Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalıdır.
Milli.Az xəbər verir ki, bu barədə bu gün təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının növbəti iclasında bildirilib.
Qeyd edilib ki, hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Qazaxıstan tərəfindən yaradılmış xüsusi komissiya çərçivəsində istintaq tədbirləri davam edir.
Diqqətə çatdırıldı ki, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət istintaqın nəticələri barədə məlumatlandırılmalıdır.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.
Milli.Az