İqtisadiyyat

"Doing Business-2012" hesabatında Azərbaycan əmlakın qeydiyyatına görə ilk onluqdadır

12 Noyabr 2011 11:44
Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 10 müxtəlif göstərici üzrə 183 ölkə arasında hazırlanan "Doing Business-2012" hesabatına əsasən, Azərbaycan daşınmaz əmlakın qeydiyyatına görə 9-cu yerdədir. "Azərbaycan" qəzetinin məlumatına görə, hesabatda bildirilir ki, Azərbaycanda əmlakın ötürülməsi üçün 4 prosedur tələb olunur ki, buna da 11 gün müddət və əmlakın dəyərinin 0,2 faizi qədər xərc sərf edilir. Bu, regionda ən yaxşı göstəricilərdən biridir.

Müqayisə üçün bildirək ki, Azərbaycanın aid edildiyi Şərqi Avropa və Mərkəzi Asiya regionlarında əmlakın ötürülməsi üzrə orta göstərici 37, qonşu ölkələrdən Türkiyədə 44, Rusiyada 45, Bolqarıstanda 66, Rumıniyada 70, İranda 163, Ukraynada isə 166-dır.

Buna baxmayaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkədə əmlakın qeydiyyatının sadələşdirilməsi üzrə işlər davam edir. Bura daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, əmlakın texniki pasportunun, dövlət reyestrindən çıxarışın, məhdudlaşdırmaya dair dövlət reyestrindən arayışın alınması üçün qaydaların və müddətlərin sadələşdirilməsinə dair təkliflərin hazırlanması, prosesdə süni maneələrin aradan qaldırılması aiddir.

Bu sahədə qabaqcıl dünya təcrübəsindən də istifadə olunur. 2007-ci ildən etibarən Dünya Bankının dəstəyi ilə reallaşan "Daşınmaz əmlakın qeydiyyatı layihəsi" ölkədə daşınmaz əmlakın qeydiyyatı sistemində ciddi dəyişikliklərə səbəb olacaq. Gələcəkdə isə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin elektron ərizələr şəklində qəbulu sisteminin yaradılması nəzərdə tutulur. Bunun nəticəsində daşınmaz əmlakın qeydiyyatı sistemi elektron hökumətin əhəmiyyətli bir hissəsinə çevriləcək.

Bəs ölkəmizdə nüfuzlu beynəlxalq təşkilat tərəfindən yüksək qiymətləndirilən əmlakın ötürülməsi prosesi hansı prosedurlardan ibarətdir?

Öncə qeyd edək ki, Azərbaycanda əmlakın ötürülməsi prosesi əmlak sahibinin bu əmlak üzərində mülkiyyət hüququnun təsdiq edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən yüklülüyün olmamağı haqqında arayışın alınması ilə başlayır. Hesabata əsasən, bu prosedurun dəyəri 90,88 AZN-dir. Bu qiymətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış almaq, satıcının mülkiyyət hüququnun yoxlanılması, daşınmaz əmlak ilə əlaqədar texniki sənədlər (pasport və ya planlar) və yüklülüyün olmamağı haqqında şəhadətnamənin alınması üçün tələb olunan dövlət rüsumu daxildir. Prosedur adi qaydada 5 gün davam edir. Lakin 100,88 məbləğində rüsum qarşılığında sürətləndirilmiş variant tətbiq olunur və 2 gün ərzində yekunlaşır.

İkinci addım alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqidir. 1 gün müddət tələb olunan bu prosedur üçün 110 manat möhür rüsumu ödənilir. Möhür rüsumu notariusa ödənilir və o da öz növbəsində rüsum alındıqdan sonra 2 bank günü ərzində onu xəzinəyə ötürməlidir. Lakin praktik olaraq möhür rüsumu kommersiya bankında ödənilə bilər.  Tərəflər bankda ödəniş etdikləri halda ödəniş qəbzi təqdim edilməlidir.

Notariat rəsmiləşdirilməsindən sonra alıcı əmlakı qeydiyyatdan keçirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edir. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" qanunun 9.2 və 13.7-ci maddələrinə əsasən, reyestr qeydiyyatı 101,10 AZN məbləğində rüsum müqabilində 20 gün ərzində tamamlanmalıdır. 28 sentyabr 2006-cı ildən aşağıdakı sürətləndirilmiş variantlar da var: 14 gün - 151,65 AZN, 7 gün isə - 202,20 AZN. Bundan başqa, 11 AZN məbləğində dövlət rüsumu da toplanır.

Əmlakın ötürülməsi ilə bağlı sonuncu mərhələ alıcının bina və torpaq üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması sayılır. Bu prosedur yekunlaşdıqdan sonra yeni qanuni mülkiyyətçi (alıcı) Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən onun mülkiyyət hüququnu təsdiq edən adına verilmiş çıxarışı və daşınmaz əmlak ilə əlaqədar texniki sənədləri almalıdır. Beləliklə, əmlakın ötürülməsi sürətləndirilmiş variantları da nəzərə almaqla 4 prosedur, 11 gün və 424,08 AZN-ə başa gəlir. Bu, əmlakın şərti götürülmüş qiymətinin 0,2 faizini təşkil edir.

Azərbaycan "Doing Business-2012"də

İndikatorlar

Renkinqdə yeri

1

Əmlakın qeydiyyatı

9

2

Biznesə başlanğıcı

18

3

İnvestorların maraqlarının qorunması

24

4

Müqavilələrin icrası

25

5

Kreditlərin alınması

48

6

Vergilərin ödənişi

81

7

Müflisləşmə prosedurları

95

8

Xarici ticarətin aparılması

170

9

Tikinti üçün icazələrin alınması

172

10

Elektrik təchizatı şəbəkələrinə qoşulma

173

Ümumi göstərici

66

Azərbaycanda əmlakın ötürülməsi prosedurları 

Prosedurun adı

Müddəti

1.

Mülkiyyət hüququnun təsdiq edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən  yüklülüyün olmaması haqqında arayışın alınması

5 gün (adi qayda)

2 gün  (sürətli)   

2.

Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqi

1 gün

3.

Alıcı əmlakı qeydiyyatdan keçirmək üçün dövlət reyestr xidmətinə müraciət edir

1 gün

4.

Alıcının bina və torpaq üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması

20 gün (adi qayda)

14 gün (sürətli)

7 gün (sürətli)

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.