Yüksək qan təzyiqi çox vaxt özünü heç bir simptomla göstərmir, lakin uzunmüddətli perspektivdə ürək, damar və böyrəklərə ciddi zərər vura bilər. Buna görə də həkimlər onu "səssiz qatil" adlandırırlar. Ancaq alimlər müəyyən ediblər ki, cəmi iki sadə inqrediyentdən ibarət bir salat qan təzyiqini təbii şəkildə aşağı sala bilər.
Milli.Az xəbər verir ki, "Clinical Nutrition Research" jurnalında dərc olunan araşdırmaya görə, salat ispanaq və balsamik sirkədən hazırlanır.
Niyə bu salat təsirlidir?
Qan təzyiqinin yüksəlməsi o deməkdir ki, ürək orqanizmə qanı ötürmək üçün daha çox enerji sərf edir. Bu, zamanla damar divarlarını zəiflədir və ürək-damar xəstəlikləri, eləcə də insult riskini artırır. Əsas səbəblərdən biri isə duzlu qidaların çoxluğu və tərəvəz-meyvələrin az istehlakıdır.
Araşdırmalar göstərir ki, bir həftə ərzində hər gün ispanaq yemək həm yuxarı (sistolik), həm də aşağı (diastolik) təzyiq göstəricilərini nəzərəçarpacaq dərəcədə azalda bilər.
İspanağın gücü
Toronto Müqəddəs Maykl Xəstəxanasının tədqiqatçıları ispanağın tərkibindəki nitratların qan dövranını yaxşılaşdırdığını, damarları genişləndirdiyini və ürəyin yükünü azaltdığını sübut ediblər. 27 nəfərin iştirak etdiyi sınaqda ispanaqlı şorba qəbul edənlərdə cəmi 7 gün ərzində təzyiqin əhəmiyyətli dərəcədə endiyi müşahidə olunub.
Balsamik sirkənin təsiri
2001-ci ildə aparılan başqa bir araşdırma isə göstərib ki, balsamik sirkə damarların elastikliyini bərpa edir. Onun tərkibindəki sirkə turşusu renin hormonuna təsir edərək damarların təbii genişlənməsinə kömək edir.
Buna görə də ispanaq + balsamik sirkə salatı həm dadlı, həm də sağlamlıq üçün faydalıdır - qan təzyiqini tənzimləyir, ürəyi qoruyur və bədənə enerji verir.
Sağlam təzyiq üçün əlavə məsləhətlər
Duz və kofeinin azaldılması
Həftədə ən azı 150 dəqiqə fiziki aktivlik
Alkoqoldan uzaq durmaq və siqareti tərgitmək
Balanslı qidalanmaq və çəkiyə nəzarət etmək
Kənan
Milli.Az





