Yerli və xarici meyvə-tərəvəz: bizə görünüş lazımdır, yoxsa keyfiyyət və dad?
2 Mart 2011 14:29
Bu gün paytaxt bazarlarında və market-mağazalarda piştaxtaları xarici
ölkələrdən gətirilən meyvə-tərəvəzlər tutub. İri, yaraşıqlı görünüşü
olan, səliqə ilə qablaşdırılan import meyvələr Azərbaycana dünyanın hər
yerindən gətirilir. Özü də bunlar təkcə tropik, subtropik bitkilər deyil.
Milli.Az
xəbər portalının məlumatına görə, satıcılar deyir ki, alma, armud
meyvələrinin bir hissəsi Argentinadan, Çindən gətirilir. Portağal,
limon, naringi Türkiyə məhsullarıdır. Satıcılar hazırda xarici
meyvələri satmağın daha sərfəli olduğunu iddia edirlər. Onlar bunu
həmin məhsuların daha təravətli görünüşü, gec xarab olması, qiymətinin
isə yerli mallardan daha ucuz olması ilə əsaslandırır: "Elə alıcılar da
onları görkəminə görə, süfrədə yaraşıqlı görünməsi üçün alırlar. Belə
meyvələrin dadı isə yoxdur, yerli meyvələr onlardan qat-qat dadlı və
ətirli, həm də faydalıdır. Bazarda yerli meyvələr qıtdır. Qışda isə
demək olar ki, olmur. Ona görə də, əsas meyvə-tərəvəz xaricdən
gətirilənlərdir".
Meyvə-tərəvəz satışı ilə məşğul olan Mehman
adlı satıcı isə deyir ki, bazarda yerli mallar xaricilərə nisbətən
boldur. Satdığı məhsulların 60%-nin yerli, 40%-ni isə xarici məhsullar
təşkil etdiyini deyən satıcının sözlərinə görə, xarici mala pul verən azdır.
Alıcılar əsasən, xerli məhsullara üstünlük verirlər.
Tələbatımızı ödəyə bilmirik
Aqrar məsələləri üzrə ekspert Vahid Məhərrəmov
hesab edir ki, xarici məhsulların yerli bazarda üstünlük təşkil etməsi
Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan istehlak tələbini
ödəyə bilməməsi ilə bağlıdır. Ekspert Milli.Az xəbər portalına
açıqlamasında bildirdi ki, bu problem bir çox kənd təsərrüfatı
məhsulları ilə bağldır. Ona görə də, ölkə idxaldan asılı olur və daha
çox xaricdən mal idxal edir.
Daxili istehsal hesabına ət-süd və
bitkiçilik məhsullarına olan istehlak tələbinin 30%-ni ancaq ödəyirik.
Baxmayaraq ki, qərb bölgəsində daha çox keyfiyyətli kartof istehsal
olunur, ancaq bu daxili tələbatı ödəməyə kifayət etmir.
Rəqabətə uduzuruq
"Xarici
məhsullar ölkə bazarında yerli məhsullara qalib gəlir. Bu gün Gədəbəyin
kartofu 1 manat 50 qəpiyə satılır. İradan gələn kartof isə yol
xərcləri, əlavə dəyər vergisi, gömrük rüsumlarının olmasına rəğmən,
bizim bazarda 90 qəpiyə saytılır. Bu nə ilə bağlıdır? Bizdə
məhsuldarlıq aşağı olduğu üçün məhsulun maya dəyəri yüksəkdir.
Türkiyədə, İranda məhsuldarlıq bizimlə müqayisədə 2 dəfə artıqdır. Bu
zaman məhsulun maya dəyəri də 2 dəfə az olur. Ona görə də, bazarda
bizimlə rəqabətdə qalib gəlirlər" - V.Məhərrəmov vurğuladı.
Problem nədir?
V.Məhərrəmov
deyir ki, hazırda yerli fermerlər problem yaşayır. Onların maliyyə,
texnologiya, istehsalla bağlı problemləri var. Yəni istehsalla bağlı
problem olduğu üçün bazarı kifayət qədər daxili istehsal olan
məhsularla təmin edə bilmirik.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu
isə Milli.Az-a müsahibəsində qeyd etdi ki, yerli məhsulların
istehsalının xərcləri kifayət qədər yüksəkdir. Onun sözlərinə görə,
istehsal xərclərinin yüksək olmasının əsas səbəbi isə məhsuldarlığın
aşağı olmasıdır. Azərbaycanda Kənd Təsərrüfatının böhran dövrünü
yaşadığını deyən Q.İbadoğlunun sözlərinə görə, 2009-cu ilin yekunlarına
görə daxili məhsullarda kənd təsrrüfatının payı 6.7% idisə, 2010-cu
ilin yekunlarında isə bu rəqəm 5.4%-ə qədər azaldı. Ötən il Kənd
Təsərrüfatı yeganə sektor oldu ki, orada tənəzzül müşahidə etdik. Bu,
daha çox bitkiçilik, xüsusilə də, meyvə-tərəvəzin həcmində olan
dəyişikliklə bağlıdır.
Mərkəz rəhbəri hesab edir ki, bunu yaradan
səbəblərdən biri iqlim dəyişiliyi olsa da, əsas səbəb kənd
təsərrüfatında uzun müddət torpağın qidalanmadan istismar olunması ilə
bağlıdır. "Torpağı növbəsiz əkin sistemi ilə yükləyirik. Bu gün
torpağın bizə verəcəyi məhsuların həm keyfiyyətində, həm də həcmində
kifayət qədər dəyişikliklər var. Bu da sonda ona gətirib çıxarır ki,
çox xərc çəkməklə istehsal etdiyimiz məhsul daha baha qiymətə başa
gəlir və bu məhsulu bazarda baha qiymətə reallaşdıra bilmirik. Belə
olanda da fermer mənfəət qazana bimir".
İnvestorlarda maraq yoxdur
Q.İbadoğlu
digər bir problem kimi kənd təsərrüfatında investisiyanın aşağı
olmasını önə çəkdi. Çünki, kənd təsərrüfatına qoyulan investisiya
uzunmüddətli dövrdə geri qayıdır. Ona görə investorlarda da maraq
yoxdur. Dövlətin verdiyi kreditlərin faizləri də kifayət qədər
yüksəkdir və kəndli üçün lazım olan texniki avadanlıqların alınmasında
onun sərbəst maliyyə vəsaiti bəs etmir.
Yerli məhsullarımızın xarici məhsulları sıxışdırması üçün nə etməli?
V.Məhərrəmovun
fikrincə, daxili bazarda yerli məhsulların xariciləri sıxışdırmasını
istəyiriksə, onda daha keyfiyyətli və tələbatımızı təmin edə biləcək
qədər məhsul istehsal etməliyik. Xaricdən gələn meyvələr yerli
meyvə-tərəvəzləri ona görə sıxışdırır ki, həmin məhsulların saxlama
müddətini uzatmaq mümkündür, ancaq yerli məhsullarda bu, mümkün deyil.
"Çünki
meyvə yığılan anda onun inkişaf prosesi dayandırılmalıdır. Məhsul aşağı
temperatura salınmalıdır ki, inkişaf prosesini dayandırsın. Məhsul
anbarlara vurulub aşağı temperaturda bir müddət saxlanılmalıdır. Bu
işlərin öhdəsindən biz gələ bilmirik. Bunun üçün avadanlıqlar, maliyyə
vəsaiti lazımdır" - deyə V.Məhərrəmov əlavə etdi.
Q.İbadoğlu
isə istehsalı artırmaq üçün Milli Aqrar İnkişaf Proqramının
hazırlanmasını vacib sayır: "Bu proqramın əsas istiqamətlərindən biri
rəqabətdir, bazar mühitinin yaradılmasıdır. Kənd təsərrüfatı
məhsullarına çevik vergi və gömrük rüsumu tətəbiq olunmalıdır,
istehsalçılar arasında qlobal iqlim dəyişikliklərinin təsirindən
qorunmaq olunmaq üçün müəyyən proqramlar həyata keçirilməlidir.
Kəndlinin əkin-biçin işlərinin planlaşması üçün tövsiyələrə ehtiyacı
var. Hesab edirəm ki, bunların bütövlükdə həyata keçirilməsi kənd
təsərrüfatının inkişafına gətirib çıxara bilər. Xarici məhsullara
gömrük rüsumunun artrılması da çıxış yolu deyil. Azərbaycanın Ümümdünya
Ticarət Təşikialtına üzv olması üçün öhdəlilk götütürb. Həmin təşkilata
üzvlüyün əsas şərtlərindən biri orta çəkili gömrük rüsumları
göstəricisinin aşağı salınmasıdır. Bu ərəfədə Azərbaycan üçün belə bir
addımın atılması arzu olunan deyil".
Ekspert V.Məhərrəmov isə
problemdən çıxış yolu fermerlərin simiclik etməməsində görür: "İlk
növbədə fermerlərə aşılamalıyıq ki, aqriotexniki qaydalara əməl
etmədən yüksək məhsul əldə etmək olmaz. Qaydalara əməl etməlisən,
simiclik etməməlisən, torpağa lazımı qədər qida maddəsi verməlisən ki,
torpaq münbit olsun. Bu halda məhsuldarlıq və keyfiyyət yüksək olacaq.
Keyfiyyətli məhsulu satmaq və saxlamaq da asandır. Rəqabətə ona görə
dözə bilmikrik ki, aqrotexniki qaydalara əməl olunmur. Fermerlərlə
kifayət qədər maarifləndirmə işləri aparılmır. Yalnız supsidiya vermək
kifayət eləmir. Yerlərdə vəziyyətə baxmaq lamzımdır ki, fermerə nə
qədər supsidiya versəm o, dirçələ bilər, yaxşı məhsul istehsal edər və
rəqabətə dözümlü olar".
Dünya ölkəmizi Gədəbəy kartofu ilə tanıya bilər
Ölkə
istehsal olunan kənd təsərrüfatı məhsullarının ekoloji cəhətdən təmiz
olduğunu deyən V.Məhərrəmov hesab edir ki, Azərbaycanı yaxşı
meyvə-tərəvəz istehsal edən ölkə kimi tanıya bilərlər: "Xarici
ölkələrdə son vaxtlar əsasən malın xarici görkəminin gözəl olması və
uzun müddət saxlanılması əsas götürülür. Amma biz çalışmalıyıq i,
özümüz üçün istehsal edək, əmtəə görünüşü aldıra bilməsək də, ekoloji
cəhətdən təmiz məhsul istehsal edək. Bunun üçün məhsuldarlığı artımaq
lazımdır. Düşünürəm ki, bizim idxal etmək potensialımız da var. Gədəbəy
kartofu ilə dünya bazarına elə gözəl çıxarıq. Dünyanın istənilən
ölkəsində bizi Gədəbəy kartofu ilə tanıya bilərlər".
Kənd Təsərrüfatı Nazirliyi deyilənlərlə razılaşmır
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev
isə deyilənləri təkzib edir. Şöbə müdiri Milli.Az-a açıqlamasında
ekspertlərin irəli sürdüyü arqument və nöqsanları formal sözlər
adlandırdı: "Daxili bazarda yerli məhsullar kifayət qədərdir. Xarici
məhsulun yerli bazarı zəbt etməsi yalan söhbətdir. Bəzi məhsulların
bazarda qıt olması isə həmin məhsulun yerlərdə satılması ilə bağlıdır".
S.Vəliyev
yerli məhsulun xarici ölkələrdən gətirilənllərə nisbətən ucuz olduğunu
vurğuladı: "Yerli mallarımız daha ucuzdur. Yerli məhsulun baha olmasını
kim deyirsə, yalan deyir" - nazirlik rəsmisi belə deyir.
Anar Məmmədov
Milli.Az





