Sağlamlıq

"Psixoloji əsaslı yuxu problemlərinin müalicəsi..." - Klinik psixoloqdan AÇIQLAMA

24 Yanvar 2025 09:50
Baxış: 364
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuxu pozuntuları, psixoloji səbəblərdən qaynaqlanaraq bir çox insanın həyatını mənfi şəkildə təsir edə bilər. Psixoloji amillər, yuxu keyfiyyətinə və müddətinə əhəmiyyətli təsir göstərir".

Bunu Milli.Az-a açıqlamasında klinik psixoloq Zəhra Zahidova deyib.

Onun sözlərinə görə, depressiya vəziyyətində, insanlar çox zaman gecə yatmaqda çətinlik çəkir:

"Yüksək stress və narahatlıq, beynin "savaş ya da qaç" reaksiyasını aktivləşdirə bilər. Bu da bədənin rahatlanmasına və yuxuya getməsinə mane olur. İş, şəxsi həyat və digər problemlər səbəbindən yaranan narahatlıq və gərginlik, insanda yuxu pozuntuları, xüsusən də yuxusuzluq (insomniya) yarada bilər.
Depressiya: Depressiya da yuxu pozuntularına səbəb ola bilər. Depressiya vəziyyətində, insanlar çox zaman gecə yatmaqda çətinlik çəkir, yuxu keyfiyyəti aşağı düşür, ya da erkən oyanma və yuxusuzluq (yəni uzun müddət yatmadan qalmaq) yaşanır. Digər tərəfdən, bəzi depressiyalı insanlar uzun müddət yuxuda qalaraq özlərini "kaşki uzaqlara qaçmış kimi" hiss edə bilərlər, bu da hipersomniya (artıq yuxu istəyinin olması) ilə nəticələnə bilər. Xüsusən də davamlı və ya yayılmış narahatlıq, yuxu problemlərinə yol açan digər psixoloji bir faktordur. İnsanlar, xüsusən gecə yatmağa başlamazdan əvvəl düşüncələrini dayandıra bilmədikləri üçün yatmaqda çətinlik çəkirlər. Bəzi anksiyete növlərində isə insanlar yuxuda qorxulu xəyallar (fobiya və ya travma ilə bağlı) görə bilərlər".

Həmsöhbətimiz deyir ki, psixoloji travmalardan sonra yaranan PTSP, yuxu pozuntularının çox geniş yayılmış bir səbəbidir.

"Travma keçirmiş insanlar tez-tez yuxuda travmatik xatirələri təkrarlayırlar və bunun nəticəsində yuxu problemləri, xüsusən də yuxudan oyanmalar və kabuslar yaşana bilər. Bipolyar pozuntusu olan insanlar, maniya dövrlərində çox az yuxu yatmaqla yanaşı, depressiv dövrlərdə isə yuxuya dalmaqda çətinlik çəkə bilərlər. Manik dövrlərdə enerji artımı və aktivlik, normal yuxu ehtiyacını azaldar. OKP xəstəliyi olan insanlar, daimi düşüncə və davranış təkrarı ilə yuxu pozuntularına səbəb ola bilərlər. Onların yuxusuzluğu, zəhlətökən təkrarlanan düşüncələr və davranışlar ilə əlaqəli ola bilər. İnsanın həyatında yaşadığı emosional dəyişikliklər (məsələn, birisi ilə münasibətlərdə çətinliklər, itkilər, sevdiyi insanla ayrılıq və ya böyük həyat dəyişiklikləri) da yuxu problemlərinə yol aça bilər. Emosional gərginlik yuxunun keyfiyyətini pozaraq, gecə oyanmalara və ya çətinliklə yuxuya getməyə səbəb ola bilər. Psixoloji əsaslı yuxu problemlərinin müalicəsi, həm psixoterapiya, həm də farmakoterapiyanı (dərman müalicəsi) əhatə edə bilər. Əgər yuxu pozuntuları kökənində dərin psixoloji zədələr və ya uşaqlıq travmaları varsa, psixodinamik terapiya uzun müddətli bir yanaşma olaraq istifadə oluna bilər. Bu terapiya, bilinçaltı problemləri, daxili konfliktləri və keçmiş travmaları kəşf etməyə yönəlir.Nəticədə şəxs psixoloji terapiya (seans) alaraq uzun müddətli yuxu pozuntusundan azad ola bilər.Bəzi hallarda isə psixoloji yuxu pozuntuları dərmanla müalicə edilə bilər, amma bu üsul daha çox qısa müddətli yuxu problemleri üçün istifadə olunur. Əsasən anksiyete, depressiya və ya narahatlıq səbəbiylə yaranan yuxu problemlərinə dərmanlar təyin oluna bilər. Dərman müalicəsi və psixoloji seansın birgə aparılması nəticəsində şəxs yuxu pozuntusundan qurtula bilər", deyə Z.Zahidova qeyd edib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.