Hadisə

“Azad Logistik”dən şikayət: Avtomobillər gəlmir, əlavə 1400 dollar istəyirlər - (Foto)

24 Noyabr 2026 15:08
Baxış: 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-dan Azərbaycana avtomobil gətirən "Azad Logistik" şirkətinin müştəriləri problemlə üzləşiblər. Avtomobilləri artıq 4 aydır ki, Azərbaycana çatdırılmır, şirkət rəhbərliyi isə məsələyə aydınlıq gətirmir.

Milli.Az xəbər verir ki, Sitat.info-ya müraciət edən müştərilər bildiriblər ki, şirkətin rəhbərliyi ilə əlaqə saxlamaq çətinləşib. 

Şikayətçi Əliyev Zaur Nazimoğlu bildirib ki, ABŞ-dan sifariş etdiyi "Hyundai Sonata" markalı avtomobilin gətirilməsi üçün şirkətə bütün ödənişləri edib. Lakin buna baxmayaraq, avtomobil hələ də ona təhvil verilməyib.

Onun sözlərinə görə, sonradan məlum olub ki, "Azad Logistik" şirkətinin Gürcüstandakı limana borcu olduğundan avtomobillərin ərazidən çıxarılmasına icazə verilmir. Nəticədə onlarla müştərinin avtomobili limanda qalıb. Şirkət limana ödəniləcək vəsaiti "yeyib".

Şirkət yaranmış borcu ödəmək əvəzinə, avtomobillərinin gətirilməsi üçün onlardan əlavə 1400 dollar tələb edir. Bildirilir ki, bu məbləğ ödənilməyəcəyi təqdirdə avtomobillərin gətirilməsi mümkün olmayacaq.

Şikayətçilər əlavə vəsaiti ödəməyə məcbur qaldıqlarını desələr də, avtomobillərin konkret hansı tarixdə təhvil veriləcəyi barədə onlara heç bir təminat verilmir.

Müştərilərin sözlərinə görə, avtomobillərin Gürcüstanda saxlanıldığı əraziyə görə hər gün əlavə borc yaranır. Bu məbləği də ödəmək məcburiyyətində qaldıqlarını bildirirlər. Bəzi müştərilərin avtomobillərini özləri gətirmək üçün Gürcüstana getməyi planlaşdırdığı da qeyd olunur.

Məsələ ilə bağlı "Azad Logistik" şirkəti ilə əlaqə saxladıq. Şirkət nümayəndələri avtomobillərin müştərilərə konkret nə vaxt çatdırılacağı ilə bağlı dəqiq tarix açıqlamayıb, yalnız yaranmış müəyyən problemlərin olduğunu və müştərilərin gözləməli olduqlarını bildiriblər.

Hazırda müştərilər avtomobillərini Gürcüstan limanından hansı yolla çıxara biləcəkləri barədə çıxış yolu axtarırlar.

Məsələ ilə bağlı şirkətin məsul şəxsləri ilə əlaqə saxladıq. Sıxıntıların olduğunu, problemi həll etdiklərini bildirdilər.

Şirkətin bu açıqlaması "Azad Logsitik" şirkətinin borc içində olduğunu təsdiqləyir. Şirkət borcunu isə  sui istifadə edərək müştərilərdən əlavə 1400 dollar vəsait toplamaqla ödəmək istəyir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.