Sağlamlıq

Kişi sonsuzluğu problemi: onunla necə mübarizə aparmalı? - Tanınmış həkimdən məsləhətlər

11 İyun 2019 16:53
Baxış: 5 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Uroloq-Androloq, tanınmış cərrah, Tibb Elmləri üzrə Fəlsəfə Doktoru Cavid Baloğlanovun bu gün dünyada və həmçinin ölkəmizdə geniş yayılmış kişi sonsuzluğu problemi haqqında yazısını təqdim edir.

Kişi cinsiyyət hüceyrəsinin adı spermatozoiddir. Onun ölçüsü 50 mikrometr təşkil edir (bu göstəricinin nə qədər kiçik olduğunu anlamaq üçün, təsəvvür edin ki 1 mikrometr 1 millimetrdən min dəfə az olan ölçüdür)  və o qadın hüceyrəsi ilə birləşmək üçün özündən 20 min çox ölçüdə məsafəni qət etməlidir. O hallarda ki spermatozoidlər bu cür "qəhrəmanlıq" edə bilmirlər həkimlər kişi sonsuzluğu diaqnozunu qoyurlar. 

Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına görə nəsilartırma yaşında olan bütün cütlüklərin 15% uşaq sahibi ola bilmirlər. Digər məlumatlara görə  dünya üzrə bütün ailələrin 10% təbii yolla ata, ana ola bilmirlər və əksər haılarda süni mayalanma üsulu ilə valideyn olurlar.

Artıq elmi cəhətdən sübut olunub ki ailə cütlüklərində əksər hallarda (təxminən 85%) ailə həyatını ilk ilində hamiləlik baş verir. Cəmi 7% hallarda qadın ailə həyatının ikinci ilində hamilə olur. Ona görə evlilikdən sonra 12 ay ərzində ailə cütlüyündə uşağın olmaması problemi sonsuzluq adlandırılır.

Və burada bir şeyi qeyd etmək lazımdır ki xüsusən bizim cəmiyyətdə əksər hallarda hamı  dərhal qadının üstünə düşür və birinci növbədə məhz qadını həkimə göstərirlər, halbuki sonsuzluğun səbəblərində həm kişi, həm də qadınlara aid olan problemlər eyni faiz təşkil edirlər. Daha dəqiq desək 30%. 25% hallarda isə ümumiyyətlə səbəb bilinmir və buna idiopatik, yəni dəqiqləşdirilməmiş sonsuzluq deyirlər.

Kişi sonsuzluğunun səbəbləri arasında xüsusən bir neçəsini qeyd etmək istərdim:

1. Cinsi yolla keçən infeksiyalar: Bu infeksiyalar cinsiyyət orqanlarında iltihab yaradır, toxumçıxarıcı yolları daraldır, toxum eyakulyatının parametrlərini dəyişir və bununla spermatozoidlərin yaşama qabiliyyətinə təsir edirlər. Bəzi infeksiyalar isə bir başa spermatozoidləri öldürürlər. Buna görə mən bütün cavanaları qoruyucu vasitələrdən istifadə etməyə və evlənməkdən qabağ mütləq cinsi yolla keçən infeksiyaları  yoxlanmağa çağırıram. Ümumiyyətlə cinsi həyat yaşayan hər bir kişi şikayətləri olmasa belə ildə 1 dəfə cinsi çekapdan keçməlidir.

2. Endokrin (hormonal) pozğunluqlar, xüsusilə də testosteron hormonunun səviyyəsinin azalması. Testosteron-kişilərdə əsas cinsi hormondur. O bir başa kişilərdə əks cinsə tərəf marağın yaranamsına, xayalarda spermatozoidlərin yetişməsinə, əzələ-sümük sisteminin inkişafına cavabdehdir. 
Cinsiyyət orqanlarının (xayaların) inkişafının ləngiməsi zamanı testosteron hormonunun səviyyəsi enir. Bu patoloji vəziyyət hipoqonadizm adlanır. O anadangəlmə və ya keçirilmiş, müəyyən xəstəliklər və patoloji təsirlər nəticəsində yarana bilər.

Bundan əlavə son zamanlar kulturizmlə məşğul olan cavanlar arasında əzələləri inkişaf etdirmək məqsədi ilə anabolik steroidlərin və testosteronun özbaşına, müayinədən keçməmiş istifadəsi halları çox artıb. Və bu cür dərmanların külli miqdarda istifadəsi zamanı xaya toxumalarının ölməsi baş verir və bu da sonsuzluğa gətirib çıxarır.

Geniş yayılmış hormonal səbəblər arasında piylənməni də qeyd etmək istərdim. Ümumiyyətlə piy -endokrin orqandır. O aktiv şəkildə qadın hormoları- estrogenləri ifraz edir və testosteron səviyyəsini azaldır. Buna görə uşaqlıqdan oğlan uşaqlarının çəkisinə, qidalanmasına diqqət yetirmək lazımdır. 

Müəyyən yaşdan sonra piylənməyə gətirib çıxara bilən digər problemləri  də yoxlamaq lazımdır (qalxanabənzər vəzin, mədəaltı vəzin, qara ciyər, bağırsaq və digər orqanların xəstəlikəri).

3. Varikosele: Xayanın (toxum ciyəsinin) venoz damarlarının genişlənməsi xəstəliyidir. Kişilərdə sonsuzluq səbəbləri arasında ən çox rast gələn və 35% təşkil edən patologiyadır. Əksər hallarda özünü yalnız spermoqram göstəricilərinin enməsi ilə biruzə verir. Ömrün uzunluğuna təsir etməsə də, həyat keyfiyyətinə zərər vura bilən,sonsuzluğa gətirib çıxaran bir xəstəlikdir. Bu xəstəliyin qazanılmasının əsas risk faktoru qarın daxili təzyiqin yüksək olmasıdır. Ona görə risk qrupuna ağır yük qaldıran ( idmançılar, yükdaşıma xidmətinin işçıləri, inşaatçılar və s.), ayaqüstə çox vaxt keçirən ( hərbçilər, satıcılar, müxtəlif servis xidmətləri nümayəndələri ) və ya, əksinə, oturaq həyat tərzi yaşayan( bank və ofis işçiləri, sürücülər ), qəbizlikdən əziyyət çəkən insanlar aiddir.

4. Kriptorxizm - oğlan uşaqlarında xayaların xayalığa enməməsidir. Çox insanlarda sual yaranır ki xaya xayalıqa enməyəndə nə olur? Və niyə həkimlər dərman müalicəsi kömək etməyəndə, buna görə heç 2 yaşı tamam olmamış uşaqlara cərrahi əməliyyat  təklif edirlər? Gözləsək nə olar? və s. Cavab budur: xayalarda spermatogenez( sperma əmələgəlməsi ) prosesi baş verir və bunun üçün müəyyən hərarət tələb olunur. Qarın boşluğunda isə hərarət xayalığın hərarətindən yüksəkdir. Bu səbəbdən uşaqlarda xayalar vaxtında yerlərinə enməyəndə inkişafdan qalır və gələcəkdə bu onların reproduktiv funksiyasına mənfi təsir göstərir,sonsuzluq, onkologiya və hormonal pozğunluğa gətirib çıxarır. Ona görə kriptorxizm zamanı xayaların xayalığa vaxtında endirilməsi vacibdir.

5. Toxumçıxarıcı yolların bağlanması, tıxanması. Həm anadangəlmə anomaliya ola bilər, əksər hallarda isə keçirilmiş iltihab, infeksiya və ya  zədələnmə nəticəsində yarana bilər. 

6. Anadanangəlmə anomaliyalar: hipospadiya- ölkəmizdə ən geniş yayılmış uşaq patologoyalarından biridir. Hipospadiya-sidik kanalının xarici dəliyinin cinsiyyət orqanının ucunda deyil alt səthində bir yerə açılmasıdır. Bu xəstəliyin də müalicəsi cərrahi yolla aparılır.

7. Uşaqlıqda keçirilmiş parotit, qulaqdibi xəstəliyi (svinka) orxit xəstəliyini yaradıb xayaların atrofiyasına gətirib çıxara bilər. Ona görə oğlan uşaqlarını bu xəstəliyi keçirdiyi zaman  mütləq həkimə göstərmək və həkim nəzarəti altında müalicə etmək lazımdır. Xayalarda hər hansı şişkinlik və ya ağrı yaranarsa, dərhal həkim-uroloqa müraciət etmək lazımdır.

8. Cinsiyyət orqanlarının zədələnməsi

9. Siqarət çekmə, alkoqol, marixuana.

10. Dərman preparatların təsiri (antibiotiklər, təzyiq dərmanları)

11. Kimyavi maddələrin və radiasiyanın təsiri

12. Hamam və saunalarda uzunmüddətli vaxt keçirmə.

Ümumiyyətlə sadaladığımız bütün bu amillərə nəzər salsaq görərik ki əksər hallarda bu problemləri vaxtında həkimə müraciət etməklə  aşkarlamaq və müalicə etmək olar. Doğulandan bəri vaxtında oğlan uşaqlarının cinsiyyət orqanlarının inkişafına nəzarəti, hər hansı şübhə olduqda dərhal uroloqa göstərilməsi, onların qidalanmasına və çəkisinə nəzarəti, müəyyən xəstəliklər zamanı (orxit, epididimit, uretrit) həkim məsləhətlərinin alınması və dəqiqəliklə yerinə yetirilməsi, yetkinlik dövründə övladların düzgün seksual tərbiyələndirilməsi, sağlam həyat tərzinə( idmanla məşğul olmaq və zərərli vərdişlərdən uzaq olmaq) öyrədilməsi, vaxtında həkim müayinələrinə göndərilməsi bu cür xəstəliklərin qarşısını alır və gələcəkdə onlara sağlam ailə və uşaqlar sahibi olmağa imkan verir. Bir daha qeyd etmək istəyirəm ki, heç kimdən tibbi biliyin olması tələb olunmur və bəzi insanlar müəyyən problemləri görməyə və bilməyə bilər. Amma bu bilməməzlik vaxtında aparılmış həkim müayinəsi ilə kompensasiya olunmalıdır.

Mən, Uroloq-Androloq doktor Cavid Baloğlanov kişi sonsuzluğunun ən müasir üsullarla, həm konsrevativ, həm də cərrahi yolla müalicəsi ilə məşğul oluram. Bu problemdən əziyyət çekən və ya sadəcə müayinə olunmaq istəyən insanları çalışdığım "İstanbul NS" klinikasına  dəvət edirəm. Əgər sizdə və ya uşağınızda yuxarıda qeyd olunan amillərdən hər hansısa varsa və ya siz ailə həyatı qurmaq isytəyindəsinizsə sizlərə mütləq müayinədən keçmək məsləhət görürəm. 

Allah hamıya can sağlığı və uzun ömür bəxş etsin. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.