İqtisadiyyat

Azərbaycanda kölgə iqtisadiyyatını necə işığa çıxaraq?

23 Oktyabr 2019 16:35
Baxış: 1 453

Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir.

Prezident İlham Əliyev oktyabrın 22-də Şahin Mustafayevi yeni vəzifəyə - Baş Nazirin müavini təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Azərbaycan iqtisadiyyatı son 15 il ərzində üç dəfədən çox artıb. Ancaq biz onu da bilməliyik ki, bu artım daha çox neftin hasilatının artırılması hesabına mümkün olubdur. Əlbəttə, biz neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində çox böyük uğurlar əldə etdik və Azərbaycan iqtisadiyyatımızın şaxələndirilməsi işində dünya miqyasında təbii resurslarla zəngin olan ölkələr sırasında qabaqcıl yerlərdədir. Təsadüfi deyil ki, biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı kimi ən aparıcı beynəlxalq maliyyə qurumu qiymətləndirir və biznes mühitinin səviyyəsinə görə biz dünyada 25-ci yerdəyik, 20 ən islahatçı ölkə arasındayıq. Eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumu illik hesabatında Azərbaycanı bir çox meyarlar üzrə qabaqcıl yerlərə layiq görübdür. Bütün bunlar aparılan islahatların nəticəsidir.

Lakin əldə olunmuş uğurlarla kifayətlənmək əsla olmaz. Bunu dövlət başçısı da çıxışlarında və nitqlərində vurğulayır, cəmiyyətə aşkar şəkildə bildirir.

İlham Əliyevin dediyinə görə, iqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə, ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində hələ ki bir çox işlər görülməlidir. Düzdür, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulubdur. Bunun yarısı xarici sərmayədir. Ancaq bu sərmayənin də böyük əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda, yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar.

Bu, həllini gözləyən ciddi probemlərdən biridir.

Hazırda hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır.

Sözsüz, iqtisadiyyatın inkişafı və qeyri-neft sahəsi ilə yanaşı, enerjidaşıyıcılarının hasilatı, emalı və nəqli sektoruna da ciddi investisiyalar yatırılmalıdır. Həmin sahələrin inkişafı ümumiyyətlə, iqtisadiyyata təkan, dayanıqlı irəliləyişin rəhnidir.

Şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün, bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət, əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər.

Büdcə daxilolmaları üçün mühüm əhəmiyyətə malik olan neftin qiyməti ilə bağlı xeyli müzakirələr aparılıb və neftin 55 dollar/barrel qiyməti üzərində dayanılıb. Bunun əsasında isə büdcə qaydasına uyğun olaraq xalis maliyyə aktivlərinin dəyəri və eyni zamanda, icmal büdcənin yuxarı həddi müəyyən edilib.

Lakin ciddi bir məsələ var ki, o da ibarətdir orta və uzunmüddətli dövr üçün büdcə qaydasında xərclərin spontan artım ehtimalından.

Maliyyə Nazirliyi bu məqamları mütləq nəzərdən keçirməli, inflyasiya səviyyəsini tam nəzərə almalı, onu dövlət büdcə hesablamalarında əks etdirməlidir.

Ölkəmizin uğurlu dayanıqlı iqtisadi inkişafı bundan sonra özəl sektor hesabına təmin edilməlidir. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdır. Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıbdır. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən infrastruktura və sosial infrastruktura böyük yükdür. Yeni məktəblər, yeni uşaq bağçaları tikilməlidir, yeni yollar çəkilməlidir. Yolların çəkilişi üçün vaxtilə qanunsuz tikilən binalarda yaşayan vətəndaşlar köçürülməlidir. Onlara dövlət tərəfindən kompensasiya verilir. Kompensasiya onları qane etməlidir. Yəni, biz bir çox xərclərlə üzləşirik.

Unutmayaq ki, Cənubi Qafqazda bizdən başqa digər ölkələrdə demoqrafik artım yoxdur. Ona görə o ölkələrdə bizim üzləşdiyimiz problemlər də mövcud deyil.

Dövlət başçısı İlham Əliyev dəfələrlə deyib ki, bizim iqtisadi artımımız demoqrafik artımı üstələməlidir. Buna nail olmaq üçün biz yeni artım mənbələri aşkar etməliyik. Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır.

"Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni, göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda, biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda, müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq", - İlham Əliyev deyib.

Ona görə iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin etmək, məşğulluğu artırmaq lazımdır.

Hər il on minlərlə yeni iş yeri yaradılır. Məhz buna görə işsizlik Azərbaycanda aşağı səviyyədədir. Ancaq buna baxmayaraq, işsizlik arta bilər. Nəyə görə? Əhali artır və əgər iqtisadi inkişaf artan əhalinin templəri ilə uzlaşmasa, əlbəttə ki, gələcəkdə bizi bir çox problemlər gözləyə bilər. Biz isə öz siyasətimizi strateji hədəflər əsasında qururuq. Bizim siyasətimiz uzunmüddətlidir və siyasətimizin əsas qayəsi odur ki, dayanıqlı inkişaf təmin edilsin.

Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ ki, çox aşağı səviyyədədir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artmır. Bunun, əlbəttə, səbəbi ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır. Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir.

Şahin Mustafayev iqtisadiyyat naziri kimi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının hazırlanması və icrası ilə bağlı işlərdə fəal iştirak edib, bu Proqramın tərtibatında önəmli rol oynayıb.

Bu sahə onun daim diqqətində qalmalıdır.

Eyni zamanda, Ş.Mustafayev bir sıra ikitərəfli hökumətlərarası komissiyaların Azərbaycan tərəfdən həmsədridir. Bu sahədəki fəaliyyət də davam etdirilməlidir.

Elçin Alıoğlu
Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.