İqtisadiyyat

Maaşımızın 5 qatından çox kredit kartı ala bilməyəcəyik

7 Avqust 2025 12:54
Baxış: 1 033
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə tənzimləmələrə dəyişiklik edib. AMB-nin yaydığı açıqlamada bunun borclanmanın daha məsuliyyətli və sağlam aparılması, eləcə də əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlığının təmin edilməsi məqsədilə aparıldığı bildirilib.

Milli.Az xəbər verir ki, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında həmin dəyişikliyi şərh edib.

O qeyd edib ki, son dövrlər istehlak kreditləri üzrə yubanmaların səbəblərindən biri də kartlarda müştərinin ödəmə qabiliyyətinə uyğun olmayan kredit xətlərinin açılmasıdır:

"Eləcə də yubanmalar üçün izah edilə bilməyən yüksək cərimə faizlərinin hesablanması da mənfi təsirlər sırasındadır. Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlinə 475 milyon manat idisə, bu göstərici ilin yarısında 527 milyon manatadək yüksəlib. Yəni bu ilin ilk yarısında problemli kreditlərin həcmi 10 faizdən çox artıb. Həmin dövrdə ümumi kredit portfeli 24 milyard 890 milyon manatdan 25 milyard 991 milyon manatadək yüksəlib. Bu o deməkdir ki, həmin müddətdə kredit portfeli cəmi 4,4 faiz artıb".

Deputatın sözlərinə görə, bu həm də problemli kreditlərin həcminin ümumi kredit portfeli ilə müqayisədə 2 dəfə daha çox artması deməkdir: "Bu isə bank sektoru üçün heç də yaxşı dinamika hesab oluna bilməz. Bir tərəfdən də əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artıması müşahidə olunurdu. Təbii ki, bütün bunlar fonunda kredit xətlərinin açılması üçün yeni meyarların müəyyənləşdirilməsinə ehtiyac var idi.

Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Mərkəzi Bank hesab edir ki, bununla banklar preventiv olaraq risklərin qarşısını ala bilərlər. Dəyişikliklərə əsasən, nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir".

V.Bayramov yeni tələbə əsasən deyib ki, bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizindən artıq olmamalıdır:

"Yəni əgər vətəndaşın xalis gəliri 1000 manatdırsa, onun kredit xətti, yəni kart vasitəsilə borclanması 5 min manatdan çox ola bilməz. Təbii ki, vətəndaşın digər borc öhdəlikləri varsa, o da nəzərə alınacaq. Əgər borclanma nağddırsa və təmin olunubsa, o zaman bu qaydalar istisna edilir.

Digər qayda isə "overdraft" limitləri kredit xətləri anlayışına daxil edilərək istehlak kredit kartları üzrə kreditə konvertasiya əmsalının 40% müəyyən edilməsidir. İstehlak kredit xətlərinin balansdankənar hesablarda olduğu müddətdə həmin xətlər üzrə 100% risk dərəcəsi tətbiq ediləcək.

Belə ki, "overdraft" xidməti ilə kart sahibi olan müştəri hesabında olan puldan daha çox pul xərcləyə bilər. Bütövlükdə, vəsaitə ehtiyacı olan borcalan tərəfindən istifadə edilə bilən kreditdir. Nəzərə almaq lazımdır ki, bir sıra banklar "overdraft" xidmətindən istifadə edərək yüksək faizlərlə bəzi kart sahibləri üçün izafi maliyyə yükü yaradırlar. Bu baxımdan, bu istiqamətdə təkmilləşdirmələrin davam etməsinə ehtiyac var.

Bütövlükdə, Mərkəzi Bankın yeni qaydaları təqdirəlayiqdir və vətəndaşların izafi borclanmasını azalda bilər, amma təbii ki, bu istiqamətdə tənizmləmələrin daha da dərinləşdirilməsi prioritet olaraq qalmaqdadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.