İqtisadiyyat

Bu ilin 9 ayında qeyri-neft tranzit daşımaları 43% artıb - Nazir

21 Oktyabr 2019 20:19
1 Şərh     Baxış: 355

Bu ilin 9 ayında ölkənin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi nəticəsində yük daşımaları 1,6% artıb. Bu dövrdə qeyri-neft tranzit daşımaları 43% artmaqla 2,1 mln. tondan çox olub. Şimal-Cənub nəqliyyat dəhlizi ilə tranzit daşımaların həcmində 77%, Şimal-Qərb nəqliyyat dəhlizi ilə tranzit daşımalarda 53% artım qeydə alınıb. Bu sahədə işlərin səmərəliliyinin daha da artırılması əlavə iqtisadi artım üçün yeni imkanlar yaradacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısının tapşırıqlarının icrasına dair geniş kollegiya iclasında deyib.

Nazir qeyd edib ki, bu ilin 9 ayında da özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib: "Bu dövrdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 mln. manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 mln. manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74%-i aqrar sektorun, 26%-i sənaye istehsalı və digər sahələrin, 66%-i regionların, 34%-i isə Bakı qəsəbələrinin payına düşür. 2019-cu ilin 9 ayı ərzində Fondun güzəştli kreditlərindən istifadə etməklə yaradılan 19 müəssisə istifadəyə verilib".

Ş.Mustafayev bildirib ki, əlavə iqtisadi artım mənbələrinin yaradılmasında və ixracın genişləndirilməsində stimullaşdırıcı tədbirlərdən olan güzəştli kreditləşdirmə, logistik mərkəzlərin yaradılması işlərinin davamı olaraq, son illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 400 hektardan çox ərazidə müasir istixana və 9,6 min hektar ərazidə intensiv bağçılıq təsərrüfatlarının yaradılmasına 313 mln. manat, ümumi tutumu 353 min ton olan logistik mərkəzlərin təşkilinə 180 mln. güzəştli kredit verilib: "Bu isə, ixracda kənd təsərrüfatı məhsullarının ixrac həcminin artmasına müsbət təsir göstərir. Belə ki, 2018-ci ildə 177,4 mln. ABŞ dolları dəyərində 172 min ton pomidor, 325,6 mln. ABŞ dolları dəyərində 319,2 min ton meyvə ixrac olunub. Bu da göstərilən sahəyə güzəştli kreditlərin verilməsinə başlanan illərlə müqayisədə pomidor ixracının 4,3 dəfə (dəyər ifadəsində 9,9 dəfə), meyvə ixracının 70% (dəyər ifadəsində 2.9 dəfə) artması deməkdir.

İxracın dəstəklənməsi məqsədilə 2019-cu ilin 9 ayında 8 beynəlxalq sərgidə sahibkarların vahid ölkə stendi ilə iştirakı təmin edilib, müxtəlif ölkələrə 7 ixrac missiyası təşkil olunub, 90 sahibkarlıq subyektinə 16 ölkəyə 120,4 mln. ABŞ dolları dəyərində məhsul ixracına görə 7,2 mln. manat ixrac təşviqi ödənilib".

Milli.Az 

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    DY-çu · 22 Oktyabr 13:4440

    10 il bundan əvvəl Neft məhsullarının DY ilə tranziti indikindən 8-10 dəfə çox idi... İndi niyə azalıb??? Cavabını araşdıran varmı görəsən???

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.