Texnologiya

Telefonu avtomobildə doldurmaq sərfiyyatı artırır?

25 İyul 2026 02:04
Baxış: 65
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bir çox sürücü smartfonunu avtomobildə USB portu və ya alışqan girişinə qoşulan adapter vasitəsilə enerji ilə təmin edir. Lakin az adam düşünür ki, bu enerji haradan gəlir və bunun yanacaq sərfiyyatına təsiri varmı.

Milli.Az xəbər verir ki, "Engadget" nəşrinin yazdığına görə, telefonun avtomobildə enerji yığması texniki baxımdan yanacaq sərfiyyatını artırsa da, bu artım o qədər cüzidir ki, gündəlik istifadədə onu hiss etmək demək olar ki, mümkün deyil.

Telefon enerji alanda yanacaq niyə sərf olunur?

Avtomobil hərəkətdə olarkən smartfon üçün lazım olan elektrik enerjisi generator vasitəsilə təmin edilir. Generator isə mühərrikin hesabına işləyir, mühərrik isə bunun üçün yanacaq sərf edir. Bu səbəbdən avtomobilə qoşulan hər bir elektrik cihazı sistemə müəyyən qədər əlavə yük yaradır.

Lakin telefon enerji doldurucularının gücü çox aşağıdır. Adi avtomobil adapteri təxminən 5-15 vatt enerji sərf edir. Müqayisə üçün, avtomobilin kondisioneri minlərlə vatt enerji tələb edir. Hətta bəzi göstərici lampaları belə telefon enerji doldurucusundan daha çox elektrik istehlak edə bilir.

Fərq hiss olunurmu?

Mütəxəssislərin hesablamalarına görə, telefonun daim enerji alması yanacaq sərfiyyatını cəmi təxminən 0,03 mil/qallon azaldır. Məsələn, avtomobil normalda 1 qallon yanacaqla 20 mil yol gedirsə, telefon qoşulu olduqda bu göstərici təxminən 19,97 mil olur.

Bu fərq o qədər kiçikdir ki, uzun səfərlər zamanı belə sürücü onu hiss etməyəcək. Yanacaq sərfiyyatına kondisionerin işləməsi, sürmə tərzi, sürət və avtomobilin texniki vəziyyəti kimi amillər daha güclü təsir göstərir.

Akkumulyatora zərər verir?

Digər geniş yayılmış fikir isə telefonun avtomobildə enerji almasının akkumulyatoru tez boşaltmasıdır. Mütəxəssislər bildirirlər ki, avtomobil hərəkətdə olarkən bu, demək olar ki, baş vermir. Generator həm avtomobilin elektron sistemlərini qidalandırır, həm akkumulyatoru doldurur, həm də qoşulmuş cihazlara enerji verir.

Lakin mühərrik söndürülmüş vəziyyətdə telefon birbaşa avtomobilin 12 voltluq akkumulyatorundan enerji alır. Bir neçə saatlıq enerji yığımı adətən problem yaratmasa da, köhnə akkumulyatorlu və ya uzun müddət istifadə olunmayan avtomobillərdə boşalma riski artır.

Mütəxəssislər hesab edirlər ki, smartfonu avtomobildə mütəmadi olaraq enerji ilə təmin etmək nə yanacaq sərfiyyatına, nə də akkumulyatorun vəziyyətinə ciddi təsir göstərir. Bununla belə, mühərrik söndürülmüş halda telefonu uzun müddət USB portuna qoşulu saxlamaq tövsiyə edilmir./Lent.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.