İqtisadiyyat

Yerli və xarici meyvə-tərəvəz: bizə görünüş lazımdır, yoxsa keyfiyyət və dad?

2 Mart 2011 14:29
Baxış: 2 062
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu gün paytaxt bazarlarında və market-mağazalarda piştaxtaları xarici ölkələrdən gətirilən meyvə-tərəvəzlər tutub. İri, yaraşıqlı görünüşü olan, səliqə ilə qablaşdırılan import meyvələr Azərbaycana dünyanın hər yerindən gətirilir. Özü də bunlar təkcə tropik, subtropik bitkilər deyil.

Milli.Az xəbər portalının məlumatına görə, satıcılar deyir ki, alma, armud meyvələrinin bir hissəsi Argentinadan, Çindən gətirilir. Portağal, limon, naringi Türkiyə məhsullarıdır. Satıcılar hazırda xarici meyvələri satmağın daha sərfəli olduğunu iddia edirlər. Onlar bunu həmin məhsuların daha təravətli görünüşü, gec xarab olması, qiymətinin isə yerli mallardan daha ucuz olması ilə əsaslandırır: "Elə alıcılar da onları görkəminə görə, süfrədə yaraşıqlı görünməsi üçün alırlar. Belə meyvələrin dadı isə yoxdur, yerli meyvələr onlardan qat-qat dadlı və ətirli, həm də faydalıdır. Bazarda yerli meyvələr qıtdır. Qışda isə demək olar ki, olmur. Ona görə də, əsas meyvə-tərəvəz xaricdən gətirilənlərdir".

Meyvə-tərəvəz satışı ilə məşğul olan Mehman adlı satıcı isə deyir ki, bazarda yerli mallar xaricilərə nisbətən boldur. Satdığı məhsulların 60%-nin yerli, 40%-ni isə xarici məhsullar təşkil etdiyini deyən satıcının sözlərinə görə, xarici mala pul verən azdır. Alıcılar əsasən, xerli məhsullara üstünlük verirlər.

Tələbatımızı ödəyə bilmirik

Aqrar məsələləri üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, xarici məhsulların yerli bazarda üstünlük təşkil etməsi Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan istehlak tələbini ödəyə bilməməsi ilə bağlıdır. Ekspert Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, bu problem bir çox kənd təsərrüfatı məhsulları ilə bağldır. Ona görə də, ölkə idxaldan asılı olur və daha çox xaricdən mal idxal edir.
Daxili istehsal hesabına ət-süd və bitkiçilik məhsullarına olan istehlak tələbinin 30%-ni ancaq ödəyirik. Baxmayaraq ki, qərb bölgəsində daha çox keyfiyyətli kartof istehsal olunur, ancaq bu daxili tələbatı ödəməyə kifayət etmir.

Rəqabətə uduzuruq

"Xarici məhsullar ölkə bazarında yerli məhsullara qalib gəlir. Bu gün Gədəbəyin kartofu 1 manat 50 qəpiyə satılır. İradan gələn kartof isə yol xərcləri, əlavə dəyər vergisi, gömrük rüsumlarının olmasına rəğmən, bizim bazarda 90 qəpiyə saytılır. Bu nə ilə bağlıdır? Bizdə məhsuldarlıq aşağı olduğu üçün məhsulun maya dəyəri yüksəkdir. Türkiyədə, İranda məhsuldarlıq bizimlə müqayisədə 2 dəfə artıqdır. Bu zaman məhsulun maya dəyəri də 2 dəfə az olur. Ona görə də, bazarda bizimlə rəqabətdə qalib gəlirlər" - V.Məhərrəmov vurğuladı.

Problem nədir?

V.Məhərrəmov deyir ki, hazırda yerli fermerlər problem yaşayır. Onların maliyyə, texnologiya, istehsalla bağlı problemləri var. Yəni istehsalla bağlı problem olduğu üçün bazarı kifayət qədər daxili istehsal olan məhsularla təmin edə bilmirik.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə Milli.Az-a müsahibəsində qeyd etdi ki, yerli məhsulların istehsalının xərcləri kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, istehsal xərclərinin yüksək olmasının əsas səbəbi isə məhsuldarlığın aşağı olmasıdır. Azərbaycanda Kənd Təsərrüfatının böhran dövrünü yaşadığını deyən Q.İbadoğlunun sözlərinə görə, 2009-cu ilin yekunlarına görə daxili məhsullarda kənd təsrrüfatının payı 6.7% idisə, 2010-cu ilin yekunlarında isə bu rəqəm 5.4%-ə qədər azaldı. Ötən il Kənd Təsərrüfatı yeganə sektor oldu ki, orada tənəzzül müşahidə etdik. Bu, daha çox bitkiçilik, xüsusilə də, meyvə-tərəvəzin həcmində olan dəyişikliklə bağlıdır.
Mərkəz rəhbəri hesab edir ki, bunu yaradan səbəblərdən biri iqlim dəyişiliyi olsa da, əsas səbəb kənd təsərrüfatında uzun müddət torpağın qidalanmadan istismar olunması ilə bağlıdır. "Torpağı növbəsiz əkin sistemi ilə yükləyirik. Bu gün torpağın bizə verəcəyi məhsuların həm keyfiyyətində, həm də həcmində kifayət qədər dəyişikliklər var. Bu da sonda ona gətirib çıxarır ki, çox xərc çəkməklə istehsal etdiyimiz məhsul daha baha qiymətə başa gəlir və bu məhsulu bazarda baha qiymətə reallaşdıra bilmirik. Belə olanda da fermer mənfəət qazana bimir".

İnvestorlarda maraq yoxdur

Q.İbadoğlu digər bir problem kimi kənd təsərrüfatında investisiyanın aşağı olmasını önə çəkdi. Çünki, kənd təsərrüfatına qoyulan investisiya uzunmüddətli dövrdə geri qayıdır. Ona görə investorlarda da maraq yoxdur. Dövlətin verdiyi kreditlərin faizləri də kifayət qədər yüksəkdir və kəndli üçün lazım olan texniki avadanlıqların alınmasında onun sərbəst maliyyə vəsaiti bəs etmir.

Yerli məhsullarımızın xarici məhsulları sıxışdırması üçün nə etməli?

V.Məhərrəmovun fikrincə, daxili bazarda yerli məhsulların xariciləri sıxışdırmasını istəyiriksə, onda daha keyfiyyətli və tələbatımızı təmin edə biləcək qədər məhsul istehsal etməliyik. Xaricdən gələn meyvələr yerli meyvə-tərəvəzləri ona görə sıxışdırır ki, həmin məhsulların saxlama müddətini uzatmaq mümkündür, ancaq yerli məhsullarda bu, mümkün deyil.
"Çünki meyvə yığılan anda onun inkişaf prosesi dayandırılmalıdır. Məhsul aşağı temperatura salınmalıdır ki, inkişaf prosesini dayandırsın. Məhsul anbarlara vurulub aşağı temperaturda bir müddət saxlanılmalıdır. Bu işlərin öhdəsindən biz gələ bilmirik. Bunun üçün avadanlıqlar, maliyyə vəsaiti lazımdır" - deyə V.Məhərrəmov əlavə etdi.  

Q.İbadoğlu isə istehsalı artırmaq üçün Milli Aqrar İnkişaf Proqramının hazırlanmasını vacib sayır: "Bu proqramın əsas istiqamətlərindən biri rəqabətdir, bazar mühitinin yaradılmasıdır. Kənd təsərrüfatı məhsullarına çevik vergi və gömrük rüsumu tətəbiq olunmalıdır, istehsalçılar arasında qlobal iqlim dəyişikliklərinin təsirindən qorunmaq olunmaq üçün müəyyən proqramlar həyata keçirilməlidir. Kəndlinin əkin-biçin işlərinin planlaşması üçün tövsiyələrə ehtiyacı var. Hesab edirəm ki, bunların bütövlükdə həyata keçirilməsi kənd təsərrüfatının inkişafına gətirib çıxara bilər. Xarici məhsullara gömrük rüsumunun artrılması da çıxış yolu deyil. Azərbaycanın Ümümdünya Ticarət Təşikialtına üzv olması üçün öhdəlilk götütürb. Həmin təşkilata üzvlüyün əsas şərtlərindən biri orta çəkili gömrük rüsumları göstəricisinin aşağı salınmasıdır. Bu ərəfədə Azərbaycan üçün belə bir addımın atılması arzu olunan deyil".

Ekspert V.Məhərrəmov isə problemdən çıxış yolu fermerlərin simiclik etməməsində görür: "İlk növbədə fermerlərə aşılamalıyıq ki, aqriotexniki qaydalara əməl etmədən yüksək məhsul əldə etmək olmaz. Qaydalara əməl etməlisən, simiclik etməməlisən, torpağa lazımı qədər qida maddəsi verməlisən ki, torpaq münbit olsun. Bu halda məhsuldarlıq və keyfiyyət yüksək olacaq. Keyfiyyətli məhsulu satmaq və saxlamaq da asandır. Rəqabətə ona görə dözə bilmikrik ki, aqrotexniki qaydalara əməl olunmur. Fermerlərlə kifayət qədər maarifləndirmə işləri aparılmır. Yalnız supsidiya vermək kifayət eləmir. Yerlərdə vəziyyətə baxmaq lamzımdır ki, fermerə nə qədər supsidiya versəm o, dirçələ bilər, yaxşı məhsul istehsal edər və rəqabətə dözümlü olar".

Dünya ölkəmizi Gədəbəy kartofu ilə tanıya bilər

Ölkə istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji cəhətdən təmiz olduğunu deyən V.Məhərrəmov hesab edir ki, Azərbaycanı yaxşı meyvə-tərəvəz istehsal edən ölkə kimi tanıya bilərlər: "Xarici ölkələrdə son vaxtlar əsasən malın xarici görkəminin gözəl olması və uzun müddət saxlanılması əsas götürülür. Amma biz çalışmalıyıq i, özümüz üçün istehsal edək, əmtəə görünüşü aldıra bilməsək də, ekoloji cəhətdən təmiz məhsul istehsal edək. Bunun üçün məhsuldarlığı artımaq lazımdır. Düşünürəm ki, bizim idxal etmək potensialımız da var. Gədəbəy kartofu ilə dünya bazarına elə gözəl çıxarıq. Dünyanın istənilən ölkəsində bizi Gədəbəy kartofu ilə tanıya bilərlər".

Kənd Təsərrüfatı Nazirliyi deyilənlərlə razılaşmır

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev isə deyilənləri təkzib edir. Şöbə müdiri Milli.Az-a açıqlamasında ekspertlərin irəli sürdüyü arqument və nöqsanları formal sözlər adlandırdı: "Daxili bazarda yerli məhsullar kifayət qədərdir. Xarici məhsulun yerli bazarı zəbt etməsi yalan söhbətdir. Bəzi məhsulların bazarda qıt olması isə həmin məhsulun yerlərdə satılması ilə bağlıdır".

S.Vəliyev yerli məhsulun xarici ölkələrdən gətirilənllərə nisbətən ucuz olduğunu vurğuladı: "Yerli mallarımız daha ucuzdur. Yerli məhsulun baha olmasını kim deyirsə, yalan deyir" - nazirlik rəsmisi belə deyir.

Anar Məmmədov
Milli.Az













Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.