllüdlü Səmədov Emil Siyasət oğlu və 1980-ci il təvəllüdlü Musayev Rəfail Məmməd oğludur.

Travmatologiyaya yerləşdirilən Sadıq Ağayarova hər iki baldırın əzilməsi, Emil Səmədova döş qəfəsinin küt travması, özəl xəstəxanaya köçürülən Münəvvər Xəlilovaya alın hematoması, döş qəfəsinin küt travması, qabırğaların sınığı, reanimasiyada olan Rəfail Musayevə isə sağ aşağı ətrafın əzilmiş yarası və sağ əlin kəsilmiş yarası diaqnozu qoyulub.
Qeyd edək ki, avtobus qəzası Nizami rayonu ərazisində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 13 nəfər yaralanıb. 

---------

12:30

Videonu izləmək üçün şəklə klikləyin:

В Баку автобус совершил ДТП

-----------

11:47

Avtobus qəzası nətciəsində xəstəxanaya yerləşdirilən yaralalıların sayı 4 nəfərdir.

Bunu Trend-ə 3 saylı şəhər Kliniki Xəstəxanasının növbətçi hissəsindən bildiriblər.

Yaralanan şəxslər bunlardır - Xəlilova Münəvvər, Səmədov Emin, Ağayarov Sadiq Musayev Rafaeldir.

Xəstəxanadan deyiblər ki, onların hamısının vəziyyəti ağır olduğu üçün saxlanılıblar: "Onların hamısı döş qəfəsindən xəsarətlər alıblar. Digər yaralıların vəziyyəti yüngül olduğu üçün onlar ev şəraitində müalicə üçün buraxılıblar".

Qeyd edək ki, bu gün Bakının Nizami rayonu ərazisində marşrut avtobusunda qəza baş verib. Nəticədə xəsarət alan 10 nəfərdən artıq sərnişin 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Bu barədə Trend-ə xəstəxananın baş həkiminin müavini Əbülfəz Hüseynov məlumat verib.

Nizami Rayon Prokurorluğundan isə Trend-ə bildiriblər ki, hazırda prokurorluq əməkdaşları hadisə yerindədir. Hadisə nəticəsində hələlik 1 nəfərin öldüyü barədə prokurorluğa məlumat daxil olub. Hadisə nəticəsində yaralananların sayı isə məlum deyil.

Xatırladaq ki, bu gün səhər saatlarında 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu Nizami rayonu ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobus aşıb.

---------

11:15

"Bakıda baş verən avtobus qəzası ilə bağlı 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən yaralılara hazırda həkimlər yardım göstərir. Yaralıların əksəriyyətinin diaqnozu travmalardır". Bunu "Report"a xəstəxananın baş həkimi Fikrət Zeynalov deyib.
Onun sözlərinə görə, qəzada yaralanan qadın və kişi sərnişinlərin arasında vəziyyəti ağır olan yoxdur. 
Qeyd edək ki, avtobus qəzası Nizami rayonu ərazisində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

---------

11:07

Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi açıqlanıb. 
 
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusunun "Nissan" markalı minik avtomobili ilə toqquşması nəticəsində avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir. 
 
Hadisə şahidlərinin dediyinə görə, qəzaya avtobusun işıqforu qırmızı işıqda keçməsi səbəb olub. 
 
Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir. 

--------

10:53

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu gün səhər Bakıda metronun "Qara Qarayev" stansiyası yaxınlığında iki - 62 və 36 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusları toqquşub. Hadisə ilə bağlı təcili yardım stansiyasına saat 09:08-də çağırış daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Hələlik ilkin məlumata görə, 1 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralananlar 3 saylı Sabunçu Xəstəxanasına aparılıblar.

----------

10:47

Bakıda sərnişin avtobusu qəzaya düşüb. APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun "Qara Qarayev" stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.
 
Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.
 
APA-nın əldə etdiyi məlumata görə, qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

----------

10:32

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun "Qara Qarayev" stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı Şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

Məlumata görə, qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

İlkin İzzət
Milli.Az

------------

15:57

Videoları izləmək üçün şəkillərə klikləyin:

Bakıda avtobus qəzası: ölən və 10-dan çox yaralı var

Bakıda avtobus qəzası: ölən və 10-dan çox yaralı var - 1

-----------

11:35

Foto: APA, Yeni Müsavat

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.