Hadisə

AMEA-nın Rəyasət Heyəti ləğv EDİLİR

27 Fevral 2026 11:05
Baxış: 1 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi ləğv edilir və qurumun idarəetmə strukturu tamamilə yenidən formalaşdırılacaq.

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, məlumata əsasən, bu qərarı doğuran əsas səbəb dünyada analoji modelin faktiki olaraq tətbiq edilməməsi və elmi idarəetmənin fərqli mexanizmlər üzərindən qurulmasıdır. Qlobal təcrübədə fundamental və tətbiqi elmi tədqiqatlar əsasən universitetlər və ixtisaslaşmış elmi-tədqiqat institutları tərəfindən həyata keçirilir. Universitetlər yalnız tədris müəssisəsi kimi deyil, həm də innovasiya, texnologiya istehsalı və elmi kəşflərin kommersiyalaşdırılması mərkəzi kimi çıxış edir.

Hazırkı modeldə isə ölkədə elmi fəaliyyət uzun illər akademiya institutları üzərində cəmləşib. Universitetlər əsasən kadr hazırlığı, tələbə yetişdirilməsi və tədris prosesi ilə məşğul olur. Halbuki dünya təcrübəsində ali təhsil müəssisələri həm də qrant layihələri həyata keçirir, patentlər əldə edir, sənaye ilə birbaşa əməkdaşlıq edir və tədqiqat nəticələrini bazara çıxarır.

Mənbələr bildirir ki, aparılan struktur islahatları elmi fəaliyyətin universitetlərə inteqrasiyasını sürətləndirmək, ali təhsil müəssisələrinin tədqiqat potensialını artırmaq və innovasiya mühitini gücləndirmək məqsədi daşıyır. Yeni modeldə universitetlərin yalnız diplom verən qurum deyil, həm də elmi məhsul istehsal edən mərkəzə çevrilməsi hədəflənir.

Məlumata görə, rəhbərliyin ləğvi ilə yanaşı, akademiyanın strukturunda da ciddi dəyişikliklər gözlənilir. İdarəetmə mexanizmlərinin sadələşdirilməsi, səlahiyyət bölgüsünün yenidən müəyyənləşdirilməsi və institutların fəaliyyət modelinin yenilənməsi planlaşdırılır.

Qərarın yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.