Hadisə

Canavar haqqı - VİDEO

4 Noyabr 2014 11:51
1 Şərh     Baxış: 5 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Vəhşi çöl heyvanlarının yaşayış məntəqələrinə və evlərə soxulması,  insanlara hücum etməsi adi hala çevrilib.

El TV-nin məlumatına görə, təqribən son bir ay ərzində Aran bölgəsində azı 2 belə hal qeydə alınıb. Təxminən 1 ay bundan öncə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində küçə ilə gedən 1959-cu il təvəllüdlü Nərminə Əbilova qəflətən çaqqalın hücumuna məruz qalıb. Vəhşi heyvan yerə yıxılan qadının qollarını və ayaqlarını dişləyib. Onun qışqırıq səsini eşidən 1974-cü il təvəllüdlü Roza Yusifova kömək etmək üçün qadının yanına gəlib. Bu zaman çaqqal Roza Yusifovaya da hücum edib. Onu yerə yıxıb. Roza Yusifovanın ayağına, qollarına və sinəsinə xəsarət yetirib. Lakin Roza Yusifova çaqqalı öldürüb.

Bir neçə gün öncə isə Ağdamın Mireşelli kəndinə canavar soxulub. Kənd sakini Şükran Əliyev yırtıcını həyətində görüb.  O, bu barədə telefonla qonşularına xəbər verib. Bundan sonra canavar zərərsizləşdirilib.

Azərbaycanın digər bölgələrində də belə hadisələr tez-tez baş verir. Bu yaxınlarda Cəlilabad rayonunun Buravar kəndində qeydə alınan hadisə isə hər kəsi təşvişə salıb. Kənd sakini, 1970-ci il təvəllüdlü Yusif Əli oğlu Şahmarovun yaşadıgı evə canavar hücum edib. Ev sahibinin üçüncü sinifdə oxuyan qızı Aygün Şahmarova qapını açarkən həyətdə canavarla rastlaşıb. Aygün qaçaraq evə girmək istəsə də, canavar onu həyətdə yaxalayıb. Vəhşi heyvan uşağı parçalamaq istəyəndə evdə olan qızın qardaş və bacıları həyətə çıxıblar. Onlar bacılarını yırtıcının əlindən xilas etmək üçün canavara hücum ediblər. Qızlar odun parçası ilə heyvanı vurublar. Evin 16 yaşlı oğlu Vüsal Şahmarov isə canavarı boğmağa başlayıb. Nəhayət ki, uşaqlar heyvanı öldürüblər. Lakin yırtıcı ilə mübarizədə uşaqlar da xəsarət alıblar. Canavarın hücümüna məruz qalan üç bacı və bir qardaş  dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Buna oxşar digər hadisələri də sadalamaq olar. Lakin artıq vəziyyət aydındır. Vəhşi heyvanlar insanlara öz evlərində hücum edirlər. Bəs vəziyyətdən çıxış yolu varmı? Necə edək ki, bu kimi hallara çox rast gəlinməsin? Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov yırtıcı heyvanların insanlara hücumunu təbiətə daha çox müdaxilələrin olması ilə əlaqələndirir. Nazir misal çəkir ki, 50 il bundan əvvəl 10 ev olan bir yaşayış məntəqəsində indi artıq həmin göstərici 150-yə, 200-ə, 300-ə çatıb. Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır. Təsərrüfatlar genişlənir, ev heyvanlarının sayı artır və s. Bütün bunlar isə təbiətə təsirsiz ötüşmür:

"Biz özümüzü hər şeyin hökmdarı elan etmişik. Hökmdar həm də qayğı göstərməlidir. Ya qayğı göstərək, ya da başqalarına haqq verək. İndi, Allaha şükür, Azərbaycanda iqtisadi azadlıqlar var. İnsanlar sərbəst iş qurub, fəaliyyət göstərə bilirlər. Onların böyük əksəriyyəti nədənsə qoyun-quzu alır. Axı bu ölkənin ölçüləri böyümür, mal-qaranın sayı artır. Həmin heyvanlar da ferma şəraitində saxlanmır. Yarımköçəri formada təbiətə buraxılır, təbiəti yeyir. Bu təbiətdə olanların da haqqı var. Hətta canavarın da haqqı var. Biz indi gedib o, canavarın evində özümüzə ev tikirik, sonra deyirik ki, bizə hücum etdi. İndi gəlin aydınlaşdıraq
ki, kim-kimə hücum etdi".

Əlbəttə, ekologiya və təbii sərvətlər naziri kimi Hüseyn Bağırovun məsələyə yanaşması çox normaldır. Hazırda elə ölkələr var ki, canavar, yaxud digər bir yırtıcı heyvan yoxdur. Orada ekosistem tamamilə pozulub, fəsadlar yaranıb. Bu baxımdan təbiətə və onun "sakinləri"nə qayğı göstərmək bizim borcumuzdur. Lakin məsələnin digər tərəfində daha vacib məsələ, insan həyatı dayanır. Artıq əksər kənd yerlərində insanlar yırtıcıların qorxusundan həyətə düşməyə belə ehtiyat edirlər. Yaxud bir sıra rayon mərkəzlərində belə gecələr çaqqalların ulaşmasından yatmaq mümkün deyil. Deməli, artıq təbiətlə yanaşı, həm də özümüzü fikirləşməliyik.

Mütəxəssislərin bununla bağlı təklifi də var. Təklif heyvanların sayının tənzimlənməsi ilə bağlıdır. Yəni təbiətdə heyvanların sayı da mövcud imkanlara uyğun olmalıdır. Şübhəsiz ki, bu gün ov mövsümlərində ov edənlər əti yeyilən heyvanlara üstünlük verirlər. Mövcud qanunvericilik digər heyvanların öldürülməsini qadağan edir. Bundan başqa, hazırda əti yeyilən heyvanı ovlamaqda maraqlı görünən vətəndaşın sanki evinə soxulan yırtıcını oradan uzaqlaşdırmaq üçün səmaya bir güllə atmağa heyfi gəlir. Bütün bunlar və sadalanmayan bu kimi digər səbəblərdən isə təbiətdə insanlara hücum etməkdən belə çəkinməyən vəhşi heyvanların sayı artır:

"Vəhşi heyvanlar həddindən artıq çoxalıb. Bunun üçün də vəhşi heyvanları ovlamaq lazımdır. Onlar ovlanmasa, say çoxluğunu nə ilə tənzimləyə bilərik? Bunun üçün də vəhşi heyvanlar hücum çəkir", - deyə Mingəcevir Şəhər Ovçular Cəmiyyətinin sədri Mütalib Hüseynov bildirir. Mütəxəssislər onu da deyirlər ki, vəhşi heyvanların çoxalması təbiətdəki digər heyvanların sayına da təsir göstərir. Əgər çöl heyvanlarının sayı tənzimlənərsə, bu həm insanların həyatına olan təhlükələri azaldar. Həm də çöl heyvanları, yəni əti yeyilənlərlə yeyilməyənlər arasında balans yaranar. Əlbəttə, vəhşi heyvanların yaşayış məntəqələrinə, xüsusilə də insanlara hücumlarının qarşısını almaq üçün tədbirlərin görülməsi vacibdir. Mütəxəssislər deyirlər ki, bunun hansı formada həyata keçirilməsindən asılı olmayaraq, bu sahədə vaxtında işlər görülməsə, sonra bu, daha böyük fəsadlara yol aça bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.