Təhsil

Tələbə təqaüdündən pul tutulması qanuna ziddir - AÇIQLAMA

23 Oktyabr 2025 10:10
Baxış: 515
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Tələbələrin təqaüdündən hər ay müəyyən məbləğin tutulması sosial ədalət prinsiplərinə, təhsil siyasətinin əsas məqsədlərinə və "Təhsil haqqında Qanun"un müddəalarına ziddir. Təqaüd anlayışı öz mahiyyəti etibarilə tələbənin sosial müdafiəsini və təhsil prosesində maddi dayanıqlığını təmin etməyə yönəlib. Bu vəsait tələbəyə dövlət tərəfindən dəstək kimi ayrılır, tədris, yaşayış və nəqliyyat xərclərinin qismən ödənilməsi üçün nəzərdə tutulur. Lakin bəzi universitetlərdə müxtəlif bəhanələrlə "fond dəstəyi", "təşkilati xərclər", "ictimai tədbirlərə ianə" adı altında tələbələrin təqaüdündən kəsintilər aparılması halları müşahidə olunur. Bu, təhsil sisteminin sosial yönlülüyünü zəiflədir və tələbə hüquqlarını pozur".

Bu sözləri Milli.Az-a təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, "Təhsil haqqında Qanun"un 40-cı maddəsində açıq şəkildə qeyd olunur ki, təhsil alanların təqaüdləri yalnız onların sosial müdafiəsini təmin etmək məqsədi daşıyır və onlardan hər hansı kəsinti yalnız qanunla müəyyən edilmiş hallarda mümkündür. Bu müddəa hüquqi baxımdan o deməkdir ki, təqaüd yalnız tələbənin şəxsi gəliri hesab edilir və universitet, fakültə, dekanlıq və ya tələbə təşkilatları tərəfindən ondan hər hansı məcburi tutulma qanunsuzdur. Əgər bu tutulmalar tələbənin yazılı razılığı olmadan həyata keçirilirsə, bu artıq qanunsuz ödəniş statusu alır:

"Statistik göstəricilər tələbə təqaüdlərinin məbləğinin onsuz da minimal olduğunu göstərir. Elm və Təhsil Nazirliyinin 2024-cü il məlumatına əsasən, bakalavr pilləsində orta aylıq təqaüd 80-130 manat arasında dəyişir. Bu məbləğ Bakı kimi yüksək xərcli şəhərlərdə yaşayan tələbələr üçün gündəlik xərcləri belə tam qarşılamır. Dövlət Statistika Komitəsinin hesablamalarına görə, tələbənin aylıq yemək və nəqliyyat xərcləri orta hesabla 250-300 manat təşkil edir. Belə şəraitdə 5-10 manatlıq tutulma belə tələbənin maddi vəziyyətinə ciddi təsir göstərir. Bu, xüsusilə aztəminatlı, regionlardan gələn tələbələr üçün əlavə sosial yük yaradır.

Elm və Təhsil Nazirliyinin siyasəti tələbələrin sosial təminatını gücləndirməyə yönəlib. Son illərdə "Tələbə+" proqramı çərçivəsində təqaüd mexanizmlərinin şəffaflaşdırılması, sosial təqaüdlərin artırılması və xüsusi kateqoriyalara (müharibə veteranlarının övladları, aztəminatlı ailələr, yüksək nəticə göstərənlər) əlavə dəstək göstərilməsi həyata keçirilib. Bu addımlar müsbət istiqamətdədir və dövlətin tələbə rifahına prioritet yanaşdığını göstərir. Lakin universitetlərdə aparılan kəsintilər bu strategiyanın mahiyyətinə ziddir, dövlətin sosial dəstək siyasətini faktiki olaraq neytrallaşdırır.

Bu məsələdə ən mühüm dəyişiklik nəzarət mexanizminin gücləndirilməsi olmalıdır. Elm və Təhsil Nazirliyi nəzdində "Tələbə hüquqlarının müdafiəsi və maliyyə şəffaflığı" adlı ayrıca elektron platforma yaradılmalıdır ki, tələbələr təqaüdlərindən edilən hər hansı tutulma barədə anonim şəkildə məlumat verə bilsinlər. Bu, həm korrupsiya risklərini azaldar, həm də universitet rəhbərliyinin məsuliyyətini artırar. Eyni zamanda universitetlərin maliyyə hesabatlarında tələbə təqaüdlərinin tam şəffaf uçotu aparılmalı, bu vəsaitlərə hər hansı müdaxiləyə qəti qadağa qoyulmalıdır.

Dünya təcrübəsində tələbə təqaüdü müqəddəs sosial təminat hesab olunur. Məsələn, Almaniya, Norveç və Finlandiyada təqaüdlər dövlət tərəfindən birbaşa tələbənin bank hesabına köçürülür və universitetlər bu vəsaitə müdaxilə edə bilmir. ABŞ və Böyük Britaniya universitetlərində isə tələbə təqaüdlərinə əlavə olaraq sosial dəstək fondları mövcuddur, lakin bu fondlara ianə tam könüllülük prinsipi ilə həyata keçirilir. Bu model tələbə hüquqlarının qorunmasının ən səmərəli yoludur.

Müsbət tərəf ondan ibarətdir ki, Azərbaycanda tələbələrin sosial müdafiəsi artıq dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyənləşdirilib. "Tələbə krediti fondu"nun genişləndirilməsi, sosial təqaüdlərin artırılması və yüksək nəticə göstərənlər üçün "Akademik mükafat təqaüdü" mexanizmi tətbiq edilib. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə apardığı islahatlar, xüsusilə təqaüdlərin avtomatlaşdırılmış qaydada verilməsi və şəffaf mexanizmlərin tətbiqi, tələbə rifahı baxımından çox önəmlidir.

Ancaq dəyişməli olan əsas məqam odur ki, universitetlərdə təqaüddən edilən istənilən tutulma mexanizmi tamamilə ləğv edilməlidir. Bu, yalnız inzibati tədbirlə deyil, hüquqi nəzarət vasitəsilə tənzimlənməlidir. "Təhsil haqqında Qanun"a əlavələr edilərək tələbə təqaüdlərinə müdaxilə edən vəzifəli şəxslər üçün inzibati məsuliyyət nəzərdə tutulmalıdır. Nazirlik bu istiqamətdə sıfır tolerantlıq prinsipini tətbiq etməlidir", - deyə ekspert qeyd edib. 

Qeyd edək ki, təqaüd tələbənin sosial hüququdur və bu hüquqa edilən hər müdaxilə həm təhsil etikasına, həm də qanunvericiliyə ziddir. 

Asya Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.