İqtisadiyyat

Bakı əsla Dubay olmasın - FOTO

13 May 2015 00:15
2 Şərh     Baxış: 7 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Bakı ikinci Dubaya bənzəyir, "Bakı sanki Sinqapurdur"... Bu ifadələri hər birimiz eşitmişik, eşidirik. Dövlət idarəetməsi sistemi və ya modeli qismində Azərbaycanın çıxış yolunun Birləşmiş Ərəb Əmirlikləri, Honkonq və ya Sinqapurdakı sistemdən ibrət götürməli olduğunu radikal müxalifətçilərimizlə yanaşı, iqtisadi ekspertlər də tez-tez vurğulayırlar.

İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün həmin ölkələr az qala ideal model sayılır.

Bir sözlə, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və ya Honkonqun adları gələndə həsrətlə köks ötürənlər az deyil və onların arasında Dubayda, Sinqapurda qısamüddətli turist səfərlərində olmuş soydaşlarımız xüsusi yer tutur.

O da vurğulanır ki, bu ölkələrin rəhbərliyi büdcəni həddən artıq müdrikcəsinə tərtib edir, strateji yöndə fikirləşir, gecələr yatmır, düşünür, iqtisadiyyatı inkişaf etdirir.

Gerçəkdirmi?

Xeyr, çünki Qərb mediasının illərdən bəri uğurla beyinlərə yeritdiyi geosiyasi miflərdən biridir.

Honkonq artıq Çin ərazisi olduğundan, onu yalnız Çin iqtisadiyyatının bir hissəsi kimi təhlil etmək olar.

Birləşmiş Ərəb Əmirlikləri və Sinqapur standart xüsusiyyətlərə malik ölkələr olduqlarından onların mövcudluq paradiqmaları da bənzərdir.

Hər iki ölkə geosiyasi baxımdan çox önəmli, strateji məkanlarda yerləşir.
 

Sinqapur dövləti Sinqapur və Malakk boğazlarının qovşağındadır. Həmin boğazlar bütün Cənub-Şərqi Asiyanın əsas nəqliyyat arteriyası, Avropaya yükdaşımalar, habelə Yaponiya, Çin və digər bölgə dövlətlərinin yaşam təminatı baxımından olduqca əhəmiyyətli məkanlardır.

Məsələn, Yaponiyadakı elektroenerjinin yarıdan çoxu Fars Körfəzi ölkələrindən daşınan maye qazın yandırıldığı istilik-elektrik stansiyalarında istehsal olunur.

Fukusima atom-elektrik stansiyasındakı qəzadan sonra bu göstərici daha da artıb.


 

Yəni Sinqapur və Malakk boğazlarında kiçik problem, qarışıqlıq yetər ki, Yaponiyada ciddi problemlər başlansın.

Yaxud da konteyner daşıyan gəmilər adlarını çəkdimiyz boğazlardan, oradakı infrastrukturdan yan keçməklə üzsəydilər, Yaponiya və Çinin dünya bazarlarına çıxardıqları mallarla məhsulların qiymətləri sürətlə, əhəmiyyətli şəkildə artardı.

Birəşmiş Ərəb Əmirlikləri isə dünyanın əsas neft satıcılarının əksəriyyətinin yerləşdiyi, geosiyasi baxımdan böyük önəm daşıyan Fars Körfəzindən çıxışın, Hörmüz boğazının üstündə yerləşir.


 

Bir-iki nümayişkaranə provokasiya etmək, sonra "ABŞ şirkətlərinin, investisiyalarının və maraqlarının müdafiəsinin təminatı zəruriliyi" ilə Birləşmiş Ştatlara müraciət etmək, daha sonra ABŞ Hərbi-Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qruplaşmasının (Comcarstrkgru) bölgəyə yeridilərək regional qüvvələr balansının dəyişdirilməsi - hər şey çox sadədir.

Əslində, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Sinqapur kimi dövlətlərin mövcudluğunun məqsədlərindən biri də budur.

Olanlarla deyilənlərin uyğunsuzluğu

BƏƏ və Sinqapur barədə deyilənlər, habelə bu dövlətlərin imici ilə onların real potensialı, ehtiyatları, sosial bazaları arasında kəskin fərq, ciddi uyğunsuzluq var.

Adlarını çəkdiyimiz ölkələrdə əhalinin sayı minimaldır və bu dövlətlərin yaşamına çoxəsrlik tarixin mədəni-kulturoloji təsiri yoxdur. Yaşamın təminatı iqtisadi, hərbi, infrastruktur, enerji amillərindən həddən ziyadə asılıdır.

Məsələn, nə BƏƏ, nə də Sinqapurda içməli su ehtiyatları yoxdur, elektroenerji istehsal olunmur, faydalı qazıntılar çıxarılmır. BƏƏ və Sinqapurda iri sənaye müəssisələri ilə yanaşı, "alababat", orta miqyaslı sənaye obyektləri də yoxdur.
 

Yəqin, elə bu səbəblər həmin dövlətlərin sabitliyinin illüzor, suverenliyinin nisbi olduğunu söyləməyə yetər.


 

BƏƏ və Sinqapur Qərbdən bütünlüklə asılı olduqları üçün onlar ABŞ, Yaponiya və Avropa Birliyinə tam loyal olmaq məcburiyyətindədirlər. BƏƏ-də neft ehtiyatları olsa belə, onun Qərbin himayəsi ilə müdafiəsini itirəcəyi təqdirdə İran, Səudiyyə Ərəbistanı və hətta İraq təki dövlətlər tərəfindən əzilərək udulması asan məsələdir.

Sürətli inkişaf, yoxsa müstəmləkə?

Bir anlıq da olsa, özünüzü kiçik və müstəqil, amma zəngin tarixi, təbii ehtiyatları, böyük əhalisi və ciddi sənaye istehsalı olmayan dövlətin başçısı qismində təsəvvür edin. Və düşünün ki, vətəndaşlarınız üçün yerli miqyasda, lokal cənnət yaratmaq, adınızı tarixə yazmaq fikriniz var.
 

İstək, ideya var, pul yoxdur. Təbii ehtiyatlar, sənaye, elmi və texniki potensial da yox. Əgər vaqe Sinqapurdadırsa - ətrafda bataqlıqlar və qamışlıqlar, Birləşmiş Ərəb Əmirliklərindədirsə - qumsallıqlardır. Naçar qalaraq dünya siyasətinin böyük iqtisadi və siyasi güclərinə bölgədən yararlanmağı təklif edirsiniz.

Gərçi bacarsanız.


 

Həmin güclər isə yalnız təklifinizi sərfəli, arqumentlərinizi tutarlı saysalar, razılaşacaqlar. Onların razılaşması həm də sırf ölkənizin yerləşdiyi önəmli geosiyasi məkanla bağlıdır.

Yəni BƏƏ və ya Sinqapur kimi ölkələrin rəhbərlərinin, hakimiyyətinin istəyindən asılı çox az məqam var.

Belə "iqtisadi möcüzə"lərin baş tutmasının yeganə səbəbi onların inkişafına icazə verilməsidir.
 

Çünki BƏƏ və Sinqapurun inkişafına Qərb biznesi qatıldı. Ən böyük şirkətlərin nümayəndəliklərinin ofisləri açıldı, birjalar yaradıldı, nəhəng bankların filialları açıldı. Üstəlik Qərbin mass-mediasında total dəstək, turizmin təşkili, qonşu ölkələrin biznesinə və siyasi landşaftına inteqrasiya, dayanıqlıq və maraqların qovşağının möhkəmləndiriliməsi üçün sərmayə axınının artırılması, beynəlxalq təşkilatlarda inzibati dəstək, əməkdaşlıq və hərbi-müdafiə tərəfdaşlığı ilə bağlı anlaşmalar...
 

O da maraqlıdır ki, BƏƏ və Sinqapurun imici yaradılanda həmin ölkələr zahirən ABŞ və Avropa Birliyindən maksimal dərəcə uzaqda tutuldu. Nədən ki, həmin ölkələrə hücum Cənub-Şərqi Asiya və Yaxın Şərqdə əsla sevilməyən ABŞ ilə Avropa Birliyinin vassallarına qarşı aqressiya, müstəmləkə asılılığından qurtulma cəhdi yox, "gənc və mütərəqqi dövlətə xain hücum" təsiri bağışlayacaq.


 

O dövlətlərə ki, günahsızdır və dünyada demokratiyanın müdafəçisi sayılan ABŞ-dan dərhal, təcili və tammiqyaslı yardım almalıdır.

Üstəlik, "soft power" adlandırılan çox güclü ideoloji təsir. Qərb belə təsirlə bütün ölkələrə mesaj verir: "Bizimlə olan, dediklərimizi edən, şərtlərimizə əməl edən ölkə uğur qazanır" və göstərmək istəyir ki, hətta BƏƏ və Sinqapur kimi kiçik ölkələr ən mürəkkəb, ağır şəraitə rəğmən sürətlə inkişaf edərlər, qonşu dövlətlərdə paxıllıq hissi yaradarlar.
 

Xərclər? İnkişaf üçün xərc çox deyil

Məsrəflər yalnız Qərbin nəzarətindəki biznesin işə cəlb edilməsi hesabına yerli əhalinin yaşamını təmin etməkdir.

Qərbin maraqlarını təmin edən ölkələrdə edamlar, oğurluğa görə əl və qolların kəsilməsi, totalitar idarəetmə, hətta qadınlarına avtomobil sürmələrinin yasaqlanması - belə də, xırda məsələlərdir ABŞ və Avropa Birliyi üçün.
 

Birləşmiş Ərəb Əmirlikləri və Sinqapurla bağlı məntiqi digər "sürətlə inkişaf edən, iqtisadi möcüzə göstərən" ölkələrə şamil etmək olar.

Məsələn, kommunist Çinin ərazisi olsa da, anklav kimi qalan Honkonq.
 

"Batırılmaz aviadaşıyıcı gəmi" sayılan, vaxtilə SSRİ və Çinə qarşı ABŞ-ın yardımları ilə sürətlə inkişaf etdirilən Yaponiya.

Çinin nəzarətdən çıxacağı halda Pekinə təzyiq və təsir imkanlarının saxlanması üçün postsənaye ABŞ-ının bir sıra istehsal müəssisələrinin köçürüldüyü Cənubi Koreya.
 

Ümumiyyyətlə, geosiyasi planlaşdırma və nəzarət maraqlı tədqiqatlar, araşdırmalar vəd edən istiqamətlərdir. Britaniya və ABŞ təki metropoliyalar tarixən belə tədqiqatlarla məşğul olublar.


 

Dünya çoxqütblü formasiya halını alsa da, Azərbaycan yerinin önəmini bilməli, inkişaf perspektivlərini dəqiq müəyyənləşdirməlidir.

Parlaq vitrini, cazibədar zahiri görünüşü olan Birləşmiş Ərəb Əmirlikləri ilə Sinqapur turistlərdə "Vau!" effekti yaradan ölkələr ola bilərlər. Çünki bu dövlətlərdə hər şey pulun cəlb edilməsi üçün yaradılıb.
 

Amma pul və maliyyə dövriyyəsi üzərində qurulan dövlətləri tarix çox çətin sınaqlara çəkir.

Bir zamanlar Genuya və Venesiya respublikaları da orta əsrlərdə Avropanın ən varlı ölkələrindən biri, Aralıq dənizində hegemon mövqe tutan məkanlar, İspaniya sahillərindən tutmuş, Şimali Afrika və Krım yarımadasınadək koloniyalara malik dövlətlərdi.

Dağıldılar, puç oldular, çünki qüdrətləri pul, gücləri ticarətdə idi.
 

Daha əvvəllər Finikiya, Lidiya vardı və onlar da hərb qarşısında davam gətirmədilər.

Karfagen kimi ticarət dövləti bir ara Roma İmperiyasına meydan oxudu, Hannibal Barkanın ordusu İtaliyaya yeriyərək romalıların legionlarını darmadağın etdi - sonuc nə oldu? Karfageni romalılar ümumiyyətlə yer üzündən sildilər.


 

Halbuki Karfagen də eynən Birləşmiş Ərəb Əmirlikləri və ya Sinqapur təki ticarətin hesabına varlanmışdı.
 

...Birləşmiş Ərəb Əmirliklərinin məşhur küçələrindən, ticarət mərkəzlərindən aralıda başqa həyat var. Yoxsul, ağır, üfunətli, zillətli bir yaşam. Rusiyalı bloqer İlya Varlamovun BƏƏ-də cəkdiyi fotolara baxın və bahalı avtomobillər, lüks butiklər, ən son texniki nailiyyətlərin tətbiq olunduğu yollar, çoxsaylı göydələnlərin vitrin olduğu Birləşmiş Ərəb Əmirliklərinin gerçək simasına tamaşa edin.

Və sonra da "Bakı Dubay olsun" deyərkən düşünün...

Orxan Hun

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.