Binəqədi rayonunda yeniyetmə qızın faciəvi şəkildə həyatını itirməsi ölkədə ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülər isə insanların daxilində daha dərin psixoloji suallar oyadıb.
"Bir uşaq bu həddə necə çata bilər?" - məhz bu sual bu gün hər bir valideyni düşündürür.
Hadisə ilə bağlı psixopedaqoq Sevda Əliyeva ilə həmsöhbət olduq.
Onun sözlərinə görə, bu cür halların səbəbi təkcə internet deyil, görünməyən emosional boşluqlardır:
"Bu faciə bizə bir daha göstərdi ki, yeniyetmələrin psixoloji vəziyyəti kənardan göründüyündən daha həssas və daha mürəkkəbdir. Valideynlər çox vaxt övladlarının sakitliyini 'normal davranış' kimi qəbul edir, halbuki daxildə hansı duyğularla mübarizə apardıqlarını görmək olmur".
Psixopedaqoq bəzi onlayn meydançaların və ziyanlı qrupların uşaqların psixoloji zəifliklərini manipulyasiya etdiyini deyir.
"Bu platformaların məqsədi əyləndirmək deyil. Onlar emosional olaraq həssas vəziyyətdə olan yeniyetmələri öz təsir dairəsinə salır, qərar vermə mexanizmini pozur və psixoloji asılılıq yaradır. Bu, sadəcə oyun deyil, bu, emosional istismardır", - deyə o, əlavə edib.
Sevda Əliyeva vurğulayır ki, valideynlər nəzarətlə təzyiqi qarışdırmamalıdır:
"Uşağınızı müşahidə edin, amma təqib etməyin. Uşağın telefonundakı tətbiqlər, kimlərlə ünsiyyətdə olması, hansı səhifələrə daxil olması valideyn üçün məlum olmalıdır. Amma bu nəzarət sorğu-sual və qadağa şəklində yox, açıq ünsiyyət şəklində olmalıdır. Bu gün 13 yaşlı bir uşaq belə bir addım atırsa, deməli, o, özünü tək hiss edib. Bu hissi aradan qaldırmalı olan ilk şəxslər valideynlərdir. Yeniyetmənin davranışındakı kiçik dəyişiklik belə böyük təhlükənin işarəsi ola bilər. Yuxu pozuntusu, aqressivlik, özünə qapanma, həddindən artıq sakitlik, gecələr uzun müddət telefon istifadəsi, yaxın dostlardan uzaqlaşma, bunların hər biri psixoloqa müraciət üçün kifayət qədər ciddi siqnaldır".
Həmsəbətimizin fikrincə, məktəblərdə psixoloji xidmətin gücləndirilməsi də vacib faktorlardandır:
"Biz uşaqlara riyaziyyat, fizika öyrədirik, amma emosiyaları idarə etməyi, streslə davranmağı, özünüdəyəri qorumağı öyrətmirik. Halbuki bu bacarıqlar həyat qurtara bilər. Valideynlər bir həqiqəti unutmamalıdır. Övladlarınızı qorumağın ən güclü yolu onlara qulaq asmaqdır".
Sonda mütəxəssis hər kəsi daha həssas olmağa çağırdı:
"Bu hadisəni sadəcə 'faciə' kimi yox, ciddi xəbərdarlıq kimi qəbul etməliyik. Uşaqla gündə ən azı 10 dəqiqə səmimi danışmaq bəzən ən böyük təhlükənin qarşısını ala bilir. Heç bir internet oyunundan, heç bir mesajdan daha güclü təsir məhz valideynin diqqəti və sevgəsidir".
Kənan
Milli.Az





