Maraqlı

Market rəflərindəki su spreyləri nəyə xidmət edir? Təravətli görünüşün pərdəarxası

9 May 2026 00:37
Baxış: 361
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Marketlərdə tərəvəz və meyvələrin üzərinə püskürdülən incə su zərrəcikləri, düşündüyünüz kimi, məhsulun mütləq "daha təzə" olduğu mənasına gəlməyə bilər. Bu sistemin əsas məqsədi təravətdən çox, məhsulun xarici görünüşünü və rütubət balansını qorumaqdır.

Milli.Az xəbər verir ki, marketlərin meyvə-tərəvəz şöbələrində tez-tez rast gəldiyimiz o "su buxarı" istehlakçılar tərəfindən çox vaxt təravət rəmzi kimi qəbul edilir. Lakin bu, göründüyü qədər sadə bir göstərici deyil. Əslində, bu sistem məhsulların saxlama müddətini uzatmaqdan ziyada, su itkisini yavaşlatmağa yönəlib.

Tərəvəz və meyvələr yığıldıqdan sonra da canlılıq funksiyalarını tam dayandırmır; onlar tənffüs etməyə və su itirməyə davam edirlər. Bu proses irəlilədikcə məhsulların teksturası yumşalır, canlı görünüşü itir və bazar dəyəri düşür. Marketlərdə istifadə edilən "misting", yəni dumanlama sistemi məhz bu məqamda işə düşür. Məqsəd məhsulların ətrafındakı rütubəti artıraraq su itkisini ləngitmək və xüsusilə yarpaqlı tərəvəzlərin diri görünməsini təmin etməkdir.

Bu sistem ilk dəfə 1970-ci illərin sonunda supermarketlərdə yayılmağa başlayıb. O dövrdən bəri böyük market şəbəkələri məhsulların daha uzun müddət "vizual olaraq cəlbedici" qalması üçün avtomatik nəmləndirmə sistemlərinə üstünlük verirlər. Çünki alıcı davranışı böyük ölçüdə vizuallığa əsaslanır və canlı görünən məhsul daha tez satılır.

Lakin hər məhsul bu nəmləndirməyə uyğun deyil. İspanaq, marul, cəfəri, brokoli kimi yüksək su tərkibli yarpaqlı tərəvəzlər bu sistemdən fayda görsə də; göbələk, soğan, kartof, sitrus meyvələri, pomidor və çiyələk kimi məhsullar artıq nəmdən mənfi təsirlənə bilər. Bu növ məhsulların üzərindəki rütubət onların xarab olmasını və kiflənməsini sürətləndirir.

Mütəxəssislərin fikrincə, dumanlama sisteminin əsas vəzifəsi fiziki görünüşü qorumaqdır. Yəni bu sistem məhsulun təzəliyinə zəmanət vermir, sadəcə onun su itirməsini gecikdirir. Bu fərq çox vaxt istehlakçıların diqqətindən qaçır.

Digər mühüm məqam isə suyun mənbəyidir. Marketlərdə istifadə olunan su adətən şəhər şəbəkəsinə bağlıdır və içməli su standartlarına uyğundur. Lakin sistemə düzgün qulluq edilmədikdə məhsulun səthində mikrobioloji risklər yarana bilər. Bu səbəbdən sistemin müntəzəm təmizlənməsi kritik əhəmiyyət kəsb edir.

Həqiqi keyfiyyət göstəricisi məhsulun teksturası, rəngi, qoxusu və təbii bərkliyidir. Görünüş çox vaxt yalnız ilk təəssüratı yaradır. Evdə bu məhsulları saxlayarkən də kiçik bir detala diqqət etmək lazımdır: marketdən alınan və səthi nəm olan tərəvəzlər elə o vəziyyətdə soyuducuya qoyulduqda daha tez xarab olur. Buna görə də tərəvəzləri bir az qurudub sonra saxlamaq onların ömrünü birbaşa uzadır.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.