İqtisadiyyat

Böhran... bizə yardım edəcək

13 Aprel 2015 00:15
0 Şərh     Baxış: 3 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın pulunun ağırlığının artması və Moskvanın maliyyə siyasətinin Qərb analitiklərinin bütün fəlakət proqnozlarına rəğmən, hələ də "bərbad" təsir bağışlamaması Brüssellə Vaşinqtonu, sonra da Londonu təəccübləndirməyə davam edir.


 

Halbuki qeyri-adi hadisələr yaşanmır, paradoksal heç nə baş vermir.
 

Rusiyanın valyutası bütün təzyiqlərə, sanksiyalara və embarqolara rəğmən, "ölmür".
 

Əksinə, onu öldürənlərə kurs divanı tutur.

Bazar və neft

"Maliyyə bazarlarında ən çətin işlərdən biri rublla bağlı proqnoz verməkdir. Bu ilin ilk üç ayında rublun yenidən öz gücünü qazanması ilə ən dəqiq proqnoz verən analitiklərin belə təxminləri yanlış çıxdı. Ukraynada atəşkəsin daha çox həlledici rol oynaması ilə neft qiymətlərinin altı illik ən aşağı səviyyəyə düşməsi, faiz dərəcələrinin azalması və rublun zəifləyəcəyi ilə bağlı əvvəlki göstəricilər əhəmiyyətsiz oldu".


 

Bunu Bloomberg agentliyi yazır. Əslində, etiraf edir. Qərb üçün çox acı, yolverilməz, amma situasiya qarşısında naçar bir etiraf.

"Rublla bağlı gözləntilərimin heç biri doğru çıxmadı", - deyə Moskvada yerləşən "Veles Capital" şirkətində çalışan ticarət işlərinin rəhbəri Yevgeni Şilenkov bildirib. Şilenkov bu rübdə rublun 3,6 faiz ucuzlaşacağı proqnozunu vermişdi. "Bu, bizim yeni reallığımızdır - rubla təsir göstərən həddən çox müxtəlif faktorlar var. Rubl haqqında proqnoz vermək, həqiqətən də, qeyri-mümkündür".

Rubl üçün hara baxmalı?
 

"Commerzbank AG" bankının London şöbəsində inkişaf etməkdə olan bazarların araşdırılmasına rəhbərlik edən Saymon Evans bildirib ki, investorlar rublun istiqamətini görmək üçün diqqətlərini Şərqi Ukraynaya yönəltməlidirlər. Evansın ötən dörd rübdə verdiyi proqnozlar bazarlardakı tendensiyaya ən uyğun gələn proqnozlar oldu. O, bu rübdə rublun 3,9 faiz qalxacağı, ölkədaxili istiqrazlar üçün isə gəlirlərin artacağı proqnozunu verir. Bunlar isə Qərb tərəfindən daha sərt sanksiyaların qoyulmasının və xam neftin qiymətinin düşməsinin qarşısını alan atəşkəs müddətinin uzadılmasına əsaslanır (4npress.com).

Rublun dəyərində tez-tez dəyişikliklər olması analitiklər üçün çətinliyi vurğulayır. Valyutanın qeyri-sabitliyi üçün nəzərdə tutulan bir ay rübün sonunda dünyada ən uzun müddət oldu və bunun nəticəsində maliyyə itkisinə qarşı siğortalanma xərcləri artdı və proqnoz verilməsi daha da çətinləşdi. Rubl ötən il 46 faiz dəyərini itirdi, bu isə Bloomberg tərəfindən izlənilən 31 əsas valyuta arasında ən aşağı göstərici idi.

"Valyuta ilə bağlı proqnoz verilməsi, prinsipcə, çətin bir işdir", - "Citigroup" maliyyə korporasiyasında çalışan və rublla bağlı dəqiq proqnozlar verən ikinci iqtisadçı İvan Çakarov qeyd edib. Çakarov rublun birinci rübdə zəifləyəcəyi proqnozunu vermişdi. "Bazarlarda həddən artıq qiymət dəyişkənliyi olduğu dövrdə bu iş daha da çətinləşir, belə ki, ötən bir neçə ay ərzində Rusiyada da vəziyyət belə idi".

Hər şey qəfil oldu

Rusiya Bankının minimum faiz dərəcəsini azaltmasına və Brent markalı xam neftin bir barreli üçün orta qiymətin 55,17 dollar, yəni əvvəlki üç ayda olduğundan 29 faiz aşağı olmasına baxmayaraq, ilin birinci rübündə rublun dəyəri 4,4 faiz yüksəldi.

"Royal Bank of Scotland Group Plc" (RBS) şirkətinin baş iqtisadçısı Tatyana Orlovanın sözlərinə görə, birinci rübdəki qazancların ikinci rübdə də davam etməsi ehtimalı yüksəkdir. Rusiya şirkətləri daha az dollar almalı olacaq, çünki mart ayında xarici borc ödənişləri yanvar ayında olduğundan 42 faiz aşağı olacaq.

Orlovanın proqnozuna görə, iyun ayının sonuna qədər rublun dəyəri dollarla nisbətdə 5,1 faizdən 55,4 faizə qədər yüksələcək. Bloomberg tərəfindən aparılan araşdırmaya görə, RBS şirkəti rubl haqqında dəqiq proqnoz verilməsinə görə altıncı yerdə gəlir.

Çakarov isə bu proqnozla razılaşmır və öz proqnozunu neft qiymətlərinin düşməsilə əsaslandırır. O, dollarla müqayisədə rublun dəyərində ikinci rübdə 13 faiz azalma olacağını düşünür, belə ki, "Citigroup" xam neft bolluğunun ən yüksək səviyyəyə çatacağı və neft qiymətlərinin bir barrel üçün 40 dollara düşəcəyi proqnozunu verir.

ABŞ-da bir barrel neftin qiyməti ötən həftə üçün 49,14 dollar olub və bu il 7,8 faiz azalıb. Brent markalı xam neftin qiyməti isə 4,2 faiz düşərək 54,95 dollar olub.

Ukrayna iqtisadiyyatı və hadisələri də rubla təsir göstərir

Analitiklər iqtisadiyyatın birinci rübdə 2,8 faiz kiçiləcəyi proqnozunu versələr də, iqtisadiyyat dördüncü rübdə gözlənilmədən 0,4 faiz böyüdü. Fevral ayında Rusiya tərəfdarı üsyançılarla Ukrayna ordusu arasında atəşkəslə sanksiyaların sərtləşdiriləcəyi ilə bağlı narahatlıq aradan qalxsa da, tərəflər atəşkəsin tez-tez pozulmasına görə bir-birlərini günahlandırmağa davam edirlər.

"Rublla bağlı proqnoz verilməsini çətinləşdirən rublun məzənnəsinə təsir göstərən müxtəlif faktorların çoxlu sayda olması və bir-birlərinə qarşılıqlı təsir göstərmələridir", - deyə Orlova qeyd edib.

Rubl, manat, yenə də rubl

Rusiyanın milli valyutasının Azərbaycan manatına təsiri banklararası kross-kurslar səviyyəsində, bəlkə də, iki ölkənin iqtisadiyyatı üçün ən önəmli məqamlar arasında deyil. Hər halda, ekspertlər belə deyirlər, çünki Azərbaycan və Rusiya arasında qarşılıqlı hesablaşmalar hələ də - əfsuslar olsun - ABŞ dolları və avro nisbətində götürülür.
 

Lakin Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, Moskvanın bu təzyiqlərin fəsadlarını azaltmaq üçün yeni bazarlara yönəlməsi və xüsusilə də postsovet məkanında investisiya fəaliyyətini aktivləşdirməsi rublla bağlı hadisələri daha diqqətlə izləməyimizi şərtləndirir.


 

Səbəblər çoxdur.
 

Qərbin demokratiya və insan haqları ilğımı çox şirin təsir bağışlasa da, postsovet məkanında son illərdə yaşanmış hadisələr göstərir ki, ABŞ və Avropa Birliyi yalnız onların geosiyasi maraqlarının təmin olunduğu məqamlarda hədəf seçdiyi ölkəyə maliyyə yardımları ayırır. Eyni ssenari üzrə: əvvəlcə "inqilab", "kütləvi etirazlar", mövcud hakimiyyətin devrilməsi, sonra da "güzəştli" kreditlər və yardımlar.
 

Bir şərtlə ki, həmin kreditlərlə yardımların ünvanlandığı ölkə pulları yalnız ABŞ və Avropa Birliyi ölkələrindən mal, məhsul və avadanlıq almağa xərcləyə bilər.

Yəni Qərb yardım, güzəştli kredit adı ilə ayırdığı pullar hesabına əslində öz iqtisadiyyatını inkişaf etdirir, müəssisələrinə sifarişlərin sayını artırır, işsizlik səviyyəsini azaldır.
 

Udan çevriliş və hakimiyyət çalxalanmasının qanı simasından daman ölkə yox, guya demokratiya bəxş edən tərəf olur.

Belə ssenarilərin qarşısını almağın yolu komplimentar diplomatiya ilə yanaşı, postsovet məkanında çəkisini itirməmiş, əksinə, təsir rıçaqlarını bir qədər də gücləndirmiş Rusiya ilə normal əlaqələrin qurulması, adekvat siyasətin yürüdülməsidir.


 

Rusiya bazarı Azərbaycan iqtisadiyyatı üçün olduqca sərfəlidir. Avropa Birliyi, yaxud ABŞ-a mal, məhsul və texnologiya ixracı ilə bağlı illüziyalara qapıla bilərik, hətta yaxın vaxtlarda ixracata başlayacağımızı da bəyan edərik.
 

Amma həmin bazarlardakı rəqabət şərtlərinin ağırlığı, tələblərin sərtliyi və s. məqamlara uyğun malların satılması indi faktiki olaraq çətin məsələdir.

Rusiya isə Azərbaycan üçün açıq qapı, böyük bazardır.
 

Bundan başqa, qeyri-rəsmi statistikaya görə, Rusiyada 2 milyondan artıq azərbaycanlının yaşadığını da unutmayaq.

Onlar da rubl alır, rubl verirlər və bu pulların müəyyən qismi elə rubl formatında Azərbaycana göndərilir.
 

Rus rublunun güclənməsindən yararlanmamız üçün Rusiya ilə ticari, sənaye, iqtisadi, maliyyə və bankinq əlaqələri daha da aktivləşdirilməlidir.

Yalnız belə olan təqdirdə rubl güclənəndə manatın da çəkisini artıracaq.
 

Orxan Hun

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.