Beyləqanda vəzifəli şəxsə küçədə hücum edərək ona zərbələr endirən 44 yaşlı Vasif Fətiyev hakim qarşısına çıxarılıb.
Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, rayon sakini Fətiyev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib.
Məlum olub ki, Vasif Fətiyev "TikTok" səhifəsində "Azərişığ"ın Beyləqan Elektrik Şəbəkəsi ilə bağlı ardıcıl neqativ paylaşımlar edib. Bu səbəbdən də idarənin rəisi Fikrət Əhmədov tərəfindən məhkəməyə verilib. Daha sonra onlar Gəray Əsədov küçəsində qarşılaşıb və insident baş verib.
Hadisə zamanı Fətiyev rəisin ünvanına nalayiq ifadələr işlədib, bir dəfə yumruqla sinə nahiyəsinə zərbə endirib. Ardınca əlindəki mobil telefonu silah qismində istifadə edərək sol gözaltı, sol qol və ağız nahiyələrinə bir neçə dəfə zərbələr vurub. Bu səbəbdən Əhmədovun sol gözaltı, sol bazu və döş qəfəsi nahiyələrində qançırlar, alt dodağın selikli qişasında yara yaranıb ki, bunlar qısa müddətdə sağlamlığın pozulmasına səbəb olan yüngül bədən xəsarətləri hesab olunur.
Fətiyev həmin yerə yaxın məsafədə Əhmədova məxsus avtomobilin ön kapotuna sağ əli ilə bir neçə zərbə endirərək 100 manat məbləğində zərər vurub və ictimai qaydanı kobud şəkildə pozub.
Araşdırmalar göstərib ki, V.Fətiyev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Vasif Fətiyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Milli.Az





