Müqəddəs Ramazan ayının gəlişi ilə gündəlik qidalanma rejimi dəyişir və sahur (sübh yeməyi) gün ərzində enerjinin əsas mənbəyinə çevrilir. Düzgün seçilmiş qidalar toxluq hissini uzadır, qan şəkərini tarazlayır və susuzluğun qarşısını alır. Lakin bəzi qidalar əksinə, gün boyu halsızlıq və susuzluğa səbəb ola bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər sahur süfrəsində aşağıdakı qidalardan uzaq durmağı tövsiyə edirlər:
Duzlu qidalar
Duzlu qidalar bədəndə maye itkisini artırır və susuzluğu gücləndirir. Turşular, həddindən artıq duzlu pendir və digər duzlu məhsullar gün ərzində daha tez susamağa səbəb ola bilər.
Acılı qidalar
Acılı yeməklər mədə turşusunu artıraraq reflüks və ürək yanmasına yol aça bilər. Bu isə oruc müddətində narahatlıq yaradır.
Şəkərli qidalar
Mürəbbə, bal, tort, peçenye, şirniyyat və şokolad kimi qidalar qan şəkərini sürətlə yüksəldib endirir. Nəticədə həm aclıq hissi artır, həm də susuzluq yaranır.
Xəmir qidalar
Börək, poğaça, açma, pide və digər xəmir xörəkləri həzmi çətinləşdirir və qısa müddətdə yenidən aclıq hissi yaradır. Qızardılmış və ağır un məmulatlarından çəkinmək daha məqsədəuyğundur.
Qızardılmış qidalar
Qızardılmış kartof, bibər, badımcan kimi yağlı yeməklər həzm sistemini yükləyir və susuzluğu artırır. Salam, kolbasa kimi emal olunmuş məhsullar da sahur üçün uyğun deyil.
Kofeinli içkilər
Qəhvə və qazlı içkilər sidikqovucu təsir göstərərək bədəndə su itkisinə səbəb olur. Bunun əvəzinə su, bitki çayları və ya açıq çay üstünlük təşkil etməlidir.
Sağlam və balanslı sahur menyusu gün ərzində həm fiziki, həm də mənəvi rahatlığın əsas şərtidir. Düzgün qidalanma ilə orucu daha rahat və enerjili keçirmək mümkündür.
Milli.Az





