Hadisə

“Pansir S-1”lə VURULUB: “Bu əmri verənlərin adları və rütbələri məlumdur”

24 Yanvar 2025 18:40
Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada aparılan araşdırma hava gəmisinin "Pantsir S-1" hava hücumundan müdafiə vasitəsi tərəfindən vurulmasını təsdiq edib.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Caliber" yayıb.

Bildirilib ki, sözügedən hava hücumundan müdafiə vasitəsi Rusiyaya Suriyadan gətirilib.

Həmçinin qeyd olunub ki, Rusiya təhqiqatı Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə sistemlərinin tətbiqini təsdiqləyib. Sözügedən sistemlərin tətbiqi təyyarənin idarəetmə sisteminin sıradan çıxması ilə nəticələnib. 

"Rusiyada aparılan istintaq təkcə mülki təyyarəyə atəş açan şəxsi deyil, həm də bu əmri verəni müəyyənləşdirib. Üstəlik, redaksiyamıza artıq bu şəxslərin adları və rütbələri bəllidir, biz bu məlumatı lazım olan vaxtda mütləq oxucularla paylaşacağıq.

Hələ ki biz Kreml rəsmilərinə müraciət edirik: "Əmin olun, faciəyə birbaşa cavabdeh olan şəxslərin adları və rütbələrini artıq bilirik. Əlbəttə ki, siz faktiki olaraq cinayətin ortaqlarına çevrilərək həqiqəti gizlətmək xəttini davam etdirə bilərsiniz. Yaxud da prosesi gecikdirmədən şərəfli iş görüb faciəyə görə məsuliyyəti öz üzərinizə götürə bilərsiniz.

Çünki siz hazırda özünüzü ədalətsiz, açıq-aydın biabırçı aparırsınız. Sizin başqalarını günahlandırmaq, Malayziyanın "Boinq" və yaxud Cənubi Koreya təyyarəsi ilə olduğu kimi onlarla alternativ versiya yaratmaq istəyinizi anlayırıq. Lakin Azərbaycan Rusiya ilə münasibətlərdə heç vaxt bu cür davranmayıb. Hətta 2020-ci ilin noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan hərbi helikopterinizlə bağlı vəziyyətdə... Xatırladaq ki, həmin helikopter aşağı hündürlükdə, söndürülmüş transponderlərlə sərhədin Naxçıvan hissəsinə doğru irəliləyən erməni kolonunu müşayiət edirdi. Prezident İlham Əliyev o zaman bunun qanuni hərbi hədəf olduğunu deyə bilərdi və o, bunda tamamilə haqlı olardı, lakin o, kişi kimi davrandı: O üzr istədi, helikopterin dəyəri ödənildi, həlak olanların ailələrinə təzminat ödənildi.

Eyni zamanda, Qarabağda öldürülən rusiyalı sülhməramlılarla bağlı mifi dağıdaq, onların fotoları internetə məhz sizin xüsusi xidmət orqanlarınız tərəfindən sızdırılmışdı.

Rusiyanın sülhməramlı kontingentinə əvvəlcədən xəbərdarlıq edilmişdi ki, 2023-cü il sentyabrın 23-də antiterror əməliyyatı keçirilən gün onların yeganə vəzifəsi bazada qalmaq və burunlarını çölə çıxarmamaqdır. Kontingentin əksər hissəsi isə bu "çətin" tapşırığın öhdəsindən uğurla gəldi. Burada istisnanı xəbərdarlığa məhəl qoymayaraq və öz fəaliyyətlərini Azərbaycan tərəfi ilə razılaşdırmadan bazadan çıxmağa qərar verən bir neçə zabit təşkil edib. Döyüş fəaliyyətləri zamanı istənilən razılaşdırılmamış avtomobil avtomatik olaraq hədəfə çevrilir və təəssüf ki, bu zabitlər atəşə tutulub. Məhz buna görə çölə çıxmamaqla bağlı dəqiqliklə xəbərdarlıq edilmişdi. Vəziyyətin faciəvi olmasına baxmayaraq, Azərbaycan tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü, üzr istədi və məsul şəxsləri məsuliyyətə cəlb etdi.

İndi belə bir sual yaranır: Azərbaycan-Rusiya münasibətlərində bundan sonra nələr olacaq? Məlumatlı mənbələrin bildirdiyinə görə, əgər Rusiya işi ört-basdır etməyə çalışsa və araşdırmanın nəticələrini açıqlamasa, Azərbaycan beynəlxalq hüquqi instansiyalara müraciət edəcək. Bundan əlavə, məsuliyyəti bütün nəticələri ilə öz üzərinə götürməkdən imtina Azərbaycan-Rusiya münasibətlərində qırılma nöqtəsinə çevriləcək. Rusiyanın onsuz da az sayda dost dövləti qalıb və tezliklə başqa bir dövləti - Azərbaycanı itirmək riski ilə üz-üzədir. Üstəlik, Azərbaycan əhalisi arasında Rusiyanın onsuz da aşağı olan nüfuzu son hadisələr fonunda əhəmiyyətli dərəcədə pisləşib", - deyə portalın məlumatında qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.