Dəyərinin təqribən 12 faizini itirdikdən sonra ABŞ dollarına nisbətdə 6,30 səviyyəsinə enən türk lirəsi öz tarixi rekordunu yeniləyib. Lirə avroya nisbətdə də 8 faiz ucuzlaşıb.
Cümə axşamı günü baş vermiş kəskin enişdən sonra lirənin dəyəri artıb və hazırda məzənnə 5,96 ətrafında qalmaqdadır.
İlin əvvəlindən bəri Türkiyənin milli valyutası dəyərinin yarısından çoxunu itirib.
Financial Times qəzetinə əsasən, lirənin ucuzlaşması ilə bağlı vəziyyət Avropanın Mərkəzi Bankı tərəfindən (ECB) diqqətlə izlənilir.
ECB hazırkı vəziyyəti kritik hesab etməsə də, Türkiyədə əhəmiyyətli əməliyyatlar aparan bir neçə Avropa bankına mümkün mənfi fəsadlardan narahatdır, biznes dairələrinin nüfuzlu nəşri bildirir.
Türkiyə prezidenti lirənin məzənnəsilə bağlı nikbin olduğunu deyib.
"Müxtəlif kampaniyalar aparılır. Bu kampaniyaları dinləməyin. Onların dollarları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Heç narahat olmayın. Biz çox çalışacağıq və 2023-cü ilə fərqli girəcəyik", - Recep Tayyip Erdoğan bildirir.
Recep Tayyip Erdoğan lirənin kursu ilə bağlı narahatlıq keçirməməyə çağırıb.
Türkiyənin maliyyə naziri Berat Albayrak, ölkənin "yeni iqtisadi modelini" açıqlamalıdır.
Ehtimalən o, borcun azaldılması, büdcə kəsiri və cari hesabların balanslaşdırılması ilə bağlı addımları nəzərdə tutur.
Milli.Az