Hadisə

Bu yanacaqdoldurma məntəqəsində təhlükəsizlik qaydaları pozulub - Bağlandı

13 Noyabr 2026 14:50
Baxış: 80
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun Xatınlı kəndində fəaliyyət göstərən Səbuhi Ələkbər oğlu Ələkbərova məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.

Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanlarının olmadığı, məntəqənin hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən şəhadətnamənin, fəaliyyət növünə uyğun lisenziyanın, yanacaqsaxlama çənlərinin texniki pasportlarının və çənlərin dərəcələnmə cədvəllərinin olmadığı, həmçinin məntəqədə fövqəladə və qəza hallarında təxliyənin təşkili üçün müvafiq qaydada razılaşdırılmış təxliyə planının hazırlanmadığı müəyyən edilib. Bununla yanaşı, yanacaqdoldurma məntəqəsinin ərazisində ildırımdan qorunmaq üçün ildırımötürücü qurğunun quraşdırılmadığı aşkarlanıb.

Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.