Sağlamlıq

Şampun və losyonlarda gizli təhlükə - Xərçəng yaradan maddələr aşkarlandı

12 May 2025 00:25
Baxış: 99
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ və Böyük Britaniyada geniş istifadə olunan bir çox şampun, losyon və gözəllik məhsullarının tərkibində xərçəng riskini artıran kimyəvi maddələr olduğu üzə çıxıb.

Milli.Az xəbər verir ki, ABŞ-da yerləşən "Silent Spring" İnstitutu tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, bu məhsullarda formaldehid və ya onu buraxan qoruyucu maddələr mövcuddur. Mütəxəssislərin sözlərinə görə, bu maddələr uzunmüddətli istifadədə xüsusilə döş və uşaqlıq xərçəngi riskini artırır.

Tədqiqatın müəllifi Dr. Robin Dodson bildirib ki, təhlükə təkcə saç düzləşdiriciləri ilə məhdudlaşmır:

"Bu kimyəvi maddələr bədənə tətbiq olunan bir çox məhsulun tərkibində var. Onlara təkrarlanan məruz qalma ciddi sağlamlıq problemlərinə yol aça bilər", - deyə alim xəbərdarlıq edib.

Təhlil olunan 1100-dən çox məhsulun yarıdan çoxunda formaldehid buraxan maddələr aşkarlanıb. Ən çox rast gəlinən konservant isə DMDM hidantoin olub - bu maddə saç məhsullarının 58%-də, dəriyə qulluq vasitələrinin isə 47%-də tapılıb.

İnstitutun analitik kimyaçısı Elissia Franklin qeyd edib ki, əvvəlki tədqiqatlar məhsul tərkiblərini tam əhatə etmirdi:

"Losyon deyirik, amma bəziləri tamamilə təbii, bəziləri isə zəhərli maddələrlə doludur. Ətraflı şəkil yaratmaq üçün bu araşdırmanı apardıq."

Böyük Britaniyada formaldehidin istifadəsi ciddi şəkildə məhdudlaşdırılsa da, ABŞ-da bu maddələrin məhsul etiketlərində göstərilməsi məcburi deyil. Dr. Dodson bu vəziyyətin dəyişməli olduğunu deyir:

"Ən doğru yol bu maddələrin istifadəsini tamamilə qadağan etməkdir. Şirkətlər bu cür təhlükəli kimyəviləri məhsullarına əlavə etməməlidir."

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.