İqtisadiyyat

İşdə sığortalan: rahat işlə, rahat dolan!

9 Mart 2011 13:36
Baxış: 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu ilin əvvəlində "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ölkəmizdə sağlam iş mühitinin yaradılması, işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, əməklə məşğul olan hər bir kəsin mənafeyinin qorunması baxımından çox mühüm əhəmiyyətə malikdir. Nəhayət ki, işçi və işəgötürən arasında illərdən bəri yaşanan bir sıra mübahisəli məsələlərə xeyli aydınlıq gətirildi.

İş yerində xəsarət alana zərəri kim ödəyəcək?

Sirr deyil ki, indinin özündə də, bəzi işəgötürənlər sahibkarlığı ağalıq etmək kimi başa düşərək, öz obyektlərində çalışanların əməyinə qul əməyi kimi baxır, işçilərin əmək hüquqları ilə hesablaşmır, əməkdaşların təhlükəsizliyinin, sağlamlığının qorunmasının təmin edilməsi barədə ümumiyyətlə düşünmürlər. Hamısı ondan irəli gəlir ki, bizdə işsizlərin çoxu, yalnız birtəhər pullu iş tapıb öz ailəsini dolandırmaq barədə düşünür, öz axırlarını isə fikirləşmirlər. Onlar öz sağlamlıqlarını təhlükə altında qoyaraq heç bir müqavilə bağlamadan ən ağır və səhhətə ziyanlı işlərdə belə işləməyə razı olurlar, əvəzində isə sağlamlıqlarını qurban verirlər.

Səhhətlərində bir problem yarananda və ya iş qabiliyyətini itirdikdə isə, sahibkar tərəfdən heç bir maddi kompensasiya verilmədən işdən azad olunurlar. Ortada heç bir hüquqi sənəd olmadığı üçün, peşə fəaliyyəti zamanı aldığı xəsarətə görə işçinin sahibkardan maddi yardım tələb etməyə hüququ olmur. Bu şəxs yalnız məhkəməyə müraciət etsə, onda bəlkə işəgötürəndən hansısa bir məbləği ala bilər. Məhkəmə  çəkişmələri isə, o qədər uzun və yorucu iş olur ki, bu proseslər nəticəsində zərər çəkənin üstəlik əsəbləri də korlana bilər.
İcbari sığorta haqqında qanun istər dövlət, istərsə də özəl sektorlarında işəgötürənlərin öhdəsinə böyük məsuliyyət və vəzifələr qoyur. Artıq, iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik texnikasına əməl edilməsi, işçilərin sağlamlığının qorunması, əməkdaşların qayğısına qalınması zamanın tələbidir.

Bu gün işçilərlə əmək müqaviləsi bağlayan müəssisə rəhbərləri əməkdaşlarla icbari sığorta müqaviləsinin də bağlanılmasını təmin etməli, sığortaçıya icbari sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə sığorta haqqını ödəməlidir. Sığorta tarifləri Nazirlər Kabinetinin qərarı ilə işçilərin risk qruplarından asılı olaraq müəyyən edilmişdir.

Sığorta tarifləri necə hesablanacaq?

Ən aşağı riskli hesab olunan qrup üzrə sığorta tarifləri əməkhaqqının 0,2%-i, ən yuxarı risk qrupu üçün 2%-i qədər müəyyən edilib. Əslində, bu tariflər elə də yüksək deyildir, əgər sahibkar işçilərə məvacib təyin edərkən avtomatik olaraq ödəyəcəyi sığorta haqqını da nəzərə alsa, həmin sığorta haqqı işəgötürənin büdcəsinə ziyan gətirməz. Məsələn, bir işçi üçün ayda 300 manat xərc nəzərdə tutan sahibkar, işçiyə 295 manat maaş yazıb yerdə qalan 5 manatı isə sığorta haqqı kimi ödəyə bilər.

İcbari sığorta müqaviləsi bağlandıqdan sonra işəgötürən özü xeyli üstünlüklər qazanır. Belə ki, əmək prosesi zamanı baş verə biləcək hər hansı bir sığorta hadisəsi zamanı işçiyə dəyən ziyanın maddi cəhətdən kompensasiya edilməsi sahibkarın deyil, sığortaçının öhdəsinə düşür. Ona görə də sığorta hadisəsi baş verəndə işçi ilə işəgötürən arasında əvvəlki kimi narazıçılıqlar yaranmır, iş gedib məhkəməyə kimi çıxmır, əksinə işəgötürən belə situasiyalarda zərər çəkənin hüquq və mənafelərini sığortaçı qarşısında müdafiə edə bilər.
 
Ümumiyyətlə, işəgötürən işçilərə qabaqcadan onların hüquq və vəzifələrini, habelə icbari sığortanın şərtlərini və qaydalarını izah etməli, işçilərin ilkin və vaxtaşırı icbari tibbi müayinədən keçirilməsini təmin etməlidir. Bütün görülən tədbirlərə baxmayaraq sığorta hadisəsi baş verərsə, işəgötürən bu barədə 3 iş günü ərzində sığortaçıya məlumat verməlidir ki, xəsarət almış işçi ona dəyən zərərə görə vaxtında kompensasiya ala bilsin, həm də, zəruri olduqda sığortaçı sığorta hadisəsini isti-isti araşdıra bilsin. Sığorta hadisəsi zamanı əməyin mühafizəsi qaydalarına və əməyin mühafizəsinə dair təlimatlara riayət etmədiyi üzə çıxdıqda sığorta olunan kompensasiyadan məhrum oluna bilər.

Kiməsə ağız açmağa ehtiyac qalmayacaq

İcbari sığortanın əsas üstünlüklərindən biri onun mənəvi əhəmiyyətidir. Belə ki, sığortası olan işçi istehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət alanda və ya peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirəndə, maddi yardım üçün kiməsə ağız açmalı olmayacaq, heç kimin yanında özünü  xəcalətli hiss edib mənəvi əzab çəkməyəcəkdir, əvəzində sığorta hadisəsinin dərəcəsindən asılı olaraq qanunla ona düşən sığorta haqqını sığortaçıdan alaraq öz sağlamlığının bərpasına sərf edə biləcək.

Bunlardan əlavə, sığorta olunanların bir sıra hüquqları vardır ki, onlardan vaxtlı-vaxtında istifadə etmək işçinin yalnız xeyrinə ola bilər. Belə ki, sığorta olunmuş işçilər işəgötürənin hesabına ilkin və vaxtaşırı icbari tibbi müayinələrdən keçə bilərlər, qanunvericiliklə müəyyən edilmiş qaydada istehsalatdan ayrılmadan və ya ayrılmaqla təhlükəsiz əmək metodlarına, əməyin mühafizəsi qaydalarına dair ödənişsiz təlim ala bilərlər. Bütün bunlar isə, təbii ki, işin keyfiyyətinin artmasına gətirib çıxardacaq. 

Ümumilikdə götürdükdə hər hansı bir müəssisədə, təşkilatda sığorta hadisəsinin baş verməsi heç kim üçün arzuolunan hal deyildir. Ona görə də ümid etmək olar ki, "İcbari sığorta haqqında" qanun ölkəmizdə sağlam və normal iş şəraiti formalaşdırmaqla istehsalatda baş verən bədbəxt hadisələrin, bu hadisələr nəticəsində xəsarət alanların sayını xeyli azaldacaq, işəgötürənlərin işçilərə qarşı qayğı və məsuliyyətini daha da artıracaq.

Vüqar Haqverdiyev
Milli.Az

Yazı "Atəşgah Sığorta" şirkətinin jurnalistlər üçün "İstehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın sosial aspekti" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.