İqtisadiyyat

Müharibənin çökdürdüyü Ermənistanı nə gözləyir? - TƏHLİL

19 Noyabr 2020 11:47
Baxış: 2 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq qurumların açıqlamasına görə, Ermənistan iqtisadiyyatı sentyabr ayından bu yana ortalama olaraq 4% həcmində azalma göstərib. Ermənistan Statistika Komitəsi də, öz məlumatlarında 2020-ci ilin Yanvar ayı ilə müqayisədə ortalama 5.7% azalma göstərdiklərini açıqlayıb".

Bunu Milli.Az-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

O bildirib ki, Ermənistan iqtisadiyyatının dirçəlməsi növbəti 5 il ərzində hələ mümkün olmayacaq:

"Makroiqtisadi göstəricilərdə enişin əsas səbəbi ilin əvvəlindən başlayan pandemiya, daha sonra isə müharibə göstərilir. Ermənistan Maliyyə Nazirliyinin verdiyi məlumatlara əsasən, ölkənin büdcə gəlirləri təkcə Yanvar-Avqust ayları ərzində keçən illə müqayisədə 6 faiz azalmışdır. 2020-ci il üzrə nəzərdə tutulmuş büdcə gəlirləri 3.6 milyard USD və büdcə xərcləri isə 4 milyard USD ətrafında planlanmışdır. İllik hərbi xərcləri 630 milyon USD olaraq təsdiqlənmişdir. Lakin müharibənin Ermənistan üçün təsirlərini araşdırdıqda, xüsusilə, hərbi texnikalarının sıradan cıxarılmasını qiymətləndirdikdə, növbəti il üçün iqtisadiyyatın daha da çökməsini, və xüsusilə, hərbi sahədə hələ illərlə özlərinə gələ bilməyəcəyini, dövlət borcunun artacağını proqnozlaşdırmaq mümkündür. Hələ müharibə başlayan ərəfələrdə, Ermənistanın Maliyyə Naziri bəyanat vermişdi ki, növbəti il üçün Ermənistanın xarici dövlət borcu ortalama olaraq 2020 ÜDM-noin 60% həcminə qədər arta bilər. Beynəlxalq təşkilatlar isə 2025-ci ilə qədər Ermənistanın iqtisadiyyatının daha bədbin proqnozlaşdırır.

Müharibə sonrası Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilən torpaqlarda Ermənistan tərəfinin vurduğu zərərlərin qarşılanması üzərinə təzminat davası açılacağını qeyd etdi. Düşünürəm ki, bu çox doğru addımdır. Beynəlxalq məhkəmələr vasitəsilə qarşı tərəfdən dəymiş zərərin qarşılığı olaraq təzminat alacağımız durumda, bu, Qarabağ regionunun inkişafına, infrastrukturun qurulmasına yönəldilə bilər. İqtisadiyyatı çökmə mərhələsində olan bir ölkə üçün veriləcək təzminat isə daha da böyük krizislərin olmasına gətirib çıxaracaq. Ehtimal edirəm ki, Ermənistan iqtisadiyyatının dirçəlməsi növbəti 5 il ərzində hələ aktual olmayacaq. Məlumat üçün bildirim ki, artıq Fitch reytinqi də Ermənistanın kredit reytinqini aşağı salıb".

E.Səfərli onu da qeyd edib ki, Azərbaycanın müharibədə üstün olması iqtisadiyyatda baş verə biləcək dalğalanmaların qarşısını aldı:

"Ermənistandan fərqli olaraq, müharibə Azərbaycanın iqtisadiyyatına o qədər də ciddi təsir etmədi. Əsas səbəb isə daha öncəki illər ərzində, hərbi sahəyə ayrılan kifayət qədər büdcənin olması idi. Bir sözlə, müharibəyə hazırlıqlı olan Azərbaycanın, müharibədə həm güc baxımından, həm iqtisadi baxımdan, həm də psixoloji baxımdan üstün olması, iqtisadiyyatda baş verə biləcək dalğalanmaların qarşısını aldı. İlk 9 ayın statistikasına nəzər salsaq, Ümumi Daxili Məhsul kəsirimiz cəmi 4%-in altındadır. Mərkəzi Bankın verdiyi makroiqtisadi məlumatlara əsasən, 2020-ci ilin 9 ayı ərzində inflyasiyanın orta həddi 2.4% təşkil edir. İlin sonuna qədər baş verəcək siyasi prosesləri də nəzərə alsaq, bu rəqəmin maksimum 2.7-2.8% olacağını ehtimal edirəm. Dövlət büdcəsinə daxilolmalara diqqət etsək, bu il əvvəlində proqnozlaşdırılan mədaxildən ortalama 207 milyon çoxdur. Stratejik olaraq düşünsək, valyuta ehtiyatlarımız 50 milyarddan çoxdur. Bir sözlə desək, bütün makroiqtisadi rəqəmlər göstərir ki, Azərbaycan bu müharibəyə hazır idi və müharibədən də üzü ağ çıxdı.

Məsələnin əsas nöqtəsi bundan sonra işğaldan azad olunacaq bölgənin qurulması üçün atılacaq addımlardır. Post-müharibə dövründə Azərbaycan masa üzərində apardığı siyasi mübarizə ilə bərabər həm də, iqtisadi qalxmanın planını hazırlamalıdır. Bir sözlə desək stratejik iqtisadi inkişaf planı hazırlanmalıdır. Bunun üçün regionun ilkin olaraq infrastrukturu qurulmalı, dağıntılar aradan qaldırılmalı, əhalinin ora köçürülməsi və eyni zamanda yeni iş yerlərinin açılması üçün əlverişli addımlar atılmalıdır. Təbii ki, nəzər yetirsək Qarabağ regionu iqtisadi inkişaf üçün olduqca əlverişli hesab olunur. Resurslarla zənginlik, iqlim şəraiti və eyni zaman geolokasiyasının əlverişliliyi, regionda kənd təsərrüfatının, sənayenin və turizmin inkişafı üçün xüsusi qapılar açacaq. Biz Qarabağ zonasında təhlükəsizliyi və ölkə üzrə makroiqtisadi sabitliyi qorusaq, həm da xarici investorların Qarabağ bölgəsinə investisiyalarını cəlb edə bilərik".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.