İqtisadiyyat

Bu il taxıl istehsalı ötən ildəkindən çox olacaq - PROQNOZ

11 İyul 2019 20:01
Baxış: 496

Ötən ilə nisbətən bu il taxıl sahələrindən daha çox məhsul yığılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Taleh Qasımov məlumat verib.

Assosiasiya sədri bildirib ki, iyulun 9-na olan məlumata görə, indiyədək 2 milyon 884 min ton taxıl yığılıb. 2018-ci ilin iyulun 9-na qədər ölkədə 2 milyon 319 min ton taxıl yığılmışdısa, bu ilin müvafiq dövründə 2 milyon 884 min ton taxıl yığılıb. Başqa sözlə, bu il ötən ilə nisbətən 565 min ton daha çox taxıl yığılıb.

Onun sözlərinə görə, bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən çox olacaq. Əgər ötən il hər hektara görə orta məhsuldarlıq 29,6 sentner olubsa, bu il hər hektara orta məhsuldarlıq 31,6 sentnerə yüksəlib. Müşahidələr göstərir ki, bu il taxıl istehsalı ötən ildəkindən çox olacaq.

T.Qasımov qeyd edib ki, aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə məhsuldarlığı daha da artırmaq mümkündür: "Assosiasiya taxıl istehsalının və taxılçılıq məhsulları ilə özünütəminetmə səviyyəsinin artırılması üçün fermerlərin maarifləndirilməsinə xüsusi diqqət yetirəcək. Bundan başqa, aqrar sahədə çalışanların bazarın nəbzini daha yaxşı tutması üçün onlara lazımı məsləhət və tövsiyələr veriləcək. Bildiyiniz kimi, dünya bazarında kənd təsərrüfatı məhsullarının qiyməti hər il müxtəlif istiqamətlərdə dəyişir. Məsələn, bu il dünya bazarında qarğıdalı baha, taxıl ucuz olursa, gələn il qiymətlər əksinə olur. Balansı düzgün tənzimləmək və fermerlərin qazanması üçün öz tövsiyəmizi verəcəyik. Çünki fermer bu sahədən qazanc əldə etməsə, növbəti il əkində maraqlı olmayacaq".

Mütəxəssis hesab edir ki, fermerlər əkin strukturundan çıxmış və ya az paya malik məhsulların yetişdirilməsinə də xüsusi diqqət yetirməlidir: "Fermerlər tələbata uyğun məhsulların becərilməsini də diqqətdə saxlamalıdır. Bununla onlar nəinki yerli tələbatı ödəyə, hətta xaricə məhsul ixrac edə bilər. Bildiyiniz kimi, buğdanın bərk növündən makaron və makaron məmulatları istehsal olunur. Qazaxıstan və Rusiyanın bəzi bölgələri ilə müqayisədə Biləsuvar və Cəlilabadda bərk buğdanın yetişdirilməsi üçün daha əlverişli iqlim və torpaq şəraiti var. Ölkədə makaron istehsalı üçün nəinki tələbat olan səviyyədə, hətta kifayət qədər həcmdə ixrac üçün bərk buğda istehsalı mümkündür. Ölkəmizdə soya yetişdirmək üçün də əlverişli şərait var. Bu, həm xaricdən idxalın azaldılması, həm də toyuq ətinin maya dəyərinin aşağı düşməsi deməkdir. Təcrübə göstərir ki, bu deyilənlərlə bağlı fermerlərin məlumatlandırılmasına ehtiyac var. Biz bu məqsədlə bukletlər, broşürlər hazırlayacaq və fermerlərə təqdim edəcəyik. Üstəlik, fikir və təcrübə mübadiləsi üçün xaricdən bəzi mütəxəssislər də dəvət edəcəyik".

T.Qasımov bildirib ki, taxıl istehsalçıları məhsulun satışı ilə bağlı heç bir problemlə üzləşmir: "Son illərdə ölkədə çoxlu taxıl qəbul məntəqələri və elavatorlar inşa olunub. Fermerlər istehsal etdikləri məhsulu saxlayib istədikləri vaxt sata bilərlər".

Xatırladaq ki, bu il mayın 27-də "Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyi təsis olunub. Assosiasiya taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların fəaliyyətinin əlaqələndirilməsi, onlar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə təsis olunub.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.