Xərçəng xəstəliyindən əziyyət çəkən 17 yaşlı Nərmin Hüseynovaya yardım kampaniyası son bir həftədə pik məqamına çatıb.Gənc qıza ictimai dəstək kampaniyası nəticə verdi
"Yeni Müsavat" yazır ki, ölkə gənclərinin könüllü şəkildə təşkil etdikləri kampaniyalar, kiçik yarmarkaların təşkili, məşhurların yardım aksiyasına cəlb olunması bütün diqqəti N.Hüseynovaya yönəldib.
Qan xərçəngindən əziyyət çəkən yeniyetmə xəstəliyin ən ağır, 4-cü mərhələsindədir. İntensiv müalicə alan Nərminin ailəsinə təxminən bir həftə öncə Bakıdakı həkimlər ondan əllərini üzdüklərini bildiriblər: "Nərmin üçün artıq gecdir, götürün, evə aparın", - deyiblər.
Bu hadisədən təsirlənən Nərminin bacısı Mehin Hüseynova öz facebook ünvanında belə bir status paylaşıb: "Bacımla bağlı bütün elanları, hər şeyi saxlayıram. Ağciyərinə metastaz verib. Oksigenlə nəfəs alır. Həkimlərə görə, 2-3 gün ömrü qalıb.
Evi istəyirdi, evə də gətirdik. Bir bacım var və onun bir neçə günü qaldığını deyirlər. Millət vəkillərinə, vəzifəli şəxslərə dəfələrlə müraciətlərimizə baxmayaraq heç birindən cavab gəlmədi. İndiyədək yardım edənlərə isə çox sağ olun deyirəm. Bu qədər. Sağlamlığınızı qoruyun və sevdiklərinizlə daha çox vaxt keçirin".
Lakin belə kritik bir məqamda Almaniya tibb mərkəzlərinin birindən cavab gəlib. "Nərminin müalicəsi orada mümkündür, sağalmaq şansı var". Amma müalicə üçün 150 min manatın tələb olunması yenidən ailəni ağır duruma salıb.
Bütün bunlardan sonra əvvəldə qeyd etdiyimiz kimi, gənclər fəallıq göstərərək yeniyetmənin həyat mübarizəsində ona dəstək olmağa çalışıblar. N.Hüseynovaya edilən yardımların yekun nəticəsi isə o oldu ki, hazırda yeniyetmə ilkin müalicə kursu üçün Türkiyəyə yollanıb.
Bu arada bir məqam sosial şəbəkə istifadəçiləri arasında xeyli müzakirələrə yol açıb. Buna səbəb Mərkəzi Klinik Xəstəxananın Təcili Tibbi Yardım maşınının N.Hüseynovanı aeroporta aparmaq üçün 780 manat istəməsidir...
"Park Bulvar"da, "Metro Park"da və digər obyektlərdə təşkil olunan ianə aksiyaları isə davam edir. Bütün bunlar haqqında məlumatı facebook-dan almaq mümkündür. Sosial şəbəkələrdə aksiyalarla bağlı səhifələr, "event"lər var və məlumatlar hər saat yenilənməkdədir.
Biz də öz növbəmizdə Nərminə, müxtəlif xəstəliklərdən əziyyət çəkən hər kəsə Allahdan şəfa diləyirik.
Milli.Az