Ailəsi canavar hücumuna məruz qalmış Cəlilabad rayonunun Buravar kənd sakini narazılıq edib.
Kənd sakini Yusif Şahmarov Trend-ə bildirib ki, dünən evlərinə hücum edən canavar 1 oğlunu - Vüsal və 3 qızını - Əfsanə, Aygün, Aygülü yaralayıb. Yaralılara ilk tibbi yardım Ləkin kənd xəstəxanasının həkimləri tərəfindən göstərilib. Ancaq onlar bu gün dişləməyə qarşı vaksin vurdurmaq üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gediblər.
Y.Şahmarov deyib ki, yaralılara vaksin qan analizi aparılmadan vurulub: "Qızlarımdan biri hamilədir. Mən onlara dedim ki, analizi götürün, sonra vaksin vurun ki, birdən allergiya olar. Ancaq onlar bunun üçün pul istədilər. Həm də dedilər ki, vaksin çatışmır. Növbəti 3 və 7 gün ərzində yenidən vaksinlər vurulmalıdır. Ancaq indi növbəti vaksinlərin necə vurulacağını bilmirəm. Bunun üçün gərək yuxarı qurumlara şikayət edim".
--------
13:53
"Dünən Yardımlının Astanlı kəndinə də canavar evə hücum etmişdi. Lakin günorta vaxtı olduğundan evdəkilər onu döyüb öldürüblər". Bunu lent.az-a gecə canavarın evə hücum edərək 4 nəfərin yaraladığı Cəlilabadın Buravar kəndinin icra nümayəndəsi Tofiq Ağayev deyib. Onun sözlərinə görə, bir neçə gündür davam edən yağış və aclıq səbəbindən vəhşilər kəndlərə hücum edir: "Axşam eşitdik ki, bizim kənddə də canavar evə hücum edib. Şahmarovların həyətində çoxlu qoyun-quzusu, mal-qarası var. Yəqin ki, heyvana görə gəlib. Həmin vaxt ailənin kiçik qızı, 11 yaşlı Aygün həyətdə olub, valideynləri isə tövlədə heyvanları bağlayırmış".
İcra nümayəndəsi deyir ki, canavar həyətə daxil olanda orada işıq yanırmış: "Canavar uşağı görən kimi üstünə cumub. Aygün qaçıb girib evə. Arxasınca da canavar. Evdə Aygünün qardaşı, 1998-ci il təvəllüdlü Vüsal Şahmarov, bacılar, 1996-cı il təvəllüdlü Əfsanə Şahmarova və 1996-cı il təvəllüdlü Nurçiçək Şahmarova olub. Əvvəl evə girən heyvanın it olduğunu sanıblar. Bacısına kömək etmək istəyən V. Şahmarov arxadan canavarı boğmağa başlayıb. Bacıları isə heyvanın üstünə atılıblar. Ağırlıq altında qalan vəhşi tərpənə bilməyib. Sonra evdə olan odunla uşaqlar canavarın başına vuraraq onu öldürüblər".
Qeyd edək ki, hadisə dünən saat 19 radələrində baş verib. Canavar Yusif Şahmarovun evinə soxulub. Bu zaman ev sahibinin 4 uşağını yaralayıb. Yaralılar Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, yaraları sarınıb, quduzluq əleyhinə peyvəndlər vurulub. Yaralılardan 4 aylıq hamilə olan N. Şahmarovanın və digərlərinin vəziyyəti normaldır.
---------
12:16
Ötən gecə canavar dişləməsi ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilən 4 şəxsin vəziyyəti normaldır. Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyev APA-ya açıqlamasında deyib ki, yaralananlara ilkin tibbi yardım göstərilib. Onların tam nəzarətdə olduqlarını deyən baş həkim qeyd edib ki, xəsarət alanların vəziyyəti normaldır və həyatı təhlükələri yoxdur: "Quduzluq əleyhinə vaksinlər vurulub, öldürülən canavar Dövlət Baytarlıq Xidmətinə təhvil verilib və onun quduz olub-olmaması yoxlanılacaq. 1995-ci il təvəllüdlü Şahmarova Əfsanə Yusif qızı, 2003-cü il təvəllüdlü Şahmarova Aygül Yusif qızı, 1994-cü il təvəllüdlü Şahmarova Nurçiçək Yusif qızı və 1998-ci il təvəllüdlü Şahmarov Vüsal Yusif oğlu xəstəxanada ambulator müayinə alırlar. Onların heç bir şikayətləri yoxdur və vəziyyətləri normaldır".
İ.Əliyev qeyd edib ki, xəsarət alanlardan Əfsanə Şahmarova 4 aylıq hamilədir. Hadisədən sonra onun səhhətinə heç bir problemin yaranmadığını deyən baş həkim qeyd edib ki, müəyyən məsləhətləşmələr aparılıb, quduzluğa qarşı vaksin vurulub.
Qeyd edək ki, Cəlilabad rayonunun Buravar kəndində canavar evə soxulub və ailənin 4 üzvünü yaralayıb.
Canavar Vüsal Şahmarov tərəfindən öldürülüb.
X X X
Cəlilabad rayonunda evə soxulan canavarın dişlədiyi 4 uşaq evə buraxılıb.
Bu barədə AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib. O bildirib ki, hazırda uşaqlar ambulator müayinə edilir: "Onlar dərhal xəstəxanaya çatdırılandan sonra müvafiq tədbirlər görülüb və lazimi vaksinlər vurulub".
----------
09:41
Ötən axşam Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Buravar kəndində canavar evə soxulub, bir ailənin 4 uşağını yaralayıb.
Kənd sakinlərinin Milli.Az-a verdikləri məlumata görə, dünən saat 19 radələrində canavar Yusif Şahmarovun evinə soxulub. Onun 3-cü sinifdə oxuyan qızı Aygün evin qapısında əlində vedrə dayanıb həyətə baxırmış. Bu vaxt həyətdən ona tərəf işığın irəlilədiyini görüb. Yaxına gedəndə isə onun canavar olduğunu anlayıb. Aygün qaçaraq evə girmək istəyib, lakin pilləkəndə canavar onun qolundan yapışaraq həyətə sürüyüb.
Aygünün evdə televizora baxan qardaş-bacıları qışqırığa bayıra çıxıblar. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, digər bacılarını qoruya bilməyib. Canavar iki qızı da bədənlərinin müxtəlif nahiyələrindən dişləyib. Vəziyyəti çətin görən Vüsal canavarı boğmaq üçün sağ qolunu onun boğazına soxub. Qolundan ağır yaralar alsa da canavarı öldürməyə nail olub.
Uşaqların dördü də xəstəxanaya çatdırılıblar.
Anar Məmmədov
Niyam Şirinov
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.