Sağlamlıq

Soyuq havada uşaqları viruslarından necə qoruyaq? - Gənc analara məsləhət

2 Noyabr 2018 23:18
1 Şərh     Baxış: 2 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Günay Rəsulova: "Xəstə uşaq məktəbə, yaxud bağçaya getdikdə, ağırlaşma riski daha da artır" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Artıq payızdır, bu ərəfələrdə havalar qəfildən dəyişir. Səhərlər günəşi görüb nazik geyinsək də, axşamlar hava adətən, soyuq olur. Bu məqamda isə qrip virusları sürətli şəkildə yayılmağa başlayır. Təkcə böyüklər deyil, elə uşaqlar da belə havalarda tez-tez xəstələnir. Amma təəssüf ki, bir çox valideyn belə məqamlarda nə edəcəyini bilmir. Bir çoxları düşünür ki, uşağı qalın geyindirməklə, xəstəlikdən sığortalamış olur. Bəs görəsən övladlarımızı soyuq havanın fəsadlarından necə qoruya bilərik? Suallarımızı Pediatr Günay Rəsulova cavablandırdı.

Pediatrın sözlərinə görə, qrip virusları ilə mübarizə aparmaq üçün valideynlər diqqətli olmalıdır. Xəstəliyə yoluxan uşaqları məktəbə, yaxud bağçaya göndərmək olmaz: "Havaların soyuması ilə əlaqədar uşaqlarda tez-tez soyuqdəymə hallarına rast gəlinir. Xüsusilə, bağça, məktəb yaşlı uşaqlar günün çox hissəsini qapalı məkanlarda keçirirlər. Belə məkanlarda adətən hava cərəyanı və oksigen təminatı aşağı olur. Ona görə də, virus infeksiyaları uşaqlar arasında daha tez yayılır. Çünki orada virusların yayılması üçün əlverişli şərait var. Belə məkanlarda virusdaşıyıcı uşaq varsa, sağlam uşaqları da yoluxma riski yüksək olur. Ona görə də, xəstə uşaqları məktəbə, yaxud bağçaya yollamaq olmaz".

G.Rəsulova söylədi ki, sağlam uşaqları mümkün qədər xəstə uşaqlardan uzaq tutmaq lazımdır: "Qonaq getdiyiniz yerlərdə, yaxud evə qonaq gəldiyi zaman, xəstənin olub-olmadığını müəyyənləşdirmək lazımdır. Bəzən valideynlər belə məqamlara diqqət etmirlər. Amma ev qapalı məkandır. Xəstə olduğu zaman digər infeksiya virusları tez bir zamanda otağa yayıla bilir. Ona görə də, uşaqları belə hallar zamanı mümkün qədər uzaq tutmaq lazımdır.  Qrip virusuna yoluxan uşaqları bağçaya və məktəbə göndərmək olmaz. Bu, uşağın həm özünə, həm də yoldaşlarına təhlükədir. Bəzən valideynlər dərslərindən geri qalmasın deyə, uşağı məktəbə yollayırlar. Bu, qətiyyən düzgün deyil. Çünki xəstə uşaq məktəbə, yaxud bağçaya getdikdə onda ağırlaşma riski daha da artır. Belə olduqda isə onun sonrakı dövrdə müalicəsi daha da çətinləşir. Bununla yanaşı, o digər uşaqları da virusa yoluxdurmuş olur. Çünki azyaşlı uşaqlarda immun sistemi tam formalaşmadığına görə, onların yoluxma riski yüksək olur. Yaxşı olar ki, xəstə uşaqlar bir neçə gün evdə qalıb tam sağaldıqdan sonra məktəbə getsinlər. Bundan başqa, havalar soyuyan zaman, xəstəliklərdən qorunmağın ən ideal yolu uşaqların vaksinasiyasıdır. Yeni doğulmuş uşaqları ilk 6 ayda passiv immunitet qoruyur. Amma növbəti dövrdə uşaqları infeksiyalardan qorumağın yeganə üsulu peyvəndlərdir. Yaxşı olar ki, uşaqlar vaxtında peyvənd olunsun".

Pediatr qeyd etdi ki, viruslarla mübarizədə uşağın sağlam qidalanması, düzgün yuxu rejimi önəmli rol oynayır: "Xəstəliklərlə mübarizə aparmaq üçün uşaqlar vaxtlı-vaxtında qidalanmalıdırlar. Bəzən valideynlər uşaqların gec saatlara qədər oyaq qalmasına məhəl qoymurlar. Belə uşaqlar adətən səhərlər gec oyanırlar. Bu, uşaqların  boy artımına, fiziki inkişafı ilə yanaşı, immun sisteminə də mənfi təsir göstərir. Əsas faktorlardan biri də təmiz havanın qəbul olunmasıdır. Havalar soyuyanda valideynlər uşaqlarını təmiz havaya çıxarmaqdan ehtiyat edirlər. Ona görə də uşaqları qapalı əyləncə, alış-veriş mərkəzlərinə aparırlar. Yaxşı olardı ki, uşaqlar bol miqdarda təmiz hava qəbul etsinlər. Düzgün geyim qaydalarına riayət etməklə, uşaqları mütləq  təmiz havaya çıxarmaq lazımdır. Əgər uşaqda qrip əlamətləri hiss olunursa, ona bol maye qəbul etdirməkdə fayda var. Həmçinin, burun tənəffüsünü bərpa etmək də vacibdir. Bunun üçün xüsusi məhlullardan və az miqdarda dəniz duzundan istifadə etmək olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.