Sağlamlıq

Axşam yeyilən tünd şokolad daha yaxşı yatmağınıza kömək edə bilər

9 May 2026 00:25
Baxış: 409
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Günün sonunda bədənimiz yorğun olsa da, zehnimizin hələ də "qaçmağa" davam etməsi çoxumuza tanış bir haldır. Yatağa uzanırıq, bədən hazırdır, amma beyin hələ də görüləcək işlər siyahısında gəzişir. Məhz buna görə də son illərdə "yuxuya hazırlıq" ideyası - yəni günün sürətindən gecənin sakitliyinə keçidi təmin edən kiçik rituallar sağlam həyat tərzinin ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Bu ritualların təsiri çox vaxt kəskin deyil; əksinə, sinir sisteminə yavaş-yavaş "sönmək" siqnalı verən xırda keçidlərdən ibarətdir. 

Milli.Az xəbər verir ki, tünd şokoladın tərkibindəki yüksək kakao payı sayəsində maqneziumla zəngin olması, onu sinir sistemi baxımından maraqlı bir mövqeyə qoyur. Maqnezium əzələlərin boşalmasından tutmuş stres reaksiyasının tarazlanmasına qədər bir çox prosesdə iştirak edir; o, gün ərzində toplanan gərginliyi yumşalda bilən minerallardan biridir.

Bunun üzərinə triptofan (serotonin istehsalında istifadə olunan bir amin turşusu) da əlavə olunur. Serotonin gecələr melatoninə çevrilərək yuxuya keçidi asanlaşdıran dövrənin bir hissəsidir. Kakaodakı flavonoidlərin beyin qan dövranını dəstəklədiyinə və stresin fizioloji təsirlərini azalda bildiyinə dair tapıntılar da bu mənzərəni tamamlayır. Yəni tünd şokolad bədəni yuxuya hazırlayan biokimyəvi zəmini dəstəkləyən bir müşayiətçidir.

Digər tərəfdən, tünd şokoladın tərkibində az miqdarda da olsa kofein və teobromin var. Bu iki birləşmə, xüsusilə həssas sinir sisteminə sahib insanlarda oyanıqlıq yarada bilər. Buna görə də bəziləri üçün axşam yeyilən şokolad rahatlıq hissi yaratsa da, bəziləri üçün əksinə, zehni oyanıqlığa səbəb ola bilər.

Elmi ədəbiyyat da bu məqamda ehtiyatlı davranır: Kakaonun stres üzərindəki müsbət təsirlərinə dair güclü məlumatlar olsa da, bu təsirin birbaşa və sabit şəkildə yuxu keyfiyyətini artırdığına dair hələlik tam bir razılıq (konsensus) yoxdur. Bu vərdiş hər kəsdə eyni nəticəni vermir; təcrübə bədənin həssaslığına və metabolik reaksiyasına görə dəyişir.

Burada həlledici məqamlardan biri zamanlamadır. "Axşam" dediyimiz vaxt aralığı əslində genişdir. Yatmazdan dərhal əvvəl yeyilən şokoladla, şam yeməyindən sonra - günün yavaşlamağa başladığı anlarda yeyilən şokoladın təsiri eyni deyil. "Xronobəslənmə" yanaşması (qidalanma zamanlamasının bioloji saatla əlaqəsini araşdıran sahə) göstərir ki, günün irəliləyən saatlarında melatonin istehsalı təbii olaraq artır və bəzi qidalar bu prosesi dəstəkləyə bilər. Lakin bu dəstək yalnız sinir sistemini lüzumsuz yerə oyatmayacaq bir zaman aralığında mənalıdır.

Gün ərzində çox şeyi "avtopilotda" edirik, yemək yemək də buna daxildir. Amma axşam yeyilən o bir neçə tikə şokoladı bir az yavaşlayaraq, həqiqətən dadını hiss edərək istehlak etdikdə, bu kiçik an sinir sistemi üçün bir siqnala çevrilir. Bu, sürətdən sakitliyə, oyanıqlıqdan boşalmaya keçidin maddi qarşılığı kimidir. Biokimyəvi təsirlərdən asılı olmayaraq, bu hərəkət bədənin "artıq dincələ bilərsən" mesajını almasına kömək edə bilər.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.