Ulduzlar sistemində dördüncü yeri tutan Xərçəng bürcü təxminən iyunun 22-dən iyulun 22-nə qədər olan dövrü (31 günü) əhatə edir. Ünsürü su, planeti Ay, düşərli günü bazar ertəsi və cümə axşamı, düşərsiz günü çərşənbə axşamı və şənbə, uğurlu rəngi ağ, açıq-mavi, göy və yaşıl, uğursuz rəngi boz, uğurlu daşı rubin, zümrüd və Ay daşı, metalı gümüş, enerji verən çiçəyi jasmin, bütün ağ çiçəklər, uğurlu rəqəmi 4, 5 və 8, müxalif bürcü Oğlaq, şanslı ölkələri Türkiyə, Şotlandiya, Prussiya, Hollandiya, Suriya, Afrika, Avstraliya və Sakit okean adalarıdır.
Tarixə səyahət
Misir təqvimində bu, ilk bürc idi. O, Hepri allahının müqəddəs heyvanı - Skarabey böcəyi kimi tanınırdı və həyatı yaradan, nuru özündə əks etdirən tanrını təmsil edirdi. Buna görə də onun himayədarlığı altında doğulmaq böyük bir məsuliyyətin altına girmək demək idi. Hepri ayında doğulan insanlara "Həyatın və Həqiqətin Qoruyucuları" kimi baxırdılar. Onların ali vəzifəsi başqalarını mehribançılıq, səxavətlilik və nurlu yol istiqamətinə yönəltməkdən ibarət idi.
Yunanlarda bu bürcə uyğun gələn - xəbər gətirən Hermesə həsr olunmuş Tısbağa simvolu idi. Bu simvol qeyd olunan ilahinin məxfiliyini və sirliliyini bildirir. Hermes öz ayında doğulanlara hadisələrin digər "üzünü" görməyə imkan verən hədsiz intuisiya bəxş edir, həmin insanları gizliliyə tapınmasına dair müvafiq nişanə ilə təmin edir.
Slavyanlara görə, Xərçəng bürcünə uyğun olan Kresen ayı idi və bu ərəfədə doğulanlara Kolyada allahının himayədarlıq etdiyini zənn edirdilər. Kolyada - Kainatı idarə edən silsilə qanunların allahıdır. O, insanlara ulduzların dilini başa düşməyi öyrətmiş və onlara səma elmini bəxşiş etmişdi. Onun himayədarlığı altında doğulanlar təbiətin və dünya quruluşunun qanunlarını incəliklə hiss edir, hər hansı harmoniya pozuntusundan əziyyət çəkirdilər.
Fiziki strukturu
Klassik astrologiyaya görə, yerə yapışan, kök fiqura, solğun, dəyirmi sifət, enli alın, açıq şabalıdı saçlar, böyük gözlər, iri döşlər, xırda pəncəli ayaqlar və uzun, qələməbənzər əllər Xərçənglərə məxsusdur. Ümumiyyətlə isə, bu adamlar ortaboyludur, dərisi solğun, sağlamlığı zəifdir. Balaca burnu, orta alnı var. Qolları və qıçları çox arıqdır. Açıq, yaxud boz rəngli kiçik, yuxulu gözləri var. Saçları tünd şabalıdıdır. Reaksiyası zəifdir, passivdir. Xarakteri həssasdır, ərköyündür, bəzən isə tənbəl və cəsarətsizdir.
Fəaliyyət üslubu
Bu adamlar bütün yaradıcı potensialı evdə sərf etməyi üstün tuturlar. Onların fəaliyyəti adətən peşəkar xarakter daşıyır və qonaq qəbul etmək üçün "ixtisaslaşıb". Onlar adətən qarşılarına qoyduqları məqsədə çatırlar, çünki səylə işləməyi bacarırlar. Pul Xərçəngdə özünəinam hissini gücləndirən yeganə amildir. Onlar hətta lap çox pul qazandıqda belə bədxərclik etmirlər. Biznesdə bu adamlar təkrarolunmaz intuisiyaya malikdirlər. Xərçənglər uğurla maliyyə problemlərindən və müflis olmadan yan keçirlər. İnvestisiya qoymaq üçün ən uğurlu olan sahələr şərabçılıq, dəniz məhsulları və yağ istehsalıdır.
Bu adamların himayəsində çalışmaq heç də hamıya xoş təsir bağışlamır. Xərçəng-rəhbər iş prinsipində "diktatura" rejiminə üstünlük verir, fəaliyyətdə dolanbac yolları seçir, eyni zamanda yalnız öz intuisiyasına uyğun hərəkət edir. İşçilər bu adamların impulsivliyinə öyrəşməlidir. Hansısa tapşırığı yarıtmaz şəkildə yerinə yetirərkən qovulmaq haqqında düşünməyin. Çünki bu müdir belə məsələlərə ciddi yanaşmır, olsa-olsa bir qədər cərimələyir. Rəis masasında oturan Xərçəng tabeliyində olan hər kəsin rəğbətini asanlıqla qazana bilir. Əgər siz onun hörmətini qazanmaq istəyirsinizsə, onunla mülayim davranın və heç vaxt üzünə tərif söyləməyin. Xərçəngin tabeçiliyində karyeraya çatmaq üçünsə vəzifə borcunuzu layiqincə doğrultmalı, minnətdarlıq hissinizi əsirgəməməlisiniz.
"Zəif" damarı
Məsləhət istəmək münasibətlərin uğurlu başlanğıcı ola bilər. Xərçənglər xoşxasiyyətdirlər, hətta tanımadıqları adama belə kömək etməyə hazırdırlar. Onların məsləhətləri də yerinə düşür. Çalışın, tanışlığa "Mən sizi əvvəllər harada isə görmüşəm" sualı ilə başlamayasınız. Xərçənglər gözəl yaddaşa malikdirlər. Heç nəyi və heç kəsi unutmurlar. Bu bürcdən olan insanlarla söhbət edərkən yaxşı olardı ki, xeyriyyəçilikdən, uşaqlara yardım göstərən təşkilatlardan danışasınız. Kişi Xərçənglər isə siyasətlə də maraqlanırlar. Əgər müdiriniz bu bürcdəndirsə, onda hansısa şəxsi işinizdə yardımçı olmağı ondan xahiş edə bilərsiniz. Münasibətlərinizi yaxşılaşdırmaq üçün bu, uğurlu səbəb ola bilər. Görüşünüzü teatrda, ya da konsertdə keçirmək daha münasib olardı. Xərçənglər romantik musiqiyə çox həssasdırlar. Klassik musiqi dinləsəniz, onlar bundan çox məmnun olarlar. Bir yerdə nahar etdikdə sakit musiqi qoyun. Restorana getdikdə isə "Yanıq Kərəmi" saz havasını dinləmək daha romantik əhval-ruhiyyə yaradar. Musiqiçilərin dediklərinə görə mahnı məhəbbəti alovlandırır.
Mənfi cəhətləri
Xərçənglərin cəmiyyətdə nüfuz qazanmalarına mane olan onların eqoistliyi, məsuliyyətsizliyi, xasiyyətinin tez-tez dəyişməsidir. Bu bürcə aid olan kişilərin bir qismi daxilən qorxaq və simic olur. Kişi-Xərçənglərin hiyləgərliyi və emosinal dayanıqsızlığı, onların qadınlarla olan münasibətlərinə mənfi təsir göstərir. Adətən bu bürcdən olan qadınlarla ailə həyatı qurmaq üçün kişilər uzun müddət gözləməli olurlar.
Gizli qabiliyyətləri
Bu bürcdən olanlar magik təsirə xüsusilə məruz qalırlar. Onlar həssas olduqları üçün ətraf mühiti çox yaxşı hiss edirlər. İnsanların öldüyü və ya uzun müddət əzab çəkdikləri yerlərdə Xərçənglər özlərini çox pis hiss edir. Onların sınaqdan çıxan yuxularını həmişə ciddi qəbul etmək lazımdır. Lakin Xərçənglər bəzən bu yuxuları yoza bilmirlər. Əgər bu bürcdən olanlar fövqəltəbii işlərlə ciddi məşğul olsalar, böyük uğurlar qazanar və bu işdə yalnız Əqrəbdən geri qalarlar. Belə ki, əgər Əqrəbin ən güclü tərəfi - "mübariz magiya", magik təsirdən güclü müdafiədirsə, Xərçənglər əsasən, məhəbbətlə, ailə və övladlarla bağlı məslələrdə uğur qazanırlar. Çünki onlar qadını təcəssüm etdirən Ayın himayəsi altındadır.
Karmik düyünü
Tipik Xərçəng çox qapalıdır, onun fikrində emosiya və düşüncə tamdır. Real həyatda baş verən istənilən dəyişiklik, onun daxili dəyişikliyinə səbəb olur ki, bu da öz növbəsində heç də itkisiz ötüşmür. Buna görə də Xərçəng özünə aid olan hər şeydən - duyğu və düşüncələrindən, dünyagörüşündən, onu əhatə edən fraqmentlərdən dördəlli yapışır. Xərçəng öz-özlüyündə kövrək və emosional, ətraf üçünsə tapmaca və bir növ "qara dəlik"dir. Beləsi qətiyyən ətrafa enerji saçmır.
Ali Xərçənglər dini araşdırmalara, Tanrını mistik baxımdan hiss edib, aramağa meyllidirlər. Onlar mənəvi atalar, dini rəhbərlər və müqəddəslərdir. İnkişaf etmiş Xərçəng sizinlə qatarda, yol zamanı ikicə saat söhbət etməklə ola bilər ki, sizi bütün ömrünüz boyu əzab verən suala cavab tapsın. Bu arada o, özü həm gərəkli informasiya, həm də emosional rahatlıq əldə edir. Xərçəng inanılmaz dərəcədə başaqasının cavab reaksiyasını hissetmə qabiliyyətinə malikdir, o, çox dərindən qavrayır. İnsan üçün həqiqətən də bu, çox nadir və qeyri-adi bacarıqdır.
Yuxuları
Bu şəxslər üçün yuxu ikinci həyatdır. Hətta burada hansısa gizli mənanın olub-olmaması onları qətiyyət maraqlandırmır. Yuxular aləmi - sehrli, möcüzəli, gözəgörünməz varlıqlarla zəngin bir dünyadır və bu dünyada yaşamaq Xərçənglərin ən böyük arzusudur. Axı onlar bütün həyatları boyu uşaq kimi qalır, yalnız yuxularda rahatlanırlar. Onlarda hər şey bilərəkdən baş verir və ciddi nəticələnir. Məsələn, Xərçəng bürcünün bir nümayəndəsi real həyatda gözü götürməyən bir şəxsi yuxuda görür və bundan bərk qorxuya düşür. Gecə dəfələrlə oyanır və yenidən yatır. Onu bir sual çox narahat edir: bu yuxudan kim əziyyət çəkəcək - özü, yoxsa yuxuda gördüyü şəxs? Onu da qeyd edək ki, Xərçənglər də Buğalar kimi hissiyyatlı olur, yuxuda tez-tez yaxın dost-tanışların fikirləri və vəziyyətləri, müxtəlif tarixi şəxsiyyətlər və s. ilə qarşılaşırlar. Yeri gəlmişkən, Xərçəng lunatikliyə meylli bürclərdən biridir. Bu səbəbdən də onların gecələr oyanıb küçələrdə gəzməsinə təəccüblənməməlisiniz.
Sevgisi
İncə qəlbli Xərçəng üçün məhəbbətini itirmək çox ağır zərbədir. Belə üzücü hallarda romantik Xərçəng gözlərini yumur və sevgilisinin qayıtmasını arzulayır. O isə qayıtmaq haqqında heç fikirləşmir. Xərçənglər məhəbbətdə uşaq kimi ərköyündürlər. Əzab verməkdən həzz alırlar.
Flora dünyası
Xərçənglər jasmin, doqquzdon, zanbaq və ümumiyyətlə, bütün ağ rəngli çiçəkləri xoşlayırlar. Ağ suzanbağı onlara xüsusi zövq verir. Xərçəng bürcünün nümayəndələrinin nəzərinə çatdıraq ki, onlar öz evində sarmaşan bitkilər, aloy və kaktus saxlasalar, daha məqsədəuyğundur. Jasmin, pion, lalə, kalendula və peyğəmbərçiçəyindən hazırlanmış gül buketini onlara hədiyyə etmək çox yerinə düşərdi.
Xərçənglərin sevdikləri ətirlər: səndəl, jasmin, lalə, qızılgül, şanagüllə, ənbər...
Fauna dünyası
Klassik astrologiyada hər bir Zodiak işarəsinin müxtəlif heyvanlarla bağlılığı haqqında dəyərli fikirlər göstərilib. Xərçənglərə uyğun gələn heyvanlar isə bunlardır: dovşan, durna (sona), pişik, yarasa, bülbül, qurbağa, su ilanı və bütün balıqlar.
Xəstəlikləri
Xərçəng bürcünün himayədarı olan Ay insan bədəninin təbii funksiyalarını, döş qəfəsini, mədəni, kapilyarları, kişilərdə sol, qadınlardasa sağ gözü idarə edir. Ay qızdırma, epilepsiya, boğaz ağrısı, əqli zəiflik, qanaxma, su çiçəyi kimi xəstəliklər törədir. Astrologiyada Xərçəng bürclülərin zəif orqanı kimi bütünlüklə döş qəfəsi, süd vəziləri, mədə, ağciyərin aşağı hissəsi, qida borusunun aşağı hissəsi, dalaq, qara ciyərin yuxarı hissəsi göstərilir. Mədə xəstəlikləri, qidanın pozulması, psoxomatik pozulmalar, şişkinlik Xərçəng bürcü ilə əlaqəli olan tipik xəstəliklərdir.
Ölüm ünvanları
Su işarəsindən olmasaydılar, bəlkə də onların ölüm ünvanına dənizlər, çaylar, göllər və s. düşməzdi. Bunun da üstünə meşələri, basabas olan yerləri əlavə etsək, işlər lap müşkülləşər. Təncim elminə görə, onlar əsasən xarici ölkələrdə vəfat edirlər. Bu adamlar daha çox dərmandan, spirtli içkilərdən, infeksion xəstəliklərdən və infarktdan ölürlər.
"Qoroskop"