Sağlamlıq

Siqareti tərgitmək istəyənlər üçün 4 MADDƏ

28 Dekabr 2015 20:12
3 Şərh     Baxış: 13 448
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Siqaret çəkmək sağlamlığa ziyandır". Məşhur şüarı hamı bilsə də, heç kim bu zərərli vərdişdən əl çəkmək istəmir. Bunu əsaslandırmaq üçün də müxtəlif səbəblər tapırlar: "əsəblərimi sakitləşdirir", "fikrimi dağıdır", "kökəlməyə mane olur", "ürəyim istəyir, çəkirəm"...
 
Ancaq son günlər ölkədə baş verən kəskin devalvasiya bəzi siqaret aludəçilərinin bu vərdişlərindən uzaqlaşmasına səbəb olub. Məhz devalvasiyadan sonra çoxları siqaretin həm sağlamlıq, həm də büdcə üçün zərərli olduğunu anlayıb və onu tərgitmək qərarına gəlib. Mütəxəssislər isə bildirirlər ki, müəyyən yaş dövründən sonra siqareti birdən-birə atmaq olmaz. Çünki bu, orqanizm üçün zərbə ola bilər. Siqareti tərgitmək mütləqdir, amma tədricən.
 
Çox adam siqaret çəkmək istəmədiyini, ancaq bədəninin bunu tələb etdiyini deyir. Əslində isə siqareti bədən deyil, bədəni idarə edən beyin tələb edir.
 
Mütəxəssislər deyirlər ki, insan istərsə, siqareti bir aya bir daha çəkməmək iradəsi ilə tərgidə bilər. Bunun üçün bir çox sadə üsullar təklif edilir. Məsələn, siz siqareti tərgitmə səbəblərini iri hərflərlə yazıb, kompüterinizin yaxınlığında divara, avtomobilinizin şüşəsinə və ya  soyuducunun qapısına yapışdıra bilərsiniz. Belə olan halda beyin siqareti atmağa yavaş-yavaş hazırlanır. Fikirləşin ki, siqareti tərgitsəniz, həm həyat yoldaşınız, həm də bədəniniz sizə təşəkkür edəcək. Sizdən kəskin tütün qoxusu gəlməyəcək və uşaqlarnız siqaret dumanında nəfəs almayacaq.
 
Mövzu ilə bağlı Aile.lent.az-a danışan psixoloq Fidan Əliyeva deyir ki, siqareti tərgitmək arzusunda olan insan ilk növbədə siqaretin bir ayda büdcəyə verdiyi zərəri hesablasın. Daha sonra həmin pula uşaqlarına və həyat yoldaşına hədiyyə almağı sınasın. Uşaqların və həyat yoldaşının sevinci adamı siqareti buraxmağa bir qədər də həvəsləndirəcək: "Belə düşünün, gündə 20 siqaret çəkirsinizsə, bu, bir ilə 365 qutu edir. Ən yaxşı halda, bir ilə 1095 manat xərcləyəcəksiniz. Siz siqareti tərgitməklə büdcənizə bu qədər xeyir vermiş olursunuz. Siz bu pulla hansısa rayonda gözəl istirahət edə bilərsiniz".
 
Psixoloq qeyd edir ki, siqraeti tərgitmək arzusunda olan hər bir insan 4 maddəni unutmamalıdır:
 
1. Siqaret çəkmək istəyi yarandıqca su için, əylənin və dərindən nəfəs alın.
 
2. Bədəniniz - beyniniz siqaret istəyirsə, yaxınlarınızın ətrafında olmağa çalışın və ya telefonla sevdiyiniz insana zəng vurub danışın.
 
3. İşdəsiniz və siqaret istəyirsinizsə, otaqda var-gəl edib, qənaət edəcəyiniz pulu hara xərcləmək barədə plan qurun.
 
4. Yenə də siqaret istəyirsinizsə, internetdən siqaretin zərərləri barədə uzun-uzadı məlumatlar oxuyun.
 
Psixoloq siqareti dərhal deyil, tədricən azaltmağı tövsiyə edir: "Siqareti tərgitmək üçün siyahı tutun - pul yığmaq, sağlamlığınızın qaydasına salmaq, uşaqlarınıza daha yaxşı nümunə olmaq, qadınınızın (yoldaşınızın) sevimlisi olmaq. Bundan sonra siqareti tərgitmək üçün gün təyin edin. Bir gün qalmış siqaretə aid olan hər şeyi - siqaret qutusunu, çaxmaqları, kibritləri, külqabıları zibil qabına atın. Və təyin etdiyiniz gündən etibarən siqareti yavaş-yavaş tərgitməyə başlayın. Məsələn, gündə 20 siqaret çəkirsinizsə, ilk gün 17 dənə və beləcə, tədricən azaldın. Çünki siqareti azaldaraq atmaq daha rahatdı və nəfəs almanı tənzimləyir.
Kofe və alkoqollu içkilər siqareti xatırlatdığı üçün bir müddət onlardan uzaq durun. Kinoya və ya idman salonuna gedin. Əgər ürəyiniz siqaret çəkmək istəyirsə, 6 dəfə dərindən nəfəs alıb,  meyvə yeməyə başlayın. Bir həftə siqaretə xərclədiyiniz pulla özünüzü mükafatlandırın. Unutmayın, insan daxilən uşaq kimidir. Öz düzgün addımlarını dəyərləndirə bilir".
 
Terapevt Xatirə Əhmədova deyir ki, siqareti atmaq insan orqanizminə müxtəlif təsirlər edir. Sonuncu siqaret çəkildikdən 20 dəqiqə sonra ürəyin döyünməsi yavaşlayır, qan təzyiqi düşür, əl və ayaqlar qızır. 8 saat sonra isə qandakı karbon-monoksid səviyyəsi normallaşır, oksigen səviyyəsi yüksəlir. 24 saat sonra infarkt riski azalır. İki gün sonra dad bilmə, qoxu hiss etmə qabiliyyəti yerinə gəlir. Sinirlər qaydasına düşür. 3 ay sonra nikotin bədəndən tamamilə təmizlənir. Qan dövranı qaydasına düşür, gəzmək asanlaşır. 1 il sonra ağciyərlər özünü təmizləməyə başlayır. Siqareti tərgitdikdən 15 il sonra isə siqaret səbəbi ilə heç bir xəstəlik baş verə bilməz.
 
Həkimin sözlərinə görə, insanlar çox zaman kökəlməkdən qorxduqları üçün siqareti buraxmır. Amma araşdırmalar müəyyən edib ki, siqareti buraxdıqdan sonra hər bir adam cəmi 2-4 kq çəki ala bilir. Siqaretin yaratdığı bəzi xəstəliklər isə insanı 40 kq belə kökəldə bilir: "Siqareti buraxdıqdan sonra kökəlməyə səbəb ağıza yemək qoymaq vərdişidir. Yəni siqareti buraxan insanlar çox yeməyə başlayır. Buna görə də çalışın ki, saqqız çeynəyin. Kalorisi az yeməklər yeyin. Çiy tərəvəz və meyvə də siqareti unutdurmaq üçün yaxşı vasitədir. Bol maye qəbul edin. Bəzən illərlə siqaret çəkən insanlar birdən-birə sağlam və təmiz olmaq istəyir. Amma qəbul etmək lazımdır ki, bu, mümkün deyil. Siqaret tüstüsünün və nikotinin yaratdığı hüceyrə  keyfiyyətsizliyini aradan qaldırmaq üçün vitamin C, E, selenium kimi antioksidantlar qəbul edilməlidir".
 
Terapevt onu da qeyd edir ki, siqaret asılılığı qırtlaq, prostat, diş əti, ağız, dil, qida borusu, badamcıq və uşaqlıq boynu xərçənginə səbəb olur. Bununla yanaşı, siqaret kişilərdə cinsi iqtidarsızlıq, iflic, xora, xroniki bronxit, infarkt, damar xəstəlikləri, qadınlarda isə sonsuzluq kimi problemlərə yol açır: "35 yaşından tez siqareti tərgidənlərdə erkən ölüm riski az olur.  Amma 20 il siqaret çəkən insanda bu risk çox böyükdür".
 
Araşdırmalar siqaretin tərkibində 200-dən artıq zəhərli maddənin olduğunu müəyyənləşdirib.  Siqaret insan ömrünü qısaltmaqla yanaşı, büdcəyə də böyük zərər verir. Canınızı və cibinizi zərərdən qorumaq üçün siqaretdən uzaq olun! Və unutmayın, son 5 ildə dünyada 2 milyon 500 min insan siqareti tərgidib. Onlar bunu çox qısa zamanda bacarıb. Siz niyə bacarmayasınız ki?!
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.