Sərgilər

Bakıda sərgilər keçiriləcək

16 May 2017 12:42
Baxış: 4 885

17-19 may ayının tarixlərində Bakıda 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi WorldFood Azerbaijan 2017 və 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı CaspianAgro 2017 sərgiləri keçiriləcək. Keçirildiyi illər ərzində hər iki sərgi özünü mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olmuşdur. Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "WorldFood Azerbaijan" və "CaspianAgro" sərgilərinə yaxından dəstək göstərir. Bu il ilk dəfə olaraq "CaspianAgro" sərgisi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. Sərgilər həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərgilərin təşkilatçısı qismində "Iteca Caspian" və "CEO" ("Caspian Event Organisers") şirkətləri çıxış edirlər.

Bu il "WorldFood Azerbaijan" və "CaspianAgro" sərgilərində dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir və bu şirkətlərin 70%-i xarici eksponentlər, 30%-i isə yerli iştirakçılardır. İştirakçılar arasında Belarus, Çin, Gürcüstan, Macarıstan, Niderland Krallığı və Şri-Lankanı təmsil edən 6 milli qrup yer alır. Sərgilər Bakı Ekspo Mərkəzinin iki zalını və xarici meydançasını əhatə edir.

WorldFood Azerbaijan 2017

"WorldFood Azerbaijan 2017" sərgisi dünyanın 21 ölkəsini, o cümlədən Azərbaycan, Belarus, Belçika, Yunanıstan, İspaniya, İtaliya, Latviya, Qazaxıstan, Rusiya və digər ölkələri təmsil edən 164 şirkəti qəbul edir. Bu il ilk dəfə olaraq iştirakçı ölkələrin siyahısına Meksika da daxil olub. Macarıstan, Şri-Lanka və Belarus Respublikası sərgidə milli stendlərlə çıxış edirlər. Stavropol diyarı (Rusiya) tədbirdə regional stendlə iştirak edəcək. Polşanın Azərbaycandakı səfirliyi isə sərgidə Polşa Respublikasının ixrac potensialını təqdim edəcək. Sərgidə Şri-Lankanı təmsil edən seylon çayı istehsalçılarının qrupuna rəhbərlik edən "Şri-Lanka Ti Bord" Dövlət Çay Komitəsi ardıcıl olaraq ikinci ildir ki, tədbirdə iştirak edir. Bu il Bakıdakı "Belarus" mağazalar şəbəkəsi sərgidə debüt edir.

Sevindirici haldır ki, "Made in Azerbaijan" brendi ilə çıxış edən yerli şirkətlər sərgidə fəal təmsil olunur. Belə ki, yerli eksponentlər qrupuna sərginin daimi iştirakçıları - "Azersun Holding", "Gilan Holding", "Metak" şirkətləri rəhbərlik edir, yerli meyvə və tərəvəz ixracatçıları isə "Amoris" və "Buta Group" şirkətlərinin timsalında təmsil olunurlar. Builki debütantlar arasında bazarda yeni məhsulu - xüsusi emal üsulu ilə qurudulmuş xurmanı təklif edən "Bal Xurma" şirkəti, "Sem-Az" (laboratoriya avadanlıqları) və "Enes" (pablaşdırmma) şirkətləri yer alır.

Beləliklə, "WorldFood Azerbaijan 2017" sərgisinin iştirakçıları aşağıdakı sektorlar üzrə öz məhsullarını təklif edəcəklər: qida sənayesi üçün avadanlıqlar, qida məhsulları, meyvə-tərəvəz, mal və quş əti, qəhvə və çay, konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məmulatları, inqrediyentlər, qənnadı və un məmulatları, içkilər, soyutma sistemləri, laboratoriya avadanlıqları və s.

Bu il ilk dəfə olaraq "WorldFood Azerbaijan" sərgisi çərçivəsində təşkilatçılar eksponentlər və ziyarətçilər üçün daha bir işgüzar platforma - vorkşop təşkil ediblər. Vorkşop iştirakçıları bir tərəfdən qida məhsullarının xarici istehsalçı və tədarükçüləri, digər tərəfdən isə yerli distribyutorlardır. Bazarın hər iki iştirakçısı öz həmkarları ilə bir masa ətrafında görüşlər keçirmək və bir gün ərzində bir neçə əsas müştəri ilə danışıqlar aparmaq üçün unikal imkan əldə edəcəklər. Vorkşop may ayının 17-də Bakı Ekspo Mərkəzində (saat 12:00 - 17:00) keçiriləcək. Həmçinin, sərginin işgüzar proqramı çərçivəsində 18 may tarixində Azərbaycan Keyfiyyət Assosiasiyası tərəfindən təşkil edilən seminar keçiriləcək.

"WorldFood Azerbaijan" sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya "Ipack Caspian 2017" sərgisi keçirilir. Ötən il keçirilmiş eyniadlı tədbir ilə müqayisədə, bu il "Ipack Caspian 2017" iştirakçılarının tərkibi və təklif olunan məhsul çeşidi əhəmiyyətli dərəcə genişlənmişdir. Sərgi çərçivəsində Azərbaycan, BƏƏ, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən eksponentlər ziyarətçilərə tara və qablaşdırma ilə yanaşı, bu məhsulların istehsalı üzrə müxtəlif həll variantlarını da təklif edirlər. 

Beləliklə, qida sənayesinin sərgisi mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş olunduğu, eləcə də müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün imkanların yaradıldığı etibarlı platforma kimi doğrultmağa müvəffəq olacaq. "WorldFood Azerbaijan" və "Ipack Caspian" sərgilərinin təşkilatçıları qismində "Iteca Caspian" və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group" şirkətləri çıxış edirlər. Layihə üzərində iş üçün beynəlxalq şirkətləri Azərbaycandakı sərgilərə fəal şəkildə dəvət edən "ITE Group" şirkətinin tərəfdaşlar şəbəkəsi - "ITE London", "EUF" (Türkiyə), Сaspian Event Management (BƏƏ), ITE China (Çin), ITE Poland (Polşa) şirkətləri cəlb olunub.

CaspianAgro

11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2017" sərgisi 17 may tarixində Bakı Ekspo Mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açacaq. Nəhəng regional tədbirlərdən biri olan "CaspianAgro" sərgisi hər il müxtəlif ölkələri təmsil edən yüzlərlə kənd təsərrüfatı və qida məhsulları istehsalçısını və minlərlə ziyarətçini bir araya toplayır. Son illər sərgidə həm iştirakçıların, həm də ziyarətçilərin sayı baxımından böyük inkişaf müşahidə olunur. Kənd təsərrüfatı sektoru daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir və artıq ardıcıl olaraq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgini ziyarət edərək istehsalçı və distribyutorların Azərbaycan bazarı üçün təklif etdikləri yeniliklərlə yaxından tanış olur. Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "CaspianAgro" sərgisinə yaxından dəstək göstərir və sərginin işində fəal iştirak edir.

"CaspianAgro 2017" sərgisi dünyanın 19 ölkəsini təmsil edən 167 kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçılarını, distribyutorlarını bir araya toplayıb. İştirakçı ölkələr arasında Azərbaycan, Belarus, İtaliya, Çin, Rusiya, Türkiyə, Şri Lanka və başqa ölkələr yer alır. Gürcüstan, Niderland Krallığı və builki debütant Çinin Jianqxi (Ciangşi) vilayəti sərgidə milli qruplarla çıxış edir. Niderlanda Krallığı ilk dəfə olaraq sərginin tərəfdaş ölkəsi qismində çıxış edir. Tədbirin qeydiyyat sponsoru "Maschio Gaspardo" şirkətidir.

Bu il sərgidə iştirakçılarının tərkibi daha əvvəl tədbirdə iştirak etməmiş şirkətlərin hesabına 30% artıb. Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradır. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir. Təqdirəlayiq haldır ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də iştirak edirlər. Kənd təsərrüfatı texnikaları ekspozisiyası həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də açıq meydançasında yerləşir. Burada "Gəncə Avtomobil Zavodu", "Azertexnika", "Klever", "Rostselmaş", "Qomselmaş", "Cansa", "John Deer", "ASENA KO", "Amcodor" və digər istehsalçı və distribyutorların müxtəlif kənd təsərrüfatı məhsulları toplayan maşınlar, qazıntı, əkin maşınları, kombaynları ilə tanış olmaq mümkündür.

Sevindirici haldır ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, "Made in Azerbaijan" brendi də təqdim olunur. Bu brend altında istehsal edilmiş məhsulları sərginin daimi iştirakçılarından olan yerli şirkətlər ("Agrosell", Gəncə Avtomobil Zavodu, "Kaspi Yıldız" və s.), eləcə də ölkənin kənd təsərrüfatı bazarına daxil olmaq üçün ilk addımlarını atan və öz məhsullarını ixrac etmək məqsədi ilə xarici tərəfdaşlar axtaran şirkətlər təqdim edirlər. Sərginin builki debütantları arasında "Asena Ko", "D.Fruits", "Binе Agro", "Buzovna Shitili" və "Azdynamics" kimi yerli şirkətlər yer alır.

Ənənəvi olaraq, sərgidə yeni sənaye məhsulları təqdim edilir. Builki yeniliklər arasında: çox səmərəli, suda tam həll olan, xlorsuz, tərkibində mikroelementlər olan, xelat formalı kompleks mineral gübrə (Rusiya), maksimim 233 və nominal 35 at gücü olan traktor (Azərbaijan), təzə meyvə-tərəvəz üçün qablaşdırma maşını (İtaliya), "Qala" sortunun klonu (Fransa), heyvanlar üçün müalicə preparatları (Ukrayna) və s. Sərginin elektron kataloqu www.caspianagro.az veb-saytında yerləşdirilib.

Regionun yeganə ixtisaslaşmış sərgisində iştirak etməklə yanaşı, tədbiri ziyarət etmək də kənd təsərrüfatı ilə məşğul olan bütün şirkətlər üçün mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq, hər il "CaspianAgro" sərgisində Azərbaycan sahibkarlarını yüksək keyfiyyətli məhsul istehsalının dəyişməz şərti olan yeni texnologiya ilə tanış etmək və təcrübə mübadiləsi aparmaq məqsədi ilə respublikanın bölgələrindən işgüzar turlar təşkil olunur. Bu il "Aqrolizinq" ASC-nın köməyi ilə Azərbaycanın 45 bölgəsini - Ağcabədi, Ağdaş, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Qəbələ, Qax, Qazax, Hacıqabul, Gədəbəy, Göyçay, Goranboy, Qusar, Qobustan, Quba, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, Zaqatala, İmişli, İsmayıllı, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Tərtər, Tovuz, Şamaxı, Şəmkir, Şabran, Şəki, Fizuli, Xaçmaz, Xızı və Ucar rayonlarını təmsil edən sahibkar və fermerlər sərgini ziyarət edəcəklər.

Bu il təşkilatçılar tərəfindən həyata keçirilən yenilik sərginin açılışından xeyli əvvəl, yəni 21 aprel tarixində keçirilmiş işgüzar qəlyanaltı olub. İşgüzar qəlyanaltının keçirilməsində məqsəd iştirakçılara sərginin imkanlarından səmərəli şəkildə istifadə baxımından kömək etməkdir. Tədbirdə "WorldFood Azerbaijan" və "CaspianAgro" sərgilərinin eksponentləri və təşkilatçılar komandası iştirak edib. İşgüzar qəlyanaltı təşkilatçılar tərəfindən xüsusi olaraq dəvət edilmiş "Big City Coaching " şirkətinin bələdçisi Kseniya Borisova tərəfindən aparılıb. Qəlyanaltı zamanı stendlərin təşkil olunmasının başlıca məsələləri müzakirə edilib, sərgilərdə uğurlu inkişaf formullarının təqdimatı keçirilib. Bələdçi sərgidə əlaqələr qurmaq üçün bütün resurslardan maksimum istifadə etməyin vacibliyini qeyd edib və təşkilatçıların sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra təklif etdikləri pulsuz resursları xatırladıb. Bundan başqa, təşkilatçılar işgüzar qəlyanaltı keçirməklə iştirakçılara bir-biriləri ilə tanış olmaq imkanı yaradıb, çünki onların əksəriyyəti bir-birilərinin potensial müştəriləri olsalar da, sərgi zamanı stendlərdə aparılan gərgin işə görə belə imkana malik olmurlar. Təşkilatçılar ümid edirlər ki, şirkətlər səsləndirilmiş faydalı məsləhətləri sərgilərdə iştirak əsnasında tətbiq edəcək və işgüzar qəlyanaltı xoş ənənəyə çevriləcəkdir.

"WorldFood Azerbaijan 2017" və "CaspianAgro 2017" sərgiləri 17-19 may tarixində yalnız sənayenin peşəkarları üçün açıq olacaq. Sərgidə uşaqlarınızı faydalı və əyləncəli fəaliyyətlər təklif edən "Ağıl və Bilgi" şirkətinin peşəkarlarına etibar edə biləcəyiniz uşaq zonası da fəaliyyət göstərir. Bu ilki sərgilərin tərəfdaşları arasında rəsmi səyahət agentliyi "Premier Tour" şirkətləri, o cümlədən "Hyatt Regency" və "Qafqaz Point Hotel" mehmanxanaları (rəsmi otellər), yer alır.

Beləliklə, "WorldFood Azerbaijan" və "CaspianAgro" sərgiləri bir daha aqrar sənaye kompleksinin mütəxəssisləri üçün görüş yerinə çevriləcəkdir. Həmçinin, sərgidə kənd təsərrüfatı üzrə yeniliklər, işgüzar əlaqələr, kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətədavamlı olmasına və investisiya həcminin artmasına kömək edəcəkdir.

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.