Sağlamlıq

"Quş qripi" qayıdır

24 Sentyabr 2014 16:42
0 Şərh     Baxış: 1 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yolçu Xanvəli: "Azərbaycana bu xəstəliyin kənd təsərrüfatı malları vasitəsilə gəlmə ehtimalı yoxdur"

Cənub-Şərqi Asiyada "quş qripi"nin yeni növü aşkarlanıb. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Məlumata görə, H5N6 virusuna bu ilin aprelində Çində, daha sonra Laos və Vyetnamda rast gəlinib. Bu günə kimi virusa insanlarda rast gəlinməsə də, regionda iqtisadiyyat və heyvandarlıq üçün təhlükəli haldır.

Qeyd edək ki, FAO Cənub-Şərqi və Şərqi Asiya ölkələrinin hökumətlərini "quş qripi" virusunun aşkarlanması səylərini artırmağa və onun insana keçib-keçməməsinin monitorinqini aparmağa çağırıb.

Xatırladaq ki, bir neçə il əvvəl də "quş qripi" təhlükəsi əksəriyyət ölkələrdə, o cümlədən də Azərbaycanda təşvişə səbəb olmuşdu. İndi də insanları bu sual maraqlandırır ki, "quş qripi"nin yeni yayılmış bu növü Azərbaycana da gəlib çıxa bilərmi?

Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli "quş qripi"nə görə ölkədə daim monitorinqlər aparıldığını bildirdi: ""Quş qripi"nə görə həmişə ölkədə monitorinqlər aparılır. Bu il də yaz miqrasiyası dövründə monitorinqlərimizi aparmışıq. Biz "quş qripi"nə və digər xəstəliklərə görə vəziyyəti sabit olan ölkələrdən məhsullar idxal edirik. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaydığı məlumatdan biz də xəbərdarıq. Bilirsiniz ki, quş qripinin 18 tipi var. Yəqin ki, onlardan yeni bir tip daha müəyyən ediblər. Çox güman ki, yaxınlarda bu tipin hansı qrupa aid olduğu barədə məlumat veriləcək.

Cənubi və Şərqi Asiyada, xüsusilə də Çin, Vyetnam və Tayvan zonasında bu xəstəliklərin daima qeydə alındığı bizə də bəlli idi. Biz bu bölgələrdən heç bir məhsul almırıq. Bu ölkələrdən quş əti və quş əti məhsulları almadığımıza görə Azərbaycana bu xəstəliyin kənd təsərrüfatı malları vasitəsilə gəlmə ehtimalı sıfıra bərabərdir. Amma növbəti monitorinqlərə də payız miqrasiyası dövründə start vermək istəyirik. Bu da quşların miqrasiyası dövrünə, noyabrın ortaları - dekabrın əvvəlinə təsadüf edir. Bu gün üçün isə deyə bilərik ki, ölkəmizdə "quş qripi" hər hansısa bir formada müşahidə edilmir. Bu xəstəliyə də xüsusi nəzarət olunur. Ayrı-ayrı quşçuluq fabriklərindən, broyler təsərrüfatlarından qan nümunələri Respublika Baytarlıq Laboratoriyasına gətirilir və nümunələr burada müayinə olunur. Tam əminliklə deyə bilərik ki, ölkəmizdə "quş qripi"nin hər hansı növünə təsadüf olunmur".

Tibb elmləri doktoru, professor Adil Qeybulla "quş qripi"nin köçəri quşlarla yayıldığını və hər an ölkəmizə gəlmə təhlükəsinin ola biləcəyini dedi: ""Quş qripi" köçəri quşlar vasitəsilə yayılır və bu quşlar da sərhəd tanımır. Bilirsiniz ki, bu köçəri quşlar fəsildən-fəsilə ayrı-ayrı yerlərdə olurlar. Buna görə də çox asanlıqla bu virusu yaya bilərlər. "Quş qripi" virusunu da elmdə lokallaşdırmaq lazımdır. Keçən il eyni hal baş verəndə Ümumdünya Səhiyyə Təşkilatı bütün gününü səfərbər etdi və onu yerindəcə lokallaşdırdı və bunun yayılmasının bir növ qarşısını aldı. Yəqin ki, indi də belə tədbirlər görüləcək. Düzdür, hələ ki "quş qripi"nin yeni yayılmış bu növü haqqında tam məlumat yoxdur. Amma "quş qripi"nin əvvəlki forması qanla keçirdi. Bir ara Azərbaycanda toyuq və quş ətinin qadağan olunması da həmin bu xəstəliklə bağlı idi. Hesab edirəm ki, hər ehtimala qarşı diqqətli olmaq lazımdır. Bir müddət köçəri quşların ətinin satışını məhdudlaşdırmaq və ya nəzarəti artırmaq olar. Yəni müəyyən profilaktik tədbirlər görmək lazımdır ki, bu qrip Azərbaycanda yayılmasın".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.