Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 2026-cı ilin yanvar ayı ərzində ittifaq üzvləri üçün sanatoriya və müalicə mərkəzlərinə yollayışlardan istifadə imkanı yaradılıb.
Milli.Az xəbər verir ki, hesabat dövründə ümumilikdə 216 nəfər təhsil işçisi sanatoriya yollayışları ilə təmin olunub. Bununla yanaşı, 449 nəfər ittifaq üzvü ailə üzvləri ilə birlikdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nəzdində fəaliyyət göstərən sanatoriya və müalicə mərkəzlərində istirahət və müalicə proqramlarından yararlanıb.
Yanvar ayı ərzində ilk həmkarlar təşkilatlarının sədrləri üçün xüsusi proqram da təşkil edilib. Proqram çərçivəsində 44 nəfər sədr ailə üzvləri ilə birlikdə olmaqla, ümumilikdə 92 nəfər 3 günlük müalicə paketindən istifadə edib.
Eyni zamanda, ötən ay ərzində rayon və şəhər komitələrinin təşkilatçılığı ilə həyata keçirilən ekskursiyalara 165 nəfər ittifaq üzvü cəlb olunub.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən ittifaq üzvlərinin sosial rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması və səmərəli istirahətinin təşkili istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. (ölkə.az)
Milli.Az





