Sağlamlıq

Parodontozun müalicəsində əsasən cərrahi müdaxiləyə üstünlük verilir

26 Yanvar 2020 22:55
0 Şərh     Baxış: 1 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda əhali arasında geniş yayılan parodontit, parodontoz və gingivit kimi stomatoloji xəstəliklərə tez-tez rast gəlinir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin ortopedik stomatologiya kafedrasının assistenti Elmira Əliyeva həmin xəstəliklərin etiologiyası, yeni müayinə və müalicə üsulları haqqında məlumat verib.

Mütəxəssis bildirib ki, parodont dişin boyunətrafını əhatə edən və dişi alveolda saxlayan toxumaların kompleksidir: "Parodontun tərkibinə diş əti, periodont, dişin sementi, sümüküstlüyü və alveolyar çıxıntılar daxildir. Parodontun toxumalarını xarici yuxu arteriyasının şaxəsi olan çənə arteriyası qanla təchiz edir. Xəstəliyin innervasiyası üçlü sinirin ikinci və üçüncü şaxələrinin hesabına baş verir.

Parodont dişlərin "dayaq-saxlayıcı" aparatını təşkil edir. Ağız boşluğuna baxış apararkən, parodonta diqqət yetirilməlidir, çünki parodontla ortopedik stomatologiya sıx əlaqədədir. Əgər biz ağız boşluğuna baxış zamanı parodontun vəziyyətini nəzərə almasaq, gələcəkdə ortopedik konstruksiyalarda baş verən problemlərlə üzləşə bilərik".

Onun sözlərinə görə, parodont dişi saxlayan dayaqdır. Əgər xəstədə parodontit kimi patologiya mövcud olarsa və müayinə zamanı həkim diqqət yetirməyib bu problemi müalicə planına daxil etməzsə, onda yaxın gələcəkdə xəstə həkimin yanına geri dönəcək, yenidən müalicə almalı olacaq və artıq hazırlanmış ortopedik konstruksiyaların yeniləri ilə əvəz olunması məcburiyyəti yaranacaq.

"Parodont xəstəlikləri ilə parodontologiya məşğul olur. Parodontologiyada tez-tez rast gəlinən patologiyalar parodontoz, parodontit və gingivitdir. Parodontoz və parodontit xəstəliklərini çox vaxt səhv salırlar. Parodontit diş ətinin hiperemiyası və qanaxması, dişlərin həssaslığı və laxlaması, diş ərpinin toplanması, patoloji ciblərin əmələ gəlməsi ilə müşayiət olunan iltihabi xəstəlikdir. Parodontitin kliniki diaqnostikasında üç forması ayırd edilir: yüngül, orta və ağır dərəcələr. Həmin xəstəliyi törədən əsas səbəblər ağız boşluğunun qeyri-qənaətbəxş və ya pis gigiyenası, siqaretçəkmə, düzgün olmayan qidalanma, irsi amillər, dərin dişləm və hiposalivasiyadır. Müalicəsində ilk növbədə ağız boşluğunun düzgün gigiyenası zəruridir. Mikrob amili, diş çöküntüləri kənar edilməli, patoloji ciblərin küretajı aparılmalıdır. Metilurasildən, həmçinin trixopol, metilurasil, askorutinin birgə qarışığından, o cümlədən heparin məlhəmindən istifadə edilir. Fizioterapiya, kvant terapiyası toxumaların bərpasını təmin edir, parodontun mikrosirkulyasiyasını bərpa edir. Düzgün aparılan sanasiya və küretaj xəstəliyin müalicəsi zamanı əldə olunmuş uğurun 80 faizini təşkil edir. Dişlərin laxlaması olduqda şinləmə aparılır, xəstəliyin ağır dərəcəsində isə sonrakı ortopedik müalicə aparılmaqla dişlər çəkilir", - deyə E.Əliyeva qeyd edib.

O, bildirib ki, parodontoz stomatoloqun praktikasında rast gəlinən parodontun qeyri-iltihabi, distrofik xəstəliyidir: "Rentgenoloji müayinə zamanı sümük toxumasının bərabər kiçilməsi aşkarlanır. Parodontozun səbəbləri hələ dəqiq aşkar edilməyib. Lakin dəqiqliklə demək olar ki, ağır sistem xəstəlikləri, yəni ateroskleroz, şəkərli diabet, hormonal pozulmalar, həmçinin irsi amillər parodontozun əmələ gəlməsinə səbəb ola bilər.

Parodontozun müalicəsində əsasən cərrahi müdaxiləyə üstünlük verilir. Yəni dişlər çəkilir, sonradan sümük unu qoyulmaqla və konstruksiyalar hazırlanmaqla ortopedik müalicə aparılır. Dişlərin boyunları açıldıqda və nəticədə onlar həssas olduqda, flüortərkibli laklar və həssas dişlər üçün olan diş məcunlarından istifadə edilir.

Gingivit diş ətinin tamlığı pozulmadan onun iltihabıdır. Əgər vaxtında müalicə aparılmazsa, gingivitin parodontitə keçmək ehtimalı böyükdür.

Hiperplastik gingivit və ya hipertrofik gingivit orqanizmdə endokrin xəstəliklərlə bağlıdır. Gingivitin bu formasına əsasən yeniyetmələr, hamilələr və şəkərli diabetdən əziyyət çəkən insanlarda rast gəlinir. Bu formada diş əti məməciklərinin həcmi böyüyür. Diş ətinin qanaması, ödem aşkar edilir. Diş əti tünd qırmızı, göyümtül çalar alır, ağızdan pis qoxu gəlir, diş çöküntüləri və yalançı patoloji ciblərin yaranması aşkarlanır.

Xəstəliyin ağır və ləng sürən formalarında antibiotiklər təyin edilir. Müalicə zamanı antiseptik məhlullar, fermentlər, trixopol, biseptol məlhəmi ilə aplikasiya sarğılarından da istifadə olunur.

Nəzərdə saxlamaq lazımdır ki, bütün bu sadalanan xəstəliklərin xroniki gedişatı olduğuna görə, hər altı aydan bir profilaktik baxış və "air flow" ilə dişlərin təmizlənməsi vacibdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.